Ədəbiyyatımızın
canlı həyat ədibi
Nəcəf
bəy Vəzirovun öz həyatı da bir yaşam dramı,
elegial komediya, ələm romanı...
Tale-“müəllif” onu həyat məşəqqətlərinin
bütün “mövzu”larında işləmiş, tragikliyin
“personaj”lığından tutmuş “baş qəhrəman”lığına
qədər - hər dürlü rollara çəkmişdir.
Elə bir az da buna görə bu
yazını onun “2 aprel 1854” majorlu olum ünündən “9
iyul 1926” minorlu ölüm gününə saxladım...
Ədəbiyyatşünaslığın
üç hissəsindən biri (“ədəbiyyat tarixi”)
göstərir ki, Nəcəf bəy Vəzirov Azərbaycan
dramaturgiyasının təşəkkül və
inkişafında, ədəbiyyat və publisistikamızın
ideya-estetik məzmununun, bədii sənətkarlıq keyfiyyətlərinin
zənginləşməsində, milli teatrımızın
formalaşmasında müstəsna xidmətləri olmuş
görkəmli simadır. Əlavə edilir ki, orijinal
yaradıcılıq nümunələri və yorulmaz ictimai fəaliyyətilə
xalqın təkcə maariflənməsinə, dünya
sivilizasiya şəbəkəsinə daha aktiv
qovuşmasına deyil, həm də onun milli azadlıq hərəkatına
ruhən və əmələn kömək edən bu sənətkar
ədəbiyyatımızda faciə janrının əsasını
qoymuş, Azərbaycanın canından-qanından
çıxmaq bilməyən çəpərçilik,
elatçılıq kimi feodal-patriarxal düşüncələrə
qarşı maarifçilik hərəkatının
öncüllərindən olmuşdur.
Şünaslığımızın nəzəriyyə
və ədəbi tənqid hissələrində də N.Vəzirov
sənəti və şəxsiyyəti haqda yalnız xoş
sözlər, fəxarətli rəylər söylənilir. Bu
böyük məzə-məzhəkəli,
uğur-buğurlu, qeyrət-namuslu komediyanəvis, dramaturq və
ictimai xadimin tale “irsi” isə, dinməzcə-söyləməzcə,
bütün bu xoşluqların “əksinə” olaraq, cismani, mənəvi
və qəribə səslənsə də, ictimai-mühiti
naxoşluqlar ərz edir, bu qadir sələfin qədirbilən
tələflərini onun -
“Vay şələküm-məlləküm”
əsərinin
ad-lad ovqatı üstdə də kökləyir, ədibliyi
yalnız məsud məşhurluq,
səadət səltənəti,
zəngin peşə-iaşə
süfrəsi sayanlara
bir balaca istiot da dadızdırır...
Gələcəyin
böyük ədibi,
sovet ədəbiyyatının
öz “xoşbaxt” sosializm oxucularına fəqir-füqəra, “valideynlərini
erkən itirmə” yarlıqları ilə tanıtmağa çalışdığı əksər sənətkarlardan
fərqli olaraq, gözünü açıb
ata-anasını sağ
görsə də, onlar sağlam olmamışlar. Atası
- bütün Şuşada
bacarıqsız, “quru
bəy” kimi tanınan Fətəli xəstə, anası - yanından yel ötməmiş yorğan-döşəyə
düşən Mina xanım isə bu yeganə oğlunu “sağaldıb məktəbə göndərmək”
azar-bezarlısı. Ancaq
balaca Nəcəfin səhhəti ananın bu arzusunu beş-altı
il gözündə qoyur. Onun madar
balası on iki yaşının tamamında məktəbə
getsə də, yazıb-oxumağı çox
tez bir zamanda
öyrənə bilsə
də, dini təhsilindən ayrılıb
Şuşa şəhər
mülkiyyət məktəbində
oxumağa başlasa da, xəstəhallıq haləsi onu kölgə kimi izləyir. Üstəgəl, mülkiyyə məktəbində
bəxtinə düşən müəllimin amansız rəftarı!
Nəcəf öz qabiliyyətilə bu rəftarın hədəfinə
çevrilməsə də,
həmin despot-müəllimin
uşaqları yerli-yersiz
döyməsi, “jandarmeyera
tipində işgəncələr
verməsi” onu bu məktəbdən uzaqlaşmağa məcbur
edir.
Bunlar həyat-müəllifin qələmə
almadığı milyonlarla
pyeslərdən bir “şəkil”mi? “Pərdə”lər
isə hələ qabaqda...
...Tarixi “səbəblər və nəticələr” aspektindən
yanaşsaq, həmin o
məktəbdən və
sonralar baş verən sovuşma-qaçışmalar,
bezmə-dözmələr balaca Nəcəfi, cavan Nəcəf bəyi, ahıl Nəcəf bəy Vəzirovu böyük ədibliyə, “müqtədir
maarifçi”liyə, “alicənab ictimai xadim”liyə yaxınlaşdırırmış.
Nəcəf bəy onu yoran
yollardan çəkilmir,
üzünə gülməyən
bəxtdən küsmür,
canının daimi “atribut”u olan xəstəliklərdən bezikib,
onu ani dincəliş,
uzunmüddətli istirahət
tələblərinə tabe
olmurdu.
Amma hələ usanmalar, hər şeydən çəkinmələr, uzaqlaşmalar...
Xəstəliklərin
doğurduğu ruh düşkünlükləri, artıb-azalan
səhhət zəifləmələri
bu qəlbiqırıq
yeniyetməyə imkan
vermirdi ki, qanadısınıq könül
quşu həyatın
vacib budaqlarına qonsun. Onun həmin
məktəbdən uzaqlaşmasını
ətraf, hətta bəzi yaxın qohumları
belə tənbəlliyi,
bacarıqsızlığı, çətinlikdən qorxması
kimi qiymətləndirirlər.
Bununsa, yeniyetmə psixologiyası üçün
nə demək olduğunu bilmək üçün o qədər
də böyük olmağa ehtiyac yoxdur. Həmin qohumlardan biri kənd-kəsəkdə mirzəlik
edib ata-anasını dolandıra bilməsi üçün Nəcəfə
rusca yazıb-oxumağı
öyrətmək fikrinə
də düşür.
Lakin içi istedad və qürur hisslərilə dolu bu oğlan
bu kimi neçə-neçə
sədəqə-qayğıları qəbul etmir, on beşcə yaşındaykən - bütün
bu müsibəti-Nəcəfliklərə
qalib gəlmək eşqilə - onu “Müsibəti-Fəxrəddin” müəllifliyinə
ucaldası paytaxta gəlir.
Şəhərlər...
müsibəti-səfərlər...
Şuşa - Bakı - Moskva - Sankt-Peterburq - Yelizavetpol - İrəvan...
Bunlar bütün ömrü uzunu milli-mənəvi qayğı və təəssüb yükü
daşımış Nəcəf
bəy Vəzirovun “yol vərəqəsi”nə
düşmüş şəhərlərin
bir qismidir.
Elə buradaca vurğulanmalıdır
ki, bu səfərlərin
birinci dayanacağı
- Bakı - çox maraqlı, xeyli xoştəəssürat, mənən
məhsuldar olmuşdur.
Əvvəla, burada verdiyi imtahan yüksək qiymətləndirilərək,
real gimnaziyanın birbaşa ikinci sinfinə qəbul edilmişdir. Qeyri-adi bilik və bacarığı
hesabına sonuncu sinifdəykən, əlaçı
şagird-müəllim sifətilə
dövlətli uşaqlarına
dərs deyib, çörəkpulu qazanmışdır.
Gimnaziyada oxuyarkən,
təkcə buranın
yox, artıq bütöv bir millətin müəllimi kimi tanınmaqda olan, şagirdlərə yalnız sinif dərsi yox, bütöv həyat məktəbi
öyrədən Həsən
bəy Zərdabi ilə aralarında çox yaxın, milli nüanslarla süslənmiş dostluq münasibətləri yaranır.
Zərdabinin söhbətləri,
elmi-ictimai, həyati-fəlsəfi
görüşləri gənc
Nəcəfin təbiət
elminə yönəlib-yiyələnməsində
təhrikedici məsləhət
rolu oynayır. O, rus və dünya
yazıçılarının əsərlərini oxuyur,
klassik təbiətşünaslıq
nəhənglərinin elmi-metodoloji
qənaətlərini axtarıb-arayıb,
peşəkar bir həvəslə mənimsəyir.
1874-cü ildə
real gimnaziyanı bitirən Nəcəf təhsilinə davam üçün Rusiyaya gedir. Əlbəttə, bir il öncə
Bakıdakı bir “hadisə”ni də düşüncələrinə əbədi yol yoldaşı etmək şərtilə. Sonralar müəllifin o “hadisə”ni
vəsf edən xatirələrindən ikicə
cümlə: “1873-cü ildə
- altıncı klasda oxuduğum zaman birinci dəfə rus teatrına getdim. O gecə mənə nəhayət dərəcədə təsir
etdi...”
Beləliklə,
çətin həyat
dramından çıxıb,
teatral səhnəyə
vurulmuş bu gənc dünyanın ictimai-siyasi, sosial-sentimental
səhnələrinə üz
tutmalı olur. Yığcam Qala-Şuşadan,
yarımada-bəlasəda Bakıdan
birbaşa imperiya paytaxtına düşən
iyirmi yaşlı Nəcəf ilk olaraq “Velikoderjava! Əyalətlərində
rəzalət, mərkəzində qüdrət...” kimi təəssüratlara
qapılır. Sonralar
bərk dostlaşdığı
Əsgər ağa Gorani ilə birlikdə Peterburqa gedib Əkinçilik İnstitutuna qəbul olmaq istəyir. Lakin bir neçə
səbəbdən bu istəyinə nail ola bilmir, yenidən
Moskvaya qayıdıb Petrovski-Razumovski Meşə
və Təbiətşünaslıq
Akademiyasına daxil olur. Tələbəliyi Rusiyada azadlıq hərəkatının genişləndiyi
illərə təsadüf
edir. Hələ Bakıda ikən H.Zərdabinin milli azadlıq düşüncələrilə
yüklənmiş Nəcəf
bu ümumbəşəri
ideya-mübarizənin Moskva
qolundan kənarda qala bilmir. Qızğın
inqilabi mühitə düşən bu cənublu tələbə
siyasi təkamül fikirli gənclərlə dostlaşır, təhsil aldığı ali məktəb daxilində baş verən ictimai-siyasi çıxışlarda,
qeyri-leqal təşkilatlarda
iştirak edir. 1878-də
Akademiyanı bitirib Qafqaza təyinat alan Nəcəfin elə həmin il Bakıda yaratdığı (H.Zərdabinin
təşəbbüs və xeyir-duası ilə) “İmdadiyyə” dərnəyi
isə tarixi faktdır ki, bu, onun Moskva
inqilabçılığı rüşeymlərindən bəhrələnmişdi.
Bu rüşeymlər,
siyasilikdən çox
mənəvi-mədəni inqilabçılıq
həsb-halları N.Vəzirovu
bütün ömrü
boyu bir nəfəs belə tərk etməmişdir. Həmin milli-mənəvi-fəlsəfi
duyğular mübarizə
yollarında daim onun müqəddəs arzu-əməl yüklərinin
əyilməsinə, bəzən
aşınıb-aşmasına səbəb olmuşdur. Bunca böyük çalışma-çarpışmalar, ədəbi-bədii məhsullar
müəllifi, hətta
mahiyyətcə, “taleyin
ironiyası” təsiri
bağışlayan meşəbəyi
“vəzifə”lərindən xaric olunma (iki
dəfə) “şərəf”inə
də nail olmuşdur. Elə İrəvan quberniya idarəsində tibb şöbəsinin katibi, Qazaxda “mübahisəli işlər şöbəsi”ndəki
kargüzarlıq görəvləri
də N.Vəzirovun fizioloji topuğundan, ictimai-sosioloji səviyyə
qoltuğundan çox-çox
aşağı vəzifələr
idi...
...Və yuxarıdakı hal-əhvallardan
mövqe və mahiyyətcə çox yuxarı olan -
Aşağıdakı mətləb-məramlar
Özü də hər mənada. Əsasən də bu mənada
ki, yuxarıda - çəkdiyi əzab-əziyyətlərin,
yaşadığı həyat
məşəqqətlərinin bir qisminə toxunulan N.Vəzirovdan həmin bu “aşağıdakı” yarımbaşlıqda
yalnız sənət
nəhənglərimizdən biri olaraq bəhs
ediləcək. Özü
də çox qısaca. Çünki onun bütün söz kimsələri üçün işlədilən
“həyat və yaradıcılığı” trafaretinin
ikinci tərəfi teatrsevər və ədəbiyyatbilər oxucularımıza kifayət
qədər bəllidir. Onun orijinal ədəbi üslubu, təkrarsız remarkaları (məs.,
“əşxaslar gəlir”,
“gədələr gedirlər”)
dövrünün sosial-material
aləmi ilə birgə, psixoloji, regional-leksikoloji rəngarəngliyini
də tablo-peyzajvari şəkildə sərgiləyir...
Böyük ədib dünyada əbədi qalası əsərlər üzərində
çaba-çalışmalardan vaxt kəsib, qəzet və jurnallarda “gündəlik tələbat” mövzularına
da qələm çalırdı. “Həyat”,
“İrşad”, “Açıq
söz”, “Tazə həyat” və digər qəzetlərin oxucuları “Dərviş”
və s. imzalarla çıxış edən
Nəcəf bəyin məqalələrini
də Həsən bəy, Mirzə Cəlil, Üzeyir bəy, Mirzə Ələkbər yazıları
qədər sevgi və maraqla izləyirdilər. Lakin o, sözdən çox göz ovuna aludə olan dövrün səhnəsi
üçün daha artıq işləməyə
səy edirdi. O, müstəbid-müsibətli zəmanə
“Pəhləvanani-zəmanə”liyə,
“Müsibəti-Fəxrəddin”liyə, “Yağışdan çıxdıq,
yağmura düşdük”lüyə
daha çox aşiq idi və
bir tərəfdən
də bütün bu mənəvi mübarizələri cismani
xəstəliklərlə müşayiət
olunan ömrün sonları idi...
...1926-cı ilin
yayı. Tələbələrini
təcrübə məşğələləri
üçün həmişəki
eşqlə Şamaxıya
- Çuxuryurda aparmış
N.Vəzirov iyulun 9-da,
saat 19-da ürək partlamasından vəfat edir.
...Səksən
altı ildir ruhuna rəhmət oxuyanlara qoşulanlardan biri də bəndəniz:
-
Tahir Abbaslı
Mədəniyyət.- 2012.- 6 iyul.-
S. 12.