Xocalı soyqırımı mədəniyyət ocaqlarında anılıb

 

   Xocalı faciəsinin 20-ci ildönümü bir sıra mədəniyyət ocaqlarında qeyd olunub.

 

   Fevralın 25-də L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində bu münasibətlə «Xocalını yaşadanlar» adlı tədbir keçirilib. Tədbirdə Bakı şəhərində yerləşən 2 saylı Füzuli qaçqın məktəbi şagirdlərinin ifasında vətənpərvərlik ruhunda müxtəlif şeirlər təqdim olunub. Sabunçu rayonu Bakıxanov qəsəbəsinin 309 saylı orta məktəbinin şagirdləri və Nizami Rayon Mədəniyyət Mərkəzinin balaca rəssamları Xocalı soyqırımı ilə bağlı duyğu və hisslərini özlərinin çəkdikləri rəsmlərdə əks etdiriblər. Sonda tədbir iştirakçıları muzeyin ekspozisiyası ilə tanış olublar.

   H.Abbasov adına Mədəniyyət Evi fevralın 24-də Zabrat-1 qəsəbəsi 192 saylı orta məktəbdə «Xocalısız 20 il» adlı tədbir keçirib. Tədbirdə «Vətən daşları» tamaşası nümayiş olunub. Sevinc Əliyevanın «Vətən daşları» hekayəsi əsasında hazırlanan və Bakı Şəhər Xalq Teatrları Festivalında birinci yer qazanmış tamaşanın rejissoru Anar Sadıqovdur. Tamaşada Qarabağ müharibəsində üç oğlunu şəhid vermiş ailənin faciəsindən bəhs edilir.

   Xocalı soyqırımı qurbanlarının xatirəsi Gənc Tamaşaçılar Teatrında da anılıb. Teatrda yazıçı-publisist Vaqif Əlixanlının «Haradasan oğul» əsəri əsasında səhnələşdirilən «Əcəl atı» tamaşası nümayiş etdirilib. Əvvəlcə tamaşanın quruluşçu-rejissoru Ağalar İdrisoğlu Xocalı faciəsi barədə danışıb, torpaqlarımız uğrunda tökülən qanların yerdə qalmayacağına əmin olduğunu bildirib.

   Daha sonra isə tamaşa nümayiş olunub. Kəskin konfliktlər, dramatik məqamlar üzərində qurulan tamaşada Qarabağ müharibəsi, insanların doğma yurd-yuvasından didərgin düşməsindən bəhs olunur.

  

 

   Gülər

 

   Mədəniyyət.- 2012.- 29 fevral.- S. 4.