Xanəndənin
taleyi: Seyid Mirbabayev
Mədəniyyət
tariximizdə elə sənətkarlar olub ki, xalq onlara sevgisindən,
bəzən də digər səbəbdən haqlarında rəvayətlər
yaradıb. Həyatı əfsanələr haləsinə
bürünmüş belə sənətkarlardan biri də
xanəndə Seyid Mirbabayev olub.
Seyid Mirbabayev (əsl adı Mir Tağı olub) 1867-ci ildə Bakıda anadan olub. Dindar ailədə böyüyür.
Mədrəsə təhsili alır.
Erkən
yaşlarından dini məclislərdə yaxından
iştirak edir. Xeyli vaxt atası və böyük qardaşı kimi mərsiyəxanlıqla məşğul
olur. Sonralar musiqiyə maraq
göstərir, xalq məclislərində xanəndə
kimi çıxış
edir. Çox keçmir, məlahətli
və şaqraq səsi ona şöhrət
qazandırır. Ötən əsrin
əvvəllərində Bakının
musiqi həyatında çox tanınır.
Teatr tamaşalarının fasilələrində
və Şərq konsertlərində mahir müğənni kimi çıxış edir.
1906-cı ildə o, Riqanın “Qrammofon” şirkətindən
dəvət alır.
Həmin il
Riqaya gedərək səsini qrammofon vala yazdırır. Həmin vallar Avropanın bir çox şəhərlərinə yayılır.
Bundan sonra xanəndənin şöhrəti dillər
əzbəri olur.
Bakının zəngin ailələri
bir-birinin bəhsinə
onu övladlarının
toyuna dəvət edirlər.
Deyilənə görə, Hacı
Zeynalabdin Tağıyev
də Seyid Mirbabayevin pərəstişkarı
olub. Onu tez-tez evinə
dəvət edib.
Yola salarkən birə-üç haqqını
verər, sonra da deyərmiş:
- Seyid, səsindən muğayat ol, korlanmasın. Bu səs
Allahın sənə
verdiyi ən böyük nemətdir.
Qədrini bilməsən,
sonra peşman olarsan...
Günlərin bir günü
şəhərin zəngin
ailələrindən olan
Şıx Balayevin övladının toy məclisi
olur. Məclisə Seyid Mirbabayevin
musiqi dəstəsi dəvət olunur. Təmtəraqlı məclis qurulur.
Seyid Mirbabayev tarzən Şirin Axundovla məclisi “Segah” muğamı ilə açır. Onlar məclisi necə şənləndirirdisə, hər
havanı oxuyub qurtardıqdan sonra çalğıçılar qavalın
içinə atılan
əsginazları və
qızıl pul şabaşlarını yığıb-yığışdırmağı
çatdırmırlar...
Onu da qeyd edək ki, Seyid
Mirbabayevin “Bala şoranlıq” deyilən yerdə torpaq sahəsi varmış.
O, ərazidə neft quyusu qazdırsa da, bu işdən
bir fayda hasil olmamışdı. Toyun ən şən vaxtında bir nəfər məclisə
daxil olur. Üzünü Seyid Mirbabayevə tutub deyir:
- Ağa, muştuluğumu ver, quyu fontan vurdu!
O gündən
xanəndə Seyid dönüb olur sahibkar Seyid Mirbabayev...
Belə deyirlər ki, bir gün Bakıda
fəaliyyət göstərən
əcnəbi iş adamları qonaqlıq təşkil edir. Ziyafətə şəhərin
bir çox iş adamları
kimi, Seyid Mirbabayev də dəvət olunur. Yeyib-içib şənlənirlər. Sonra bir alman
sahibkarı üzünü
məclis üzvlərinə
tutub deyir: - Necə olardı, Seyid Mirbabayev bir “Segah” oxuyardı.
Biz də feyziyab
olardıq. Əcnəbi qonaqlar buna təəccüb
edirlər. O, bildirir
ki, bəs Seyid əsilzadə deyil. O, əvvəllər
musiqiçi olub. Şəhərdə zəngin ailələrinin
toy şənliklərində xanəndəlik edib.
Seyid bu sözdən
bərk tutulur. Ziyafəti yarımçıq tərk
edir. Bu hadisə
onun əhvalını
dəyişir. Keçmişindən, əlində qaval "Segah" deyib varlı balalarının toyunu aparmasından xəcalət çəkir.
Tarixin yaddaşında xanəndə-artist
kimi qalmasın deyə, vaxtilə Varşava və Riqa şəhərlərində
yazdırtdığı qrammofon
vallarını iki-üç
qat bahasına satın alıb məhv edir. Onun bu hərəkəti sənətinin vurğunu olan Hacı Zeynalabdin Tağıyevi yamanca sarsıdır.
Hətta Hacı özünü saxlaya bilməyib deyib: - Belə şey olar, səsi ilə bülbülləri
susduran, varlığı
ilə fəxr etmək əvəzinə,
xəcalət çəkir?
Heyf o səsdən. Daha oxumayacağı
bəs deyilmiş kimi, hələ Varşavada səsi yazılmış qrammofon
vallarını da satışdan yığışdırıb.
Eh, fani dünya! Demə, sahibkar olandan sonra Seyid səsindən
utanarmış. O gün
yanıma gəlmişdi
ki, Hacı, mənim səsim olan qrammofon valını satın almaq istəyirəm. Çox əsəbiləşdim. Nə qədər
yalvarıb-yaxarsa, qiyməti
birə-yüz artırsa
da, valı ona satmadım. O gün yenə təkrar gəlmişdi ki, Hacı, bəs hamıdan vallarımı geri aldım, səndən savayı. Cavab verdim ki, bala, hər axşam Seyidə qulaq asıb feyziyab oluram. Sonra da ona təklif
etdim ki, sonuncu dəfə bir xeyriyyə konserti versin, oradan yığılan pulu qız balalarımızın
təhsilinə sərf
edək. Razılaşdı. Axırda soruşdum ki, Seyid, baha qiymətə
geri aldığın
valları neylədin?
