“İpək
Yolu” festivalı ölkəmizin mədəni
həyatında mühüm hadisəyə
çevrildi
İyunun 30-dan iyulun 4-dək Şəki
şəhərində “İpək Yolu”
III Beynəlxalq musiqi festivalı keçirilib. Mədəniyyət
və Turizm Nazirliyinin,
Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki
Şəhər İcra Hakimiyyətinin
birgə təşkilatçılığı ilə
gerçəkləşən sənət bayramında Azərbaycanla
yanaşı, Türkiyə, Gürcüstan,
İran və Cənubi Koreyanın musiqi, folklor və teatr kollektivləri iştirak
edib.
“Festival
qonaqların yaddaşında xoş hadisə
kimi qalacaq”
“İpək Yolu” festivalı Şəki şəhəri sakinlərinin və xarici qonaqların yaddaşında xoş hadisə kimi qalacaqdır. İnanıram ki, dünyanın bir sıra ölkələrindən Azərbaycana gələn tanınmış musiqiçilər festivaldan xoş təəssüratla ayrılacaqlar”.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində festival barədə fikirlərini belə ifadə edib.
Nazir bildirib ki, 2010-cu ildə Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin təşəbbüsü ilə irəli sürülən bu ideya artıq üçüncü dəfədir ki, gerçəkləşir. Festival artıq nazirliyin tədbirlər planında da özünəməxsus yer tutub: “İpək Yolu” festivalı ölkənin mədəni həyatında mühüm hadisəyə çevrilib. Fərəhli haldır ki, festival iştirakçılarının sayı ildən-ilə artır, bu musiqi bayramında təmsil olunan ölkələrin coğrafiyası genişlənir. Ən əsası odur ki, festivala gələn tamaşaçıların marağı da artmaqdadır”.
Nazir festivalın Şəki Xan Sarayının 250 illik yubiley tədbirləri ilə bir vaxta təsadüf etməsini əlamətdar hadisə kimi qiymətləndirib. Festival konsertlərinin gerçəkləşdiyi XIX əsrə aid tarixi-memarlıq abidəsi “Aşağı Karvansaray” kompleksinin dövlət başçısının göstərişi ilə gözəl şəkildə təmir-bərpa olunduğunu nəzərə çatdıran Ə.Qarayev “Bu, bizi çox sevindirir. Bundan sonra burada mədəni-kütləvi tədbirlərin, konsertlərin keçirilməsi mümkün olacaq”, - deyə bildirib.
Nazir karvansarayda aparılan bərpa işlərinin hələ davam edəcəyini, burada müasir hotelin yerləşdirilməsi üçün müvafiq iş aparılacağını deyib.
“Erisioni”
ansamblı şux rəqsləri ilə tamaşaçıları
valeh edib
Festival çərçivəsində yaddaqalan konsert proqramlarından biri iyulun 3-də “Aşağı Karvansaray” kompleksində Gürcüstanın məşhur “Erisioni” akademik folklor mahnı və rəqs ansamblı tərəfindən təqdim olunub. Əsası 1885-ci ildə görkəmli gürcü ədibi, maarifçisi və mütəfəkkiri İlya Çavçavadzenin təşəbbüsü ilə qoyulmuş “Erisioni” ansamblını “folklor muzeyi” də adlandırırlar. Ansambl mövcud olduğu müddətdə dünyanın bir çox ölkəsində gürcü folklorunu böyük uğurla nümayiş etdirib. 1999-cu ildə amerikalı prodüser Cim Lou və fransız Paskal Jordan gürcü ansamblı ilə maraqlanaraq bu musiqi kollektivinin iştirakı ilə unikal şounun yaradılmasına nail olublar. Ansambl “Gürcü əfsanəsi”, “Günəşli Gürcüstan haqqında nağıl” və s. adlı şou proqramını ABŞ, Fransa, Belçika, İsveçrə, Rusiya, Ukrayna və s. ölkələrdə təqdim edib.
Hazırda ansamblın heyətində müxtəlif nəsillərdən olan yüzə yaxın artist çalışır. Ansamblın bədii rəhbəri Gürcüstanın Xalq artisti, Dövlət və Şota Rustaveli mükafatları laureatı Camal Çkuaşeli, baş xoreoqrafı Xalq artisti, Dövlət və Ş.Rustaveli mükafatları laureatı Revaz Çoxonelidzedir. Kollektivin yüksək peşəkarlıqla ifa etdiyi şux və oynaq rəqslər, çoxsəsli gürcü xorunun bənzərsiz ifası, balaca nağaraçalanların məharəti, teatrlaşdırılmış musiqili kompozisiyalar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Azərbaycan Televiziyası və
Radiosu Xorunun konserti
Azərbaycan Televiziyası və Radiosunun Cahangir Cahangirov adına
xoru da maraqlı
konsert proqramı ilə çıxış
edib. Şəki Xan Sarayının
həyətində təşkil
olunan konsertin tamaşaçıları arasında
Milli Məclisin deputatları, incəsənət
xadimləri olublar.
Azərbaycan Televiziyası və
Radiosunun Xoru
1936-cı ildə dahi
bəstəkar Üzeyir
Hacıbəyli tərəfindən
yaradılıb. Kollektivin ilk bədii
rəhbəri Cahangir Cahangirov olub. İlk dövrlərdə kollektivin
repertuarı xalq mahnılarının xor üçün işləmələrindən
ibarət idi. İndi isə xorun repertuarı Azərbaycan bəstəkarları və
dünya klassiklərinin
əsərləri ilə
zənginləşib. Kollektivin bədii rəhbəri və dirijoru Şəhla Ələkbərovadır.
Konsertdə ilk
dəfə olaraq tamaşaçılara Cəlal
Abbasovun qaboy, zərb alətləri və qarışıq xor üçün “Bahar mərasimi” kantatası və Məmməd Cəfərovun
Yunus İmrənin və Hüseyn Cavidin sözlərinə xor, solist və
orkestr üçün
yazılmış 3 nömrəli
kantatası təqdim olunub. Proqrama həmçinin Frensis Leyin “Kişi və qadın” kinofilmindən musiqi, Asəf Zeynallının “Ölkəm”, Aqşin Əlizadənin “Al çuxa”,
“Bayatılar”, Frans Şubertin “Ave Mariya”, Səid Rüstəmovun “Alagöz”, Üzeyir Hacıbəylinin “Ey, Vətən!”, habelə “Aman ovçu” və “Güləbatın”
xalq mahnıları daxil idi. Sonda kollektivə
Şəki Şəhər
İcra Hakimiyyətinin
xatirə hədiyyəsi
təqdim olunub.
“Acəmlər”in çıxışı
maraqla qarşılanıb
Festival iştirakçısı olan
İranın “Acəmlər”
instrumental qrupunun konserti
də yaddaqalan olub. Konsertdən əvvəl Bakı
Musiqi Akademiyasının
professoru, Əməkdar
incəsənət xadimi
Zümrüd Dadaşzadə
instrumental qrupun fəaliyyəti
barədə məlumat
verib. Qeyd olunub ki, “Acəmlər” adlandırılan
İran musiqiçiləri
Osmanlı sultanları
tərəfindən XIV-XV əsrlərdə
Tehran, Bağdad və
digər şəhərlərdən
İstanbula gətiriliblər.
Acəmlər vasitəsi ilə
musiqilər, o cümlədən
Səfəvi dövrünə
aid bəstəkarlıq üslubunun
bəzi xüsusiyyətləri
Osmanlı paytaxtında
uzun müddət yaşayıb.
“Acəmlər”
ansamblı 2011-ci ildə
Araş Mohafez tərəfindən keçmiş
acəmlərin fars musiqi estetikasına əsaslanan repertuarını ifa etmək və lentə almaq məqsədilə yaradılıb.
Bu layihənin əsas
məramı musiqinin yalnız vaxtilə ifa olunduğu tərzdə bərpası
deyil, həmçinin
qədim musiqinin bədii dilini fars klassik
musiqi dilinə çevirməkdən ibarətdir.
Ansamblın üzvlərindən
Araş Mohafezin santur musiqi alətində,
Fərid Xaradməndin
bəndir və tömbək alətlərində,
Behnaz Behnamnianın udda, Farşad Tavakolinin setarda, Şiva Abadinin kamançada ifa etdikləri musiqi nömrələri tamaşaçıların
böyük marağına
səbəb olub.
Festivala Azərbaycan musiqi çələngi ilə yekun vurulub
İyulun 4-də “Aşağı Karvansaray” tarixi-memarlıq
kompleksində festivalın
bağlanış mərasimi
olub. Mərasimdə
Azərbaycan Televiziyası
və Radiosunun Niyazi adına
simfonik orkestri geniş konsert proqramı ilə tamaşaçılar qarşısında
çıxış edib.
Orkestrin bədii rəhbəri və baş dirijoru Əməkdar incəsənət xadimi
Azad Əliyev, solistlər
Əməkdar artist Gülnaz
İsmayılova, İlahə
Əfəndiyeva və
Ramil Qasımovdur.
Proqrama Üzeyir Hacıbəylinin
“Koroğlu” operasından
üvertüra, Qara Qarayevin “Leyli və Məcnun” simfonik poeması, Fikrət Əmirovun “Azərbaycan elləri”, “Azərbaycan kapriççiosu”,
Səid Rüstəmovun
“İntizar”, Musa Mirzəyevin
“Bayram atəşfəşanlığı”
və Niyazinin “Qaytağı” əsərləri
daxil edilib.
Konsertin sonunda festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar
İttifaqının sədri
Firəngiz Əlizadə
çıxış edərək
“İpək Yolu” III Beynəlxalq musiqi festivalının Azərbaycanın
mədəni həyatında
çox mühüm hadisə olduğunu bildirib, festivalın yüksək səviyyədə
keçirilməsini təmin
etdiklərinə görə
Şəki Şəhər
İcra Hakimiyyətinin
rəhbərliyinə minnətdarlığını
bildirib.
Mədəniyyət.-
2012.- 6 iyul.- S. 9.