Əməli
ilə tanınan sənətkar
Bir neçə il bundan əvvəl
televiziya ilə növbəti kino verilişini apararkən
tamaşaçılara ekrandan Əlisəttar Məlikovun
fotoşəklini göstərib onu tanıyanların
redaksiyamıza zəng vurub haqqında məlumat vermələrini
xahiş etmişdim. Zəngdən sonra Əlisəttar müəllimin
oğlu Dadaş Məlikov redaksiyaya müraciət etdi. Beləliklə
də kino tariximizdə iz qoymuş bu insan haqqında xeyli
material əldə edə bildim.
Aktyor, rejissor Əlisəttar Muradəli oğlu Məlikov 1892-ci ildə Bakıda anadan olmuşdur. Əmək fəaliyyətinə 20-ci illərdə Türk İşçi Teatrında başlamışdır. Bu teatrın səhnəsində Azərbaycan və xarici ölkə dramaturqlarının klassik və müasir əsərlərində müxtəlif səpgili rollar ifa etmiş, o cümlədən “Paris Notr-Dam kilsəsi” tamaşasında təlxəyin, “Bürünc büt”də polkovnik Olbiricin, “Balta haqqında poema”da Yevdokimin, “Tufan”da poruçik Yalavoyun, “Yanğın”da kolxoz sədri Tərxanın, “Hind qızı”nda Diksonun obrazlarını yaratmışdır.
Aktyor Ə.Məlikovun kinoya gəlişinin tarixçəsi də maraqlıdır. 30-cu illərin əvvəllərində “Azərfilm” kinostudiyasında 26 Bakı komissarı haqqında bədii filmi çəkmək üçün Gürcüstandan tanınmış rejissor N.Şengelaya dəvət olunur. O, filmə aktyorları seçərkən, Türk İşçi Teatrında gənc aktyor Əlisəttar Məlikovun iştirak etdiyi tamaşaya baxır və ona bolşevik rolunu tapşırır. “26 komissar” filminin çəkilişləri, kinostudiyada olan işgüzar ab-hava Ə.Məlikovun o qədər xoşuna gəlir ki, o, həmişəlik “Azərfilm” studiyasında işləməyə qərar verir. Beləliklə, ilk film, ilk rol onun həyatını bütünlüklə kinematoqrafiyaya bağlayır.
Bundan sonra Ə.Məlikov
kinoda iki istiqamətdə fəaliyyət göstərir. Birinci istiqamət
kinoaktyor, ikinci istiqamət rejissor assistenti, II rejissor kimi.
Kinoaktyor kimi o,
1933-cü ildə “Neft simfoniyası” sənədli filmində
çəkilmişdir. Filmdə göstərilir
ki, Bakının yaxınlığında, Lökbatanda iri
neft yatağı aşkar edilir. Bununla əlaqədar
buruq qazılır və neftçilərin səbirsizliklə
gözlədikləri gün gəlib çatır, neft fontan
vurur. Neftçilər sevinir, bir-birlərini
təbrik edirlər. Neftçilərdən
birinin rolunu Ə.Məlikov oynayır.
Bundan sonra o, rejissor
M.Mikayılovun “İsmət” filmində (1934) bortmexanik Məmmədov
rolunda çəkilir. Aktyorun
yaratdığı surət insanları yeni həyat
quruculuğuna səsləyir. O, yeniliyin simvolu kimi yadda
qalır.
Böyük
dramaturqumuz C.Cabbarlı eyniadlı əsəri əsasında
yazdığı “Almaz” ssenarisini bir rejissor kimi
ekranlaşdırmağı öz üzərinə
götürmüşdü. Buna görə
də o, əvvəlcədən naturanı seçmiş, hətta
rolları da aktyorlar arasında özü
bölüşdürmüş, Barat roluna Əlisəttar Məlikovu
təsdiq etmişdi. C.Cabbarlının qəfil
vəfatı filmin çəkilişini ləngitsə də,
rejissorlardan A.Quliyev və Q.Bakinski bu işi başa
çatdırdılar. Biz ekranda Ə.Məlikovu
Barat rolunda gördük.
