Qusarlı
sənətsevərlərin doğma evi
Tarixən öz tolerantlığı ilə seçilən Azərbaycanda müxtəlif xalqlar, millətlər birgə yaşayıb, onların mədəni irs və milli-mənəvi dəyərləri qarşılıqlı şəkildə zənginləşərək inkişaf edib. Hələ sovetlər dövründə, mədəniyyətlərarası dialoq və qloballaşma kimi anlayışların problem kimi qabardılmadığı vaxtlarda belə respublikamızda yaşayan müxtəlif xalqların təmsilçiləri öz mədəniyyətlərini, adət-ənənələrini və dillərini qoruyub saxlaya biliblər. Çünki bunun üçün münbit şərait olub.
Bu proses Azərbaycan müstəqillik əldə etdikdən sonra daha yüksək səviyyədə davam etdirilir, hər bir xalqın, icmanın təmsilçisinin özünü bu respublikanın vətəndaşı kimi hiss etmələrinə zəmin yaradılır. Özünəməxsus sənət yolu olan Qusar Dövlət Ləzgi Dram Teatrının zəngin yaradıcılıq fəaliyyəti də buna bariz misaldır. 1963-cü ildən rayon mədəniyyət evi nəzdində xalq teatrı kimi fəaliyyətə başlayan sənət ocağı Nazirlər Kabinetinin 3 iyul 1992-ci il tarixli qərarı ilə dövlət teatrı statusu alıb.
Qusarlı aktyor, tamaşaçıların “Qızmar günəş altında” filmindən (Aydın) yaxşı tanıdıqları Əkbər Fərzəliyevin Mədəniyyət Nazirliyi tərəfindən rayona göndərilməsi Ləzgi Xalq Teatrının təşkilini sürətləndirdi, o, qısa zamanda rayonun teatr həvəskarlarını öz ətrafına toplayaraq səhnə əsərlərinin hazırlanmasına başladı. 1964-cü ildə elə Əkbər Fərzəliyevin quruluşunda «Gülzada» və «Dibirov hirslənir» adlı əsərlər səhnəyə qoyuldu və yerli tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.
Teatrşünaslar 1965-1970-ci illəri Ləzgi Xalq Teatrının inkişafında parlaq dövr kimi qiymətləndirir və bunu teatrın ətrafına istedadlı, teatrı sevən insanların cəm olması ilə xarakterizə edirlər. Təsadüfi deyil ki, xoreoqrafiya ustaları Qəni Qəniyev, Əskər Əmirəhmədov, müğənni və səhnə ustaları Nora Əlimova, İmaməli İlyasov, Qiyafəddin Hacıyev, Pəri Həbibullayeva, Rəhimxan Qaraxanov məhz bu teatrın səhnəsində püxtələşiblər. Məhz onların sayəsində xalq teatrı səhnəsində onlarla əsərə səhnə həyatı verilib. Beləcə, teatr bölgədə yaşayan bütün xalqların mədəniyyət məkanına çevrilib.
Teatra dövlət statusu verildikdən sonra burada müxtəlif mövzu və janrlı 70-ə yaxın əsər tamaşaya qoyulub.
Qusar Dövlət Ləzgi Dram Teatrına 2011-ci ildən rəhbərlik edən Faiq Qardaşov qəzetimizə müsahibəsində sənət ocağının keçmişi və bu günündən söz açdı.
- Teatra rəhbər təyin olunandan sonra, ilk növbədə, repertuar üzərində çalışmağa başladıq və bu müddət ərzində tamaşaçılarımıza 10-dək yeni səhnə əsəri təqdim edə bildik. Bu sırada Əbdürrəhim bəy Haqverdiyevin «Yeyərsən qaz ətini, görərsən ləzzətini», Ramiz Duyğunun «Xarı bülbül», Sabit Rəhmanın «Toy», Əli Əmirlinin «Köhnə ev» əsərlərini misal göstərmək olar. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq olunmuş «Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramını respublikamızın digər sənət ocaqları kimi, Qusar Dövlət Ləzgi Dram Teatrının kollektivi qarşısında da məsul vəzifələr qoyub. Kollektivimiz bu proqramı əldə rəhbər tutaraq bütün gücünü bölgəmizdə teatr sənətinin inkişafına və bədii irsin qorunmasına yönəldəcək.
- Son bir ildə 10-a yaxın tamaşanın ərsəyə
gəldiyini dediniz. Yəqin bu həm də
tamaşaçılarınızın teatra marağının artmasından xəbər verir.
- Əlbəttə,
bizim teatr hər zaman tamaşaçıların diqqət
mərkəzindədir. Amma bir məqamı da deyim ki,
əslində, bu günün teatrı ilə dünənin teatrı arasındakı fərqi görməmək,
sezməmək mümkün
deyil. Günümüzün
teatrı daha çox müasir cəmiyyətimizin problemlərini
özündə əks
etdirən tamaşalara
üstünlük verir,
ona görə də klassik dramaturji materiallara az müraciət
olunur. Amma hər halda
qusarlı teatrsevərlərin
bizim teatra münasibəti daim ürəkaçandır. Teatr tamaşaçı sarıdan
korluq çəkmir.
Qusarlılar teatrın hər
tamaşasını səbirsizliklə
gözləyirlər.
- Klassikaya az müraciət
olunduğunu bildirdiniz.
Məşhur amerikalı aktyor
Lourens Barretə görə, aktyor qardan heykəllər düzəldən insandır.
Onun fikrincə, bir tamaşa və ya obrazın ifadə etdiyi anlamlar cəmiyyətdə
hər hansı təsir yarada bilmirsə, onu ifa edən aktyorun
oyunu günəşi
görcək əriyən
buz kimidir. Bu fikrə sizin
münasibətiniz necədir?