Başını aşağı
dikib susdu və dedi: "Hacı, hamısını
sındırdım..."
Keçmişinə arxa çevirən
xanəndə Seyid Mirbabayev də digər milyonçular kimi cah-cəlal qurmağa başlayır.
Milyonçulara layiq imarət
tikdirmək istəyir.
Məsləhət üçün Hacı Zeynalabdin Tağıyevin yanına yollanır. Onun məsləhəti ilə Tiflisə gedir. H.Z.Tağıyev kontorunda çalışan
hesabdar Mir Həbibi də ona qoşur.
Qafqaz Canişinliyinə də bir məktub göndərir. Bildirir ki,
bu məktubu Qafqaz Canişinliyi İdarəsinə verərsən.
Bildirərsən ki, Qori Seminariyasını hamiliyə götürürsən...
Seyid Mirbabayev Hacının məsləhətinə əməl
edir. Tiflisə gedib Qafqaz Canişinliyi İdarəsinə
müraciət edir.
Qori Gimnaziyasını hamiliyə
götürmək istədiyini
bildirir. Tiflis şəhərində keçmiş
xanəndənin atdığı
addım böyük bir hadisəyə çevrilir. Yerli qəzetlər
Bakı milyonçusunun
əliaçıqlığından xeyli yazır. Şəhərdə hamı
ondan danışır:
“Varşavada səsi qrammofon valına yazılan ilk azərbaycanlı,
təsadüf nəticəsində
neft milyonçusu olan Seyid Mirbabayev
elmin tərəqqisi üçün yüksək
məbləğli ianə
verdi...".
Haqqında yazılanlardan razı qalsa da, "xanəndə" sözü
Seyidi dilxor edir...
1920-ci il inqilabı zamanı Bakının bir çox milyonçuları kimi, Seyid Mirbabayev də Vətəni tərk etmək məcburiyyətində qalır.
Gedərkən sərvətinin bir
hissəsini özü
ilə Parisə aparır. Gətirdiyi
sərvət bir neçə il
sonra əlindən tamam çıxır. 1929-cu ildə tamamilə
müflisləşir. Bir gün səfil halda Parisin küçələrini
dolaşarkən "Patterqrammofon"
şirkətinin elanına
tuş gəlir.
Elanda şirkət inqilaba qədərki azərbaycanlı
müğənnilərin səsi
yazılmış köhnə
valları satın aldığını bildirir.
Əyin-başı çox pis
vəziyyətdə olan
Seyid şirkətə
girir. Qarşısına
çıxan ilk adama
müraciət edir: - Müsyö, mən elanla bağlı gəlmişəm. Sizə səsi
Varşavada qrammofon valına yazılmış,
tanınmış azərbaycanlı
xanəndə Seyid Mirbabayevin valını gətirə bilərəm.
Yeganə nüsxədir.
Şirkətin
işçisi soruşur:
- Müsyö,
şərtləriniz necədir?
- Yenidən buraxılacaq valların satışından əldə
ediləcək pulun 50
faizi mənə çatacaq. İşçinin üzündə yaranan təəccüb onun diqqətini çəkir. Fikrinə əlavə
edir - Çünki o səsin sahibi mənəm.
İşçi
bu əlavədən duruxur və sakitcə dillənir: - Gedin həmin valı gətirin.
Seyid sevincək şirkətdən
çıxıb yaşadığı
pansiona gedir. Keçmişindən xatirə tək
saxladığı valı
əşyalarının arasından
çıxardır. Bir vaxt ayaqlarının altında
əzdiyi səs indi onu həyata
qaytaracaqdı. Gözlərinin
qarşısına ümid
elədiyi gələcəyini
gətirir... Valı götürüb şirkətə qayıdır.
Təmkinlə içəri keçir.
Dərindən köks ötürür.
Valı şirkətin sahibinə uzadır. Bu an onun əli əsir.
Uzatdığı val titrəyən barmaqlarının arasından
sürüşüb yerə
düşür və
çilik-çilik olur.
Son yaşamaq ümidi gözlərində
ildırım kimi çaxıb sönür.
Heç
bir söz deməyib yerə çökür və bir müddət beləcə qalır.
Birdən kimsə onu səsləyir: “Seyid, qalx ayağa,
ayıbdır. Sənə ağlamaq
yaraşmaz!” Qulaqlarına inanmır. Başını yuxarı qaldırır.
Qarşısında Bakının tanınmış
milyonçusu Teymur bəy Aşurbəyovu görür. Qucaqlaşıb öpüşürlər. O vaxt Teymur bəy
Tehranda yaşayırmış.
Parisə də alış-verişə
gəlibmiş. Teymur bəy
Seyidi özü ilə geyim əşyaları satılan
mağazaya aparır.
Əyin-başını tamam təzələyir.
Sonra yaşadığı mehmanxanaya
gedirlər. Həmin günün
səhəri birlikdə
Tehrana yollanırlar.
Seyid Mirbabayev həmişəlik
Tehranda qalır.
Orada məskunlaşan
bakılıların çayxanasında
xanəndəlik edir...
O, vətəni bir milyonçu kimi tərk edir. Ancaq kasıb bir xanəndə kimi səksən altı yaşında
(1953) Tehran şəhərində dünyasını dəyişir...
Savalan Fərəcov
Mədəniyyət.-
2012.- 4 iyul.- S. 15.