“İpək
Yolu” mədəniyyətləri bir araya gətirdi
Şəkidə keçirilən musiqi festivalında Azərbaycan, Türkiyə,
Gürcüstan, İran
və Cənubi Koreyanın sənət kollektivləri iştirak edib
Xəbər verildiyi
kimi, iyunun 30-da Şəki
şəhərində “İpək Yolu”
III Beynəlxalq musiqi festivalı
açılıb. Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan
Bəstəkarlar İttifaqının və Şəki Şəhər
İcra Hakimiyyətinin birgə təşkilatçılığı
ilə keçirilən musiqi bayramına
Türkiyə, Gürcüstan, İran və Cənubi Koreyanın, eləcə
də Azərbaycanın milli musiqi, folklor və teatr kollektivləri qatılıb.
Mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək zəngin tarixə, qədim dövlətçilik ənənələrinə, yüksək mədəniyyətə malik olan Şəkidə növbəti “İpək Yolu” beynəlxalq musiqi festivalının keçirilməsini ölkənin mədəni həyatında mühüm hadisə kimi dəyərləndiriblər. Qeyd olunub ki, artıq üçüncü dəfədir keçirilən “İpək Yolu” musiqi festivalının öz yolunu yenidən Şəki şəhərindən salmasının önəmli səbəbləri var. Şəki şəhəri 2012-ci ildə TÜRKSOY-un qərarı ilə “Türk xalqlarının qeyri-maddi mədəni irs paytaxtı” elan edilib. Eyni zamanda 2012-ci ildə Azərbaycan və dünya memarlığının nadir incisi hesab olunan Şəki Xan Sarayının 250 illik yubileyi də qeyd edilir. Bu yubileyin Beynəlxalq musiqi festivalı günlərində qeyd olunması respublikamız üçün çox əlamətdar hadisədir.
Festivalın ilk günündə Şəki Xan Sarayının həyətində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı solistlərinin iştirakı ilə Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası əsasında hazırlanmış “Arşınmalçı İpək Yolunda” musiqili hekayət-tamaşa nümayiş etdirilib. Əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluş verdiyi tamaşanın dirijoru və xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, baletmeysteri Xalq artisti Mədinə Əliyevadır. Opera və Balet Teatrının solistlərindən Gülüstan Əliyeva, Fərid Əliyev, Afaq Abbasova, Məhsəti Cabbarova və digər ifaçıların çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Muğam üçlüyünün konserti
və ustad dərsləri
İyulun
1-də Cabbar Qaryağdıoğlu
adına Azərbaycan muğam üçlüyü Şəki şəhərindəki
“Çələbixan” sarayında maraqlı konsert
proqramı ilə çıxış edib.
Xalq artisti Mələkxanım Əyyubovanın xalq artistləri Möhlət Müslümov
(tar) və Fəxrəddin Dadaşovun
(kamança) müşayiəti ilə ifa etdiyi muğam
və xalq mahnıları
tamaşaçılar tərəfindən hərarətli
alqışlarla qarşılanıb. Konsertin
sonunda muğam
üçlüyünə şəhər icra
hakimiyyəti tərəfindən xatirə hədiyyələri
təqdim olunub.
İyulun 2-də Şəki Musiqi Kollecinin konsert zalında Cabbar Qaryağdıoğlu adına Azərbaycan muğam üçlüyünün üzvləri - xalq artistləri Möhlət Müslümov, Fəxrəddin Dadaşov və Mələkxanım Əyyubova kollecin şagirdlərinə ustad dərsləri keçiblər. Bəstəkarlar İttifaqı üzvlərinin və festivala qatılmış xarici ölkə musiqiçilərinin də iştirak etdikləri tədbirdə əvvəlcə kollecin kollektivi konsert proqramı ilə çıxış edib. Orkestr və xorun ifasında Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Üvertura”, “Çənlibel xoru” və digər əsərlər tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Sonra kollecin birinci kurs tələbələri Leyla Əliheydərli kamançada H.Rzayevin “Çahargah” rapsodiyasını, Allahverdi Abdurəhimov və Xəyal Bəkirov tarda A.Dvorjakın “Slavyan rəqsi” əsərini, xanəndəlik sinfinin tələbələri Salatın Qəhrəmanova və Məlahət Mahmudova isə muğam parçaları ifa ediblər.
Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə 2010-cu ildə keçirilmiş birinci festivaldan ötən dövr ərzində kollecin şagirdlərinin musiqi bacarığı və qabiliyyətlərinin xeyli artdığını vurğulayıb. Muğam üçlüyünün üzvləri şagirdlərə tövsiyələrini bildiriblər.
Koreyalı qonaqların
çıxışı maraqla
qarşılanıb
Festival çərçivəsində Cənubi Koreyanın “Buyoqun Cunqnam” milli alətlər ansamblı da konsert proqramı ilə çıxış edib. “Çələbixan” sarayında keçirilən tədbirdə ansamblın rəhbəri Lee Guq Do əvvəlcə ölkələrinin milli musiqi alətləri barədə məlumat verib. Lee Guq Donun piri (nəfəs aləti), Oh Younq Jinin isə zərb alətlərində ifa etdikləri melodiyalar, “kayaqim” milli musiqi alətinin ifaçısı və vokalçı Ko Ae-Limin məlahətli səsi, rəqqasə Kim Bo Younqun milli rəqsləri tamaşaçılar tərəfindən maraqla izlənilib.
Konsertin sonunda Cənubi Koreyanın Azərbaycandakı səfiri Li Ci Ha çıxış edərək festivalın xalqlar arasında dostluq və mədəni əlaqələrin genişlənməsində mühüm əhəmiyyət daşıdığını bildirib. Sonda şəhər icra hakimiyyəti adından ansamblın üzvlərinə xatirə hədiyyələri təqdim olunub.
Türkiyənin sənət
kollektivləri festivala rəng qatıb
İyulun
2-də “Yuxarı Karvansaray” mehmanxana kompleksinin həyətində
Şəki ilə qardaşlaşmış Türkiyənin Giresun şəhər bələdiyyəsi
konservatoriyasının rəqs qrupunun konserti olub. Kollektivin ifa etdiyi rəngarəng folklor
və rəqs nümunələri tamaşaçılar tərəfindən
alqışlarla qarşılanıb. 12 ildir
ki, fəaliyyət göstərən bu kollektivin müxtəlif
yaş qrupları üzrə 140-a
yaxın üzvü var.
Konsertdən sonra Giresun bələdiyyəsinin nümayəndəsi Ömər Cinər çıxış edərək Şəki şəhəri ilə dostluq və qardaşlıq əlaqələrinin on ildən artıqdır ki, uğurla davam etdiyini bildirib. Festivalın yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdıran Ömər Cinər, Şəki şəhəri rəhbərliyini və musiqi kollektivlərini 2013-cü ildə Giresun şəhərində keçiriləcək festivala dəvət edib.
Həmin gün festival çərçivəsində
Türkiyənin “Əl-Kindi”
instrumental ansamblının konserti də olub.
XIX əsrə
aid tarixi-memarlıq abidəsi
“Yuxarı Karvansaray” mehmanxana kompleksinin həyətində təşkil
olunan konserti ansamblın yaradıcısı
və rəhbəri, ərəb sitr (qanun) alətinin virtuoz ifaçısı,
fransız musiqiçisi
Jülyen Bernard Cəlaləddin
Vayss açaraq ansamblın üzvləri və musiqi alətləri barədə
məlumat verib. Qeyd edilib ki, 1983-cü ildə yaradılan bu ansambl orta
əsr ərəb filosofu, riyaziyyatçısı,
astronomu, ərəb Şərqinin ensiklopedik biliyə malik alimi, həmçinin ərəb-müsəlman musiqi
nəzəriyyəsi elminin
banisi Əbu Yusif əl-Kindinin şərəfinə belə
adlandırılıb. Ansamblın tərkibi ənənəvi Şərq
“taxt-şarki” quruluşuna
malik olmaqla, qanun, ud, ney, riqqa (tamburin) musiqi alətlərindən ibarətdir.
Jülyen Vayssın rəhbərliyi
altında “Əl-Kindi”
ansamblı 1990-cı ildən
başlayaraq müxtəlif
ölkələrdən olan
tanınmış musiqiçilərlə
birlikdə ərəb
və türk dillərində dini və dünyəvi mövzularda maraqlı musiqi layihələri, kompozisiyalar hazırlayır.
Jülyen Vayss öz konsert layihələrində
müxtəlif ölkələrdən
olan ifaçılar,
o cümlədən Azərbaycandan
tarzən Malik Mansurovla əməkdaşlıq
edir.
“İpək
Yolu” III Beynəlxalq musiqi festivalı bu gün, iyulun
4-də başa çatacaq.
Mədəniyyət.-
2012.- 4 iyul.- S. 4.