Mədəniyyət
və Turizm Nazirliyi ilə Təhsil Nazirliyi arasında əməkdaşlıq
sazişi
İyulun 2-də Mədəniyyət və Turizm Nazirliyi
ilə Təhsil Nazirliyi arasında əməkdaşlıq
haqqında saziş imzalandı. Sənədi mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev və təhsil naziri
Misir Mərdanov imzalayıblar.
Saziş mədəniyyət və incəsənət müəssisələri, turizm sənayesi üçün peşəkar kadr hazırlığı sahəsində, o cümlədən uşaq yaradıcılıq mərkəzləri, uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin respublikanın qoruq və muzeylərində tarix, diyarşünaslıq və bədii təhsil üzrə səyyar dərslərinin təşkili və digər sahələrdə əməkdaşlığı nəzərdə tutur.
Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və təhsil naziri Misir Mərdanov çıxış edərək son illər ölkəmizdə mədəniyyət, təhsil, turizm sahələrində aparılan məqsədyönlü işlərdən söz açdılar. Sazişin məktəblilərin Azərbaycan mədəniyyətini, tarixini, incəsənətini daha dərindən mənimsəmələri baxımından böyük əhəmiyyət daşıdığını vurğuladılar.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iki nazirlik arasındakı mövcud əməkdaşlıqdan və həyata keçirilən layihələrdən danışdı: “Son vaxtlar ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, forumlar, konfranslar, festivallar onu sübut edir ki, humanitar sahədə ciddi irəliləyişlər var. Bugünkü görüş də humanitar sahənin bir istiqamətinə həsr olunub. İmzalanan sənəd mədəniyyət və incəsənət, həmçinin turizm sahəsini əhatə edir. Azərbaycanda musiqi məktəbləri, incəsənət, rəssamlıq, rəngkarlıq sahəsində təhsilin gücləndirilməsi, turizm sahəsində kadr hazırlığı bizim birgə əməkdaşlıq və səyimizi tələb edir. İmzalanan saziş bu sahədə əməkdaşlığı daha mütəşəkkil və təyinatlı qurmağa imkan verəcək”.
Təhsil naziri Misir Mərdanov da iki nazirlik arasında əməkdaşlıq sənədinin əhəmiyyətini vurğuladı: “Təhsil, mədəniyyət və turizm sahəsinin daha dinamik inkişafına nail olmaq üçün bu əməkdaşlıq önəmlidir. Təhsil və mədəniyyət bir-birinə çox yaxın sahələrdir. Xüsusən son illər geniş inkişaf meyilləri görünən turizmi də buraya əlavə etsək, ortaq məsələlərin nə qədər çox olduğunu görə bilərik. Təhsil ocaqlarında tarix, mədəniyyət, təsviri incəsənət fənlərinin tədrisində ölkədə fəaliyyət göstərən, muzeylər, tarix, mədəniyyət abidələrindən istifadə olunmalıdır. Həmçinin məktəblilərin teatrlara getməsi üçün şəraitin yaradılması, uşaqların maraq dairəsinə uyğun tamaşaların səhnələşdirilməsi məsələlərini də gündəmə gətirmək lazımdır. Ümid edirəm ki, qarşılıqlı əməkdaşlıq bir çox istiqamətlərdə davam etdiriləcək”.
Qeyd olundu ki, hər iki nazirliyi təmsil edən işçi qrupu tərəfindən hazırlanmış sazişdə birgə konfrans, seminar və dəyirmi masaların təşkili, turizm elminin inkişaf etdirilməsi, elmi tədqiqatların dəstəklənməsi, uşaq və gənclərin beynəlxalq standartlara uyğun təhsil almaları və digər məsələlər öz əksini tapıb.
Tərəflər respublikanın turizm, mədəniyyət və incəsənət sahələrinin peşəkar mütəxəssislərə olan tələbatını nəzərə alaraq, aidiyyəti ali və orta ixtisas məktəblərinə tələbə qəbulu üzrə dövlət sifarişinin hazırlanmasının tənzimlənməsi, həmin müəssisələrdə kadrların hazırlıq işinin təkmilləşdirilməsi, gənc mütəxəssislərin işlə təmin olunması qaydalarının müəyyənləşdirilməsi və s. sahələrdə əməkdaşlığın prioritet istiqamətlərini müəyyənləşdirmişlər.
Reyhan İsayeva
Mədəniyyət.-
2012.- 2 iyun.- S. 3.