Dörd əsrin sənət yaddaşı

 

   Şəki Xan Sarayı - 250

  

   XVIII əsr milli memarlığımızın qənirsiz incisi olan Şəki Xan Sarayı XXI əsrin əvvəlində yenə öz möhtəşəmliyi ilə görənləri heyran edir. Şəkiyə ayaq basan qonaqların ziyarət etdikləri ilk məkan Şəki Xan Sarayıdır.

  

   1762-ci ilin yadigarı sayılan bu sənət əsəri Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Məhəmməd Hüseyn xanın dövründə bina edilib. Hüseyn xanMüştaqi” təxəllüsü ilə şeirlər yazdığından, bəzi mənbələrdə bu sarayMüştaqi imarəti” kimi qeyd olunur. 1759-1780-ci illərdə Şəkinin xanı olmuş Məhəmməd Hüseyn xan Müştaqi babasının ənənələrini davam etdirərək Şəkidə neçə-neçə saray, məscid, mədrəsə tikdirib. O, yazdığı poetik əsərlər kimi, tikdirdiyi binaların daş və kərpiclərinin, ağac və şəbəkələrinin rənginə, naxışına, ölçüsünə həssaslıqla yanaşırdı.

   Şəki Şəhər “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən Xan Sarayı dünyada analoqu olmayan tarixi-memarlıq abidəsidir. Saray 2 mərtəbədən, 6 otaqdan, 4 dəhlizdən, 2 güzgülü eyvandan ibarətdir. Mərtəbələr eyni quruluşludur: mərkəzdə böyük salonsalonun hər iki mərtəbəsindəki dəhlizlərə bitişik yan otaqlar. Sarayın birinci mərtəbəsinin divanxana otağındakı tavanı 5524 ədəd taxta parçasından həndəsi fiqur şəklində düzəlib. Onların birləşdirilməsində yapışqan və ya mismardan istifadə olunmayıb. Sarayın cənuba baxan baş fasadının şəbəkə tipli pəncərələri binaya xüsusi gözəllik verir. Pəncərə şəbəkələrinin həndəsi ornamentli fiqurları, onlara vurulan müxtəlif rəngli şüşələr fasadın digər ornamentli səthləri ilə uyğunlaşır.

   Şəki Xan Sarayı eyni zamanda Azərbaycan rəssamlıq və xalq tətbiqi sənətinin nadir incilərindəndir. Onun divarları müxtəlif mövzulu rəsmlərlə bəzədilib. N.Gəncəvinin “Xəmsə”sinin motivləri əsasında çəkilmiş şəkillər, ovdöyüş səhnələri, təbiət və müxtəlif ornamentlərlə zəngin rəsmlər saraya xüsusi gözəllik verir. Burada həmçinin saray əhlinin və kəndlilərin həyatını təsvir edən səhnələr əksini tapıb. Şəki Xan Sarayının divar rəsmlərində əsasən göy, qırmızı, qızılı və sarı rənglərdən daha çox istifadə edilib.

   Saraya müxtəlif vaxtlarda naxış vurmuş rəssamlardan beşinin adı bizə məlumdur. Birinci mərtəbədə salonun naxışlarının xeyli hissəsi 1895-1896-cı illərdə şamaxılı rəssam və nəqqaş Mirzə Cəfər tərəfindən işlənib. İkinci mərtəbədəki zala vurulan naxışların çoxu ustad Abbasqulunun və şuşalı rəssam usta Qəmbərin adı ilə bağlıdır. Bundan başqa, Şəki Xan Sarayında ikinci mərtəbənin yan otaqlarının naxışlarında şamaxılı Əliqulu və Qurbanəlinin adları da yazılıb.

   Zaman-zaman Şəki Xan Sarayını ziyarət edən əcnəbi qonaqlar onun əsrarəngiz gözəlliyinə heyranlıqlarını gizlətməyiblər. 1850-ci illərdə burada olmuş məşhur fransız yazıçısı Aleksandr Düma sarayı görəndə deyib: “Tanrıdan diləyim budur ki, bu sarayı bədxah insanlardan qorusun”. 1952-ci ildə M.F.Axundzadənin 140 illik yubiley tədbirinə qatılan böyük türk şairi Nazim Hikmət sarayla bağlı təəssüratlarını bu cümlələrlə bildirib: “Əgər Azərbaycanda ayrı bir tikili olmasaydı, təkcə Şəki Xan Sarayını bütün dünyaya göstərmək kifayət edərdi”.

   Bu gün 250 yaşını qeyd edən Şəki Xan Sarayı yenə dünyanın müxtəlif yerlərindən təşrif buyurmuş çoxsaylı qonaqların əhatəsindədir.

 

 

   Mədəniyyət.- 2012.- 15 iyul.- S. 16.