Beynəlxalq simpoziumda mədəniyyətimiz təqdim olunub

 

   Xəbər verdiyimiz kimi, iyunun 8-dən 17-dək Rusiya Federasiyası Tatarıstan Respublikasının Yelabuqa şəhərində VII beynəlxalq incəsənət simpoziumu keçirilib.

  

   Tatarıstan Mədəniyyət Nazirliyinin, TÜRKSOY-un, Yelabuqa dövlət tarixi-arxitektura və bədii qoruq-muzeyinin təşkilatçılığı ilə keçirilən simpozium tatarBeşik nəğmələri”nin (“Bişiek jırı”) müasir rəngkarlıqda təcəssümü mövzusuna, “Rusiya Tarixi İli”nə, Tatarıstan tarixi-mədəni irsinə və məşhur rəssam İ.İ.Şişkinin anadan olmasının 180 illiyinə həsr olunub.

   Tədbirdə ölkəmizi Beynəlxalq Muzeylər Şurası (İCOM ) Azərbaycan Milli Komitəsinin üzvü, Astara Rayon Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi Əfqan Şəfiyev, rəssam Firudin Quliyev və Cəfər Cabbarlı adına Dövlət Teatr Muzeyinin əməkdaşı Nazim Məmmədov təmsil ediblər. Simpoziumda tədbirdə Əfqan Şəfiyev Azərbaycan xalqının qədim folklorundan qaynaqlanan beşik mədəniyyəti və laylalar, onların ailənin formalaşmasında əhəmiyyətli rolu, müasir rəngkarlıqda bu mövzunun əksi, ölkəmizin zəngin mədəni irsinin dünyada geniş şəkildə tanıdılması, təbliği istiqamətində həyata keçirilən işlər barədə məruzə edib.

   Tədbirdə dünyanın müxtəlif ölkələrini təmsil edən iştirakçılar mənsub olduqları xalqın beşik mədəniyyətini çəkdikləri rəsmlərin əsasında sərgiləyiblər. Həmin əsərlər yerli rəsm qalereyasına təqdim olunub. Azərbaycanlı rəssam Firudin Quliyevin yağlı boya ilə kətan üzərində çəkdiyi “Allah yer kürəsini beşik yaratmışdır” və “Böyüyəndə anam kimi olacağam” rəsmləri, Nazim Məmmədovun “Ana qucağı” və “Layla” əsərləri maraqla qarşılanıb.

   Simpozium qonaqları Yelabuqa şəhərində tatarların “Sabantuyxalq bayramında iştirak ediblər. Azərbaycan heyəti Tatarıstanın Yelabuqa, Naberejni-Çelnı, Neftokamsk şəhərlərində yaşayan azərbaycanlılarla birlikdə 15 İyun - Milli Qurtuluş Günü münasibətilə keçirilən tədbirlərə də qatılıblar.

  

 

   Sakitağa Kərimov,

   Astara” qəzetinin baş redaktoru

 

   Mədəniyyət.- 2012.- 6 iyul.- S. 15.