1930-cu il. Azərbaycanın uzaq dağ kəndi. Kəndə işləməyə gələn gənc
müəllimə Almaz burada yeni quruluşun inkişafı və
möhkəmləndirilməsi yolunda əngəllər və
çətinliklərlə qarşılaşır. Kənddə eyni zamanda kollektivləşmə ilə
əlaqədar sinfi mübarizə gedir. Belə
bir təzadlı və çətin vaxtda gənc Barat - Ə.Məlikov
Almaza dayaq və arxa olur. İmkanı
daxilində quruculuq işlərində, artelin təşkilində
ona köməklik edir. Qolçomaq Hacı
Əhməd və onun tapşırıqlarını kor-koranə
yerinə yetirən Kərim kimilərdən Almazı qoruyur.
Film səssiz olsa da, aktyor yeni quruluşun tərəfdarı
olduğunu, ona görə də canla-başla Almaza kömək
etdiyini öz oyun tərzi ilə tamaşaçıya
çatdıra bilir.
Sovet hökumətinin
kinematoqrafçılar qarşısında qoyduğu ən
mühüm vəzifələrdən biri tarixi-inqilabi janrda
filmlərin istehsalına daha çox diqqət yetirməkdən
ibarət idi. Bu elə bir dövr idi ki,
sovet hökuməti bu janra xüsusi əhəmiyyət verir,
mövcud quruluşun nailiyyətlərini hər vasitə ilə
bütün dünya xalqlarına çatdırmaq istəyirdi.
Bu məsələdə kinematoqraf onun əlində
ən etibarlı rupor idi. Ona görə də
20-30-cu illərdə Sovet İttifaqında, o cümlədən
Azərbaycanda bu janrda xeyli film yaradılmış, bolşevik
surəti filmlərdə əsas sima olmuşdur.
Rejissor V.Turinin 1938-ci
ildə lentə aldığı “Bakılılar”
tarixi-inqilabi kinoepopeyadır. Film 1905-ci ildə Bakıda
baş verən inqilabi hadisələrə, çar mütləqiyyətini
devirmək uğrunda aparılan mübarizəyə həsr
edilmişdir. Filmin süjet xətti fəhlə
Cəfərin taleyi və onun tədriclə bolşeviklər
sırasına keçməsi üzərində
qurulmuşdur.
Filmdə Əlisəttar
Məlikov Cəfərin dostu, bolşevik rolunda çəkilmişdir.
Digər tarixi-inqilabi
ekran əsərini - “Kəndlilər” filmini Azərbaycanın
ilk professional kinorejissoru S.Mərdanov çəkmişdir.
Bu filmdə də mülkədar kəndlinin
başına oyun açır. Rus fəhləsi
kəndliləri inandırmağa çalışır ki,
“Müsavat” hakimiyyəti (Azərbaycan Xalq Cümhuriyyəti -
red.) devrildikdən sonra torpaq bəylərin, xanların əlindən
alınıb kasıblar arasında
bölüşdürüləcək, onlara heç kəs
ağalıq etməyəcəkdir. Filmin
sonunda göstərilir ki, XI Qızıl Ordu zirehli qatarla Azərbaycana
daxil olur. Öz nicatını bu ordunun gəlişində
görən kəndlilərdən ibarət süvari dəstələri
ölkəmizin içərilərinə doğru sürətlə
şütüyən qırmızı bolşevik
qatarını müşayiət edirlər. Bolşevik ordusunu sevinclə qarşılayanlardan
biri də bolşevik Rəhimdir. Filmin
baş qəhrəmanı aşıq Göydəmirin
silahdaşı Rəhimin surətini aktyor Ə.Məlikov
yaratmış, Rəhimə xas olan nikbin əhval-ruhiyyəni,
xarakterindəki insani keyfiyyətləri incə ştrixlərlə
göstərə bilmişdir.
“Bakılılar” və
“Kəndlilər”dən fərqli olaraq “Yeni horizont” bədii
filmi müasir mövzudadır. Rejissorlardan
A.Quliyev və Q.Braginskinin 1940-cı ildə çəkdikləri
film Bakı neftçilərinin həyatından, onların
yeni neft yataqları kəşf etmələrindən
danışır. Bu ekran əsərində
Ə.Məlikov öz müasiri olan Rüstəm Abbasov rolunda
çəkilmişdir.
Böyük Vətən
müharibəsi illərində film qıtlığı
olmasına baxmayaraq, Ə.Məlikov bir aktyor kimi üç
filmdə çəkilmişdir. “Vətən oğlu”
filmində arxa cəbhədə gecə-gündüz
çalışıb cəbhəyə daha çox neft verməyə
çalışan neftçi, “Bəxtiyar” filmində (1942)
poçtalyon və “Bir ailə” kinoalmanaxında dalğıc
Məmməd rollarını oynamışdır.
Müharibədən
sonra, 1947-ci ildə rejissor Y.Dziqan lentə aldığı “Fətəli
xan” tarixi-bioqrafik filmində Ə.Məlikova ən gözəl
obrazlardan birini - Hüseyn xan obrazını tapşırdı.
Fətəli xana xəbər
çatır ki, İran şahının fitvası ilə
Şirvan xanı ona xəyanət edib. Xəyanət
edəni isə cəzalandırırlar. Ona
görə də Quba xanı Fətəli xanla Şəki
xanı Hüseyn xan birləşib Şirvan xanını məğlub
edirlər. Əsas mətləb də elə
buradan başlanır.
Şəki xanı deyir: “Fətəli
xan, Şirvanı məğlub etmişik. Onu
yarı bölməliyik. Mənim
qılıncımın payını ver”. Fətəli
xan cavabında: “Hüseyn xan, biz torpaqları parçalamaq
yox, birləşdirməliyik”. Bundan sonra
Hüseyn xan Fətəli xana düşmən kəsilir.
Əlisəttar Məlikov
bu obrazı elə çılğınlıqla, elə
ehtirasla ifa edir ki, fikirləşirsən ki, o, aktyor yox, elə
Hüseyn xanın özüdür. Gözlərinə
baxanda hiss edirsən ki, fürsət düşən kimi o, Fətəli
xandan intiqam alacaqdır.
Bəli, Ə.Məlikovun
ifasında Hüseyn xan çox yaddaqalan və maraqlı
obrazlardan biri kimi Azərbaycan kino tarixinə
düşmüşdür.
Aktyoru digər
respublikalara da çəkilişlərə dəvət
edirdilər. O, “Türkmənfilm” kinostudiyasının
istehsal etdiyi “Mən qayıdacağam” bədii filmində
Qurban rolunda oynamışdır. “Mosnauçfilm”
(Moskva) kinostudiyasının çəkdiyi “Qazma rejimi”
elmi-kütləvi filmində qazma ustası rolunda
çıxış etmişdir.
Aktyor Ə.Məlikov
Bakı kinostudiyasında filmlərə çəkilməklə
yanaşı, 1948-ci ildən rejissor assistenti kimi də fəaliyyət
göstərirdi. Bununla bağlı “Doğma
xalqımıza” bədii-sənədli filminin
quruluşçu rejissorlarından biri H.Seyidzadənin
1954-cü ildə yazdığı xarakteristikada deyilir: “Azərbaycanın
Əməkdar artisti, yoldaş Məlikov Əlisəttar
“Doğma xalqımıza” rəngli filmində rejissor assistenti
vəzifəsində çalışmışdır. Yoldaş Məlikovun istehsalat təcrübəsi
böyükdür. O, yeddi bədii və çoxlu
kinooçerklərdə işləmişdir. Yoldaş
Məlikov bədii kinematoqrafiya sahəsində professional səriştəyə,
rejissor assistenti üçün vacib olan təşkilatçılıq
bacarığına malikdir. Həm də
o, təşəbbüskarlığı ilə fərqlənir”.