- Maraqlı və çox məntiqli fikirdir. Amma bu məsələyə
mənim də öz yanaşmam var. Düşünürəm ki,
əgər tamaşanın
dramaturji materialının
əsas mövzusu və ideyası maraqlı və aktualdırsa, yüksək
səviyyəli və
professional rejissor, rəssam
işi, bədii tərtibatı və məharətli aktyor oyunu tamaşaçıya
müəyyən bir zövq və təəssürat bəxş
edə bilirsə, deməli tamaşa cəmiyyətdə öz
təsirini yaratmaq iqtidarındadır. Əks təqdirdə,
tamaşaçıya təqdim
olunan tamaşa, sizin qeyd etdiyiniz
kimi, elə günəşi görən
kimi buz tək əriyib suya dönəcək.
Yəni burada dramaturji məhsuldan başlayaraq səhnənin tərtibatına
qədər hər bir detal o səhnə
əsərinin uğur
və ya uğursuzluğunu labüd
edir.
- Söhbət
yenə dramaturji məhsula yönəldi. Deməli, siz də bu sahədə
durğunluq olduğunu
düşünürsünüz...
- Tam elə deməzdim, gözəl qələmə malik, ciddi dramaturji əsərlər yazan yazıçı-dramaturqlarımız var. Sadəcə, mövzu müxtəlifliyi vacib amildir, rəngarənglik olmalıdır.
- Bəs tamaşaçıların sənət
tələbatı əsas
etibarilə hansı janradır?
- Tamaşaçılar
bizim teatrdan əsas etibarilə komediya janrında əsərlər gözləyirlər.
Lakin dramatik əsərləri də sevirlər.
- Hələ sovet dövründə Şota Rustavelli adına Gürcüstan
Dram Teatrı Böyük
Britaniyada V.Şekspirin
əsərini ingiliscə
elə mükəmməl
oynamışdı ki,
bir əyalət teatrı kimi onlara yuxarıdan aşağı baxan ingilis jurnalist sonradan bu kollektivdən
üzr istəməyə
məcbur olmuşdu. Azərbaycanda belə səviyyəyə
çata biləcək
əyalət teatrı
varmı?
- Mənim fikrimcə, istər paytaxt, istərsə də əyalət teatrlarından hər biri belə səviyyəyə çata
bilər. İngilis dilində mükəmməl
tamaşa qoymaq üçün, hər şeydən öncə, ingilis dilini, heç olmasa, orta səviyyədə bilən rejissor və aktyor heyəti lazımdır.
Bunun üçün də istək, əzmkarlıq və zaman gərəkdir.
- Bölgə teatrlarının əsas problemlərindən biri də yaradıcı heyətlə bağlıdır.
Gənc aktyor və rejissorlar əyalətə getməyə
o qədər də maraq göstərmirlər...
- Bu problem bizim
teatrda da var. Amma teatrımızda təcrübəli, istedadlı
aktyorlar çoxdur. Baxmayaraq ki, onlar bu sahə
üzrə ali
ixtisas təhsili almayıblar. Onlardan teatrımızın həm
rejissoru, həm də istedadlı aktyoru Bağır Əhmədov, Yalçın
Qaraxanov, Pirverdi Pirverdiyev, Balakərim Səfərov, Rəşid
Salmanov, Tamara Məmmədova,
Lalə Qurbanova, Kifayət Yusifova, Rəhilə Hacıbəyova
və digərlərinin
adını çəkə
bilərəm. Teatrımızın
gənc baş rəssamı peşəkar
ali təhsilli,
çox istedadlı İlqar Burziyevdir.
- Teatrınızın
bu günü və repertuar siyasəti barədə nə deyə bilərsiniz?
- Böyük Azərbaycan dramaturqu, filosofu və ictimai xadimi M.F.Axunzadənin 200 illik yubileyi ilə əlaqədar Mədəniyyət
və Turizm Nazirliyinin keçirdiyi «Sərgüzəşti-Mirzə Fətəli Axundzadə» Milli Teatr Festivalı
çərçivəsində dövlət sifarişi ilə ədibin məşhur «Hekayəti-xırs-quldurbasan»
komediyasını hazırladıq.
Ağalar İdrisoğlunun quruluşunda səhnələşdirilən
tamaşa Mədəniyyət
və Turizm Nazirliyinin diplomuna layiq görüldü.
Bu tamaşa ilə
əvvəlcə rayon ictimaiyyəti,
sonra isə qonşu rayonlara qastrol səfəri edəcəyik.
- Qonşu və paytaxt teatrları ilə yaradıcı əlaqələr
sanki bir az zəifdir.
Bunun səbəbi nədir?
Son illər Bakıya
qastrolunuz olubmu?
- Mən bunu bizim qastrol
səfərlərimizin çox
az olması
ilə əlaqələndirirəm.
Bakı Bələdiyyə
Teatrı, İrəvan
Dövlət Azərbaycan
Dram Teatrı, Şuşa
Dövlət Musiqili
Dram Teatrı, H.Ərəblinski
adına Sumqayıt Dövlət Musiqili Dram Teatrı, qonşu Dağıstandan Dərbənd
Azərbaycan Teatrı
rayonumuzda qastrolda olublar. Bu teatr
kollektivlərinin bizim
tamaşaçılara təqdim
etdikləri tamaşaların
rejissor quruluşlarından
və professional aktyor
oyunundan teatrımızın
yaradıcı heyəti
də müəyyən
dərəcədə bəhrