Naleyi-ney,
nəğmeyi-tar
İlkinlər
Milli musiqi alətlərinin
şahı sayılan tar haqqında görkəmli Azərbaycan
şairi Seyid Əzim Şirvani yazırdı:
Guş qıl, ey ki, bilirsən özünü vaqifi-kar,
Agah ol, gör ki nədir: naleyi-ney, nəğmeyi-tar.
Məsələ də ondadır
ki, istər neydən, istərsə də tardan qopan həzin
musiqiləri dəlicəsinə sevmək, ona vurğun kəsilmək
mümkündür. Amma tarın sirlərindən baş
çıxarmaq, möcüzəsinə vaqif olmaq, sinənə
sıxaraq simlərdə tufan qoparmaq hər kəsə müyəssər
olan xoşbəxtlik deyil. Azərbaycan musiqi tarixində
çox məşhur tarzənlər var ki, onların hər
biri öz adını mədəniyyətimizə
qızıl hərflərlə həkk edib. Bununla bərabər,
nəinki Azərbaycanda, eləcə də Cənubi Qafqazda
«tarın atası» sayılan bir şəxsiyyətin adı həmişə
ehtiramla çəkilir - Sadıqcan!
Görkəmli Azərbaycan bəstəkarı
Əfrasiyab Bədəlbəyli yazırdı: «Əgər nəzərə
alsaq ki, muğamların ifasında tar çalğı alətləri
içərisində əsasdır, onda Mirzə
Sadığın tarının son nəticədə Azərbaycan
musiqi sənətinin inkişafında dönüş
yaratdığını inamla demək olar. Mirzə
Sadıqdan başlayaraq Azərbaycan muğamlarının
mahiyyəti, onların ifadə vasitələri, təsir
gücü və ifa üsulları yeni bir mərhələyə
qalxmışdır. Mirzə Sadıq Azərbaycan musiqi
tarixində yeni bir səhifə açmışdır».
Mirzə Sadıq Əsəd
oğlu 1846-cı ildə Şuşa şəhərində
anadan olub. Ailələri maddi cəhətdən o qədər
də imkanlı olmayıb, atası gözətçi işləyib.
Şuşa kimi bir mühitdə böyüyən
Sadığın hələ uşaq yaşlarından incəsənətə,
musiqiyə sonsuz həvəsi olub. Ata oğlundakı gözəl
səsi duyaraq onu Xarrat Qulunun məktəbinə qoyub.
Şuşanın bu məşhur xanəndəsi yeniyetmənin
səsini yoxlayaraq məlahətli avazından xoşu gəlib
və məktəbinə qəbul edib. Xalq
mahnılarını özünəməxsus şəkildə
oxuyan Sadığın 18 yaşında səsi qəflətən
batır. Amma musiqiyə, sənətə
bağlılığı onu ruhdan salmır. Bir müddət
tütək, ney, sonra da kamança çalıb. Bu alətləri
gözəl dinləndirsə də, özünü ancaq tarda
tapıb. Unudulmaz müğənnimiz Bülbülün
yazdığına görə, Mirzə Sadığın tar
müəllimi XIX əsrdə yaşamış məşhur
tarzən Əli Əsgər olmuşdur. İri əlləri,
uzun və güclü barmaqları olan Sadıq qısa
müddət ərzində istedad və qabiliyyətinin sayəsində
bu sənətin sirlərinə yiyələnərək hətta
müəllimindən da yaxşı tar çala bilib.
Ustadı Əli Əsgər şagirdinin bu istedadına sevinərək
qibtə ilə deyərmiş: «Kaş mənim var-dövlətim
Sadığın, onun barmaqları isə mənim olaydı».
Mirzə Sadıq Şuşada fəaliyyət
göstərən ədəbi məclislərdə tez-tez
iştirak edərdi. Xurşidbanu Natəvanın, Mir
Möhsün Nəvvabın yaratdıqları «Məclisi-üns»
və «Məclisi-fəramuşan»ın üzvləri
arasında Mirzə Sadığın xüsusi yeri vardı.
Şeir söyləyənlərin ifasını Mirzə
Sadıq öz tarında çox həssaslıqla
müşayiət edərdi. Demək olar ki, bu məclislərin
yaraşığı idi Mirzə Sadıq. Onu Şuşada o
qədər çox sevirdilər ki, bu səbəbdən də
hamı ona «Sadıqcan» deyə müraciət edərdi. Xalq rəssamı
Lətif Kərimovun «Musiqi lüğətinin izahı»
adlı əsərindən məlum olur ki, XVIII əsrdən
etibarən Yaxın Şərq ölkələrində, o
cümlədən Azərbaycanda xalq tərəfindən
yüksək dərəcə sevilən və qiymətləndirilən
xanəndə və sazəndələrə «can» kimi yüksək
ad və yaxud təxəllüs verilərdi. Belə bir əzizləmə
Mirzə Sadıqdan başqa bir məşhur müğənniyə
müyəssər olmuşdur. Bu da məşhur xanəndə
Əbdülbaqi Zülalov (Bülbülcan) idi.