Əlisəttar müəllim
“Doğma xalqımıza” bədii-sənədli filmindən
başqa, “Almaz” (1936), “Kəndlilər” (1939), “Bəxtiyar”
(1942), “Sualtı qayıq T-9” (1943), “Arşın mal alan” (1945),
“O olmasın, bu olsun” (1956), “Mahnı belə yaranır” (1957),
“Kölgələr sürünür” (1958), “Böyük
dayaq” (1962) kimi bədii və bir neçə sənədli
filmdə rejissor assistenti, “Bir qalanın sirri”
film-nağılında (1959) II rejissor işləmiş, Azərbaycan
kinosunun inkişafı naminə əlindən gələni əsirgəməmişdir.
Bakı kinostudiyasının
yaradıcılıq bölməsinin büro sədri
M.Dadaşovun 1955-ci ildə yazdığı
yaradıcılıq xarakteristikasında əsl kino adamı
olan Ə.Məlikovun yaradıcılıq fəaliyyəti barədə
deyilir: “Yoldaş Ə.Məlikov Bakı kinostudiyasının ən
qocaman işçilərindən biridir. Kinoaktyor
olaraq o, eyni zamanda bir çox filmdə rejissor assistenti kimi də
işləmişdir. O, filmin hazırlığı
dövründə və pavilyon çəkilişləri
zamanı, ən başlıcası isə olduqca çətin
ekspedisiya şəraitində çəkilişlərin təşkilində
və keçirilməsində əvəzolunmaz rejissor
assistentidir. Əməksevərdir, kütləvi,
qrup çəkilişlərinin əla təşkilatçısıdır.
Bir çox filmlərdə topladığı təcrübə
onu bizim studiyanın ən yaxşı rejissor assistentlərinin
sırasına çıxarmışdır”.
Müdriklərdən biri
demişdir: “Kişinin qiyməti əməli ilə
ölçülür”. Əlisəttar Məlikov
belə insanlardan idi.
Uzun ömür sürmüş,
79 il yaşamış Ə.Məlikovun
böyük ailəsi var idi; ailədə dörd uşaq olub
- üç oğlan, bir qız. Oğlu Murad
kinostudiyada rejissor assistenti işləyirdi, həm də filmlərə
çəkilirdi. O, artıq dünyasını dəyişmişdir.
Digər oğlu Dadaş təqaüdçüdür.
Ə.Məlikovun 20-dən
çox nəvə və nəticəsi vardır. Nəvələri müxtəlif vəzifələrdə
çalışırlar, hamısı da ziyalıdır.
Nəvələrindən biri - Akif Məlikov Azərbaycan
Dövlət Opera və Balet Teatrının direktorudur. Digər nəvəsi - Həsən Zəkizadə
uzun müddət məktəb direktoru olub, hazırda isə
orta məktəbdə riyaziyyatdan dərs deyir. Həsən müəllimin oğlu, Ə.Məlikovun
nəticəsi Şahin Zəkizadə bu gün ulu
babasının yolunu davam etdirir, televiziya rejissorudur. Əlisəttar müəllimin qardaşı Qəzənfər
Azərbaycanda ilk sirk artistlərindən biri olub. Onun çıxışlarını nəinki
respublikamızda, həm də Sovet İttifaqının hər
yerində alqışlarla qarşılayırdılar.
Bu il anadan olmasının 120
illiyini qeyd etdiyimiz cəfakeş insan, aktyor və rejissor Əlisəttar
Məlikov qohumlarının, kino işçilərinin
yaşlı nəslinin yaddaşında, çəkilişində
əməyi olan onlarla filmdə və müxtəlif filmlərdə
oynadığı rollarda yaşayır. Belə
sənətkarları unutmaq olmaz. Çünki
unutsaq, özümüz də unudularıq.
Aydın
Kazımzadə,
Əməkdar
incəsənət xadimi
Mədəniyyət.-
2012.- 6 iyul.- S. 10.