Sadıqcan həm kamançada, həm
də tarda o dövrün məşhur xanəndələrini
müşayiət edərdi. Artıq onun sorağı
Qarabağdan kənara çıxmışdı. Cənubi
Qafqazda, Şərq dünyasında Sadıqcanı
yaxşı tanıyırdılar. Onu tez-tez öz məclislərinə,
toylarına, xeyir işlərinə dəvət edərdilər.
Sadıqcanın adı Cabbar Qaryağdıoğlu kimi xanəndə
ilə yanaşı çəkilirdi. 1880-ci ildə Təbrizdə
Nəsrəddin şahın oğlunun toy mərasiminə dəvət
alan Mirzə Sadıq xanəndə Hacı Hüsü ilə
birlikdə elə gözəl məclis aparıblar ki, Hacı
Hüsü ən yaxşı xanəndə, Sadıqcan isə
ən gözəl tarzən sayılaraq Nəsrəddin şah
tərəfindən «Şiri-Xurşid» qızıl medalı
ilə təltif olunub. Görkəmli bəstəkar Ağalarbəy
Əliverdibəyov qələmə aldığı «Xatirələrim»
adlı əsərində yazıb ki, Təbrizdə Nəsrəddin
şahın məclisində məşhur bir tarzən
Sadığı yarışa çağıranda Sadıq
tarın bütün pərdələrini kəsib. Bunu görən
tarzən yarışdan imtina edərək Sadığın
barmaqlarından öpüb.
Musiqi tədqiqatçısı Əbdülhəmid
Babayev yazırdı: «Mən ilk dəfə Sadıqcanı
1897-ci ildə Bakıda - İçərişəhərdə
Hüseynbəy Ağayevin toyunda gördüm. Cəmi Qafqazda
belə gözəl tar çalan olmayıb. Sadığın
çox gözəl camalı var idi. Ucaboy, enlikürək və
cüssəli idi. O, məclisə çox ədəb və ərkanla
girərdi. Camaat ona sonsuz hörmət bəslərdi. Onun əlində
o qədər qüvvə var idi ki, tarı çox zaman
mizrabsız çalardı».
Sadıqcanın gözəl
çalğısı haqqında eşidən
şamaxılı Mahmud ağa onu Şirvana dəvət edib.
Bir müddət Şamaxı məclislərində məharətli
ifası ilə özünə çoxlu pərəstişkar
qazanan Sadıqcanın paxıllığını çəkənlər
də olur. Təbiətən xeyirxah və nəcib olan
Sadıqcan həcvlərə dözməyərək
Qarabağa qayıdıb. Mahmud ağa Sadıqcanın getməsindən
çox kədərlənib. Bu səbəbdən də
Şirvanda böyük nüfuza, hörmətə sahib olan
Seyid Əzim Şirvanidən xahiş edib ki, Sadıqcanı
geri qaytarmaqda ona kömək etsin. Seyid Əzim məktub yazsa
da, ismarıc göndərsə də, Sadıqcan geri
qayıtmır. Hətta Mahmud ağa tarzəni qonaq da
çağırıb, amma Sadıqcan sözündən
dönməyib. O zaman Xurşidbanu Natəvan da
Sadıqcanın xətrini həddən artıq istəyirmiş.
Demək olar ki, Sadıqcan Xan qızının məclislərinin
yaraşığı idi. «Məclisi-üns» də
Sadıqsız keçinməzdi. Deyilənlərə görə,
Sadığın üstündə Mahmud ağa ilə Natəvan
arasında uzun illər yazışma olub. Mahmud ağa
Sadıqcanı öz yanına çağırırdı,
Xan qızı da tarzəni öz məclislərindən getməyə
icazə vermirdi. İş o yerə çatıb ki, Seyid Əzim
Şirvani Sadıqcanın arxasınca Şuşaya üz
tutub. Onun iştirak etdiyi toy məclislərinin, el şənliklərinin
şahidi olub. Gözləri ilə görüb ki, Şuşa
necə də gözəl bir şəhərdir. Şənlikləri
də çox qeyri-adi keçir. İlhama gələn Seyid Əzim
Şirvani Şuşa haqqında belə bir beyt də söyləyib:
Şəhri-Qarabağa Şişə
qoymuşlar ad,
Bu şəhər pərilərdən
olubdur abad.
Təxsiri-pəri Şişədə
qalmaq xoşdur,
Amma bu pərilərin əlindən
fəryad.
Azərbaycan musiqi tarixinin əvəzsiz
tədqiqatçısı Firudin Şuşinski
yaradıcılığı boyu bir neçə dəfə
Sadıqcan haqqında kitab çap etdirib. Firudin
Şuşinskiyə qədər Sadıqcan barəsində ətraflı,
dərin və mükəmməl əsər yazmaq heç kəsə
qismət olmayıb. Unudulmaz Firudin müəllim
yazırdı: «Sadıqcan sözün ən geniş mənasında
novator tarzən idi. O, təxminən 1870-1875-ci illərdə
tar üzərində hərtərəfli yenidənqurma
aparıb. Yəni o, tarın təkmilləşdirilməsi
üzərində işləyərək quruluşunu dəyişmişdir.
Tarın qolunda olan bir çox artıq pərdələri
atıb 17 pərdə saxlamış, səsini gücləndirmək
üçün birinci qoşa ağ simin və qoşa
sarı simin hərəsindən bir oktava yuxarı zil səslənən
iki cüt cinkənə simi əlavə etmişdir. Tarın
rezonansını artırmaq, həm də lazım gəldikdə
səsləndirmək üçün sarı simdən bir
oktava aşağı, yəni bəm səslənən bir
qalın sarı boş sim də artırdı. Bundan əlavə,
tarın qolunun yuxarısında, yəni kəlləyə
yaxın yerdə əlavə pərdə bağlamaqla «lal
barmaq» üslubunu da icad etdi».
F.Şuşinskinin
yazdığına görə, Sadıqcana qədər
tarı adət üzrə diz üstündə qoyub əyilərək
çalardılar. Sadıqcan bu bəsit qaydanı sıradan
çıxardaraq həmin alətin tarixində ilk dəfə
onu sinə üzərində çalmağa başladı.
Sadıqcana qədər tarın beş simi var idi. O, tara
altı sim də əlavə edərək 11-ə
çatdırdı. Əlbəttə, bu böyük
ustadın tar ifaçılığında
yaratdığı yeniliklər Cənubi Qafqaz və Orta Asiya
tarzənləri tərəfindən məmnuniyyətlə qəbul
edildi. Onun yaratdığı yeni tar daha gözəl, daha
mükəmməl idi. Məhz Sadıqcan tar sənətinin
inkişafında yeni bir mərhələ açdı. Onun
çaldığı musiqilər də, havalar da əvvəlkilərdən
qat-qat fərqlənirdi.
Bəziləri tardan danışarkən
onun yarandığı dövrləri müxtəlif ölkələrə
aid edirlər. Bu barədə F.Şuşinski «Azərbaycan
xalq musiqiçiləri» adlı kitabında yazıb: «Bəzən
tarın tarixi haqqında danışanlar heç bir elmi və
arxiv sənədlərinə əsaslanmayan söz-söhbətə
yol verirlər. Mötəbər tarixi mənbələrə əsaslanıb
deyə bilərik ki, tarı miladın X əsrində
Türküstan türklərindən Tərxanın oğlu Məhəmməd
Carco şəhərinin Fərab adlı bir kəndində
düzəltmişdir».
Tarda səslənən musiqilər
o qədər qeyri-adi, qəlbə yatımlı oldu ki, ondan
yalnız türkdilli xalqlar deyil, eyni zamanda ərəb, fars, əfqan,
hind, ləzgi və başqaları da istifadə etdilər. Beləliklə,
türk əllərindən həyat vəsiqəsi alan tar
milli musiqi alətlərimizin şahı oldu. Onu təkmilləşdirən,
ona yeni həyat gətirən isə şuşalı
Sadıqcan adını mədəniyyət tarixinə əbədi
yazdı.
Məşhur türk
musiqişünası Rauf Yektabəy Sadıqcanın tara gətirdiyi
yenilikləri yüksək dəyərləndirərək
yazırdı: «Tarzənlikdə dahi olan Sadıq beş simli
tara altı sim əlavə edib onu zənginləşdirərək
şöhrətini dünyaya yaydı».
Sadıqcan təkcə toy şənliklərində
çalmırdı. O, həm də Tiflisdə, Şuşada
göstərilən teatr tamaşalarında da tarzən kimi
çıxış edirdi. Hətta həmin dövrün
afişalarında da bu barədə məlumat var. Tiflisdə
çıxan «Kavkazskoe obozreniye» adlı qəzeti 1886-cı il
29 dekabr nömrəsində Mirzə Fətəli Axundzadənin
tamaşaya qoyulan «Müsyö Jordan və dərviş Məstəli
şah» adlı komediyasının səhnə həlli barədə
belə bir məlumat yayıb: «Komediya səhnədə
sönük keçdi. Tamaşanı maraqlı edən əsasən
sazəndələr idi. Tarda bütün Zaqafqaziyada birinci tarzən
sayılan məşhur Sadıq çalırdı. Onun
çalğısı aydın, sənətkarlıq cəhətcə
dəqiq, güclü və məlahətli idi. Yaxşı
olardı ki, bizim bəstəkarlar Sadığın Tiflisə
gəlməyindən istifadə edib ondan Şərq
havalarını öyrənələr. Bu isə onlara yeni əsərlər
yazmaqdan ötrü yaxşı material ola bilər».
Azərbaycan muğamlarına bir
sıra yeniliklər gətirən Sadıqcan «Segah»
muğamını inkişaf etdirərək ona «Zabul» pərdəsini,
«Mirzə Hüseyn» segahına isə «Müxalifi» əlavə
etmiş, «Mahur»u daha da təkmilləşdirmişdir. Məhz Sadıqcandan
başlayaraq Azərbaycan muğamlarının mahiyyəti,
onun ifadə vasitələri, təsir qüvvəsi, ifa
üsulu yeni bir pilləyə qalxdı. Sadıqcanın Azərbaycan
musiqisi tarixində açdığı yeni səhifə, əslində
bir məktəb idi. Bəzi yazılarda Sadıqcanın bəstəkar
kimi də fəaliyyət göstərdiyindən
danışılır. O, «Orta Segah» və «Bayatı-Şiraz»
muğamlarına bir neçə rəng bəstələmişdi.
1897-ci ildə Şuşada dini «Şəbeh» üslubunda
musiqili «Leyli və Məcnun» tamaşasının
qoyulmasında yaxından iştirak edib. Dahi Üzeyir Hacıbəyli
həmin tamaşa ilə əlaqədar yazırdı ki, məhz
bu «şəbeh»lər sonralar Azərbaycan muğam
operasının yaranmasında əhəmiyyətli rol
oynadı.
XIX əsrin 90-cı illərində
Şuşada özünün ansamblını yaradan,
dövrünün məşhur
çalıb-oxuyanlarını bu kollektivə toplayan Sadıqcan
bir ustad kimi ardıcıllarını da yetişdirirdi. Məşədi
Zeynal, Malıbəyli Həmid, Məşədi Cəmil,
Qurban Pirimov, Şirin Salyanlı kimi məşhur musiqi xadimləri
öz dərslərini məhz bu unudulmaz ustaddan aldılar.
Şuşa musiqi aləminin qəribə
məziyyətləri var. Deyirlər ki, Sadıqcan tarı elə
çalarmış ki, quşlar da cəh-cəh edərmiş.
Bu barədə Qurban Pirimov yazırdı: «Bir gün Sadıq
məndən xahiş etdi ki, onun üçün
Gülablıdan bir bülbül gətirim. Mən də bir
şeyda bülbül, bir də qaratoyuq apardım. Bir gün gəlib
gördüm ki, o, qaratoyuğun qabağına bir güzgü
qoyub. Özü isə kənarda durub tar çalır.
İndiki kimi yadımdadır. O qaratoyuqların çöldə
oxumalarına bənzəyən bir təsnif
çalırdı. Güzgüdə öz şəklinə
tamaşa edən qaratoyuq birdən başladı oxumağa. Mən
təəccübdən yerimdə quruyub qaldım. Sadıq belə
sənətkar idi. O, görünməmiş bir möcüzə
idi».
Sadıqcan həm də maraqlı
bir şəxsiyyət olub. Onun sənəti barədə,
özü haqqında Qarabağda çoxlu rəvayətlər
yaranıb. Hətta şəninə dastanlar da söylənilib.
1901-ci ildə Şuşada birinci Şərq konserti
keçirildi. Bu mərasimdə iştirak edən tarzənlərin
sırasında ilk dəfə Sadıqcan «Mahur» çaldı.
O dövrün qəzetlərində, musiqişünasların
xatirələrində bu çalğının qeyri-adiliyi
haqqında qeydlər var. Bir il sonra - 1902-ci ildə Azərbaycan
tarının atası, öz sehrli barmaqları ilə rəngarəng
musiqilər yaradan, xalqın ürəyində abidə ucaldan
Sadıqcan 56 yaşında Şuşada vəfat etdi.
Flora
Xəlilzadə,
yazıçı-publisist
Mədəniyyət.-
2012.- 6 iyul.- S. 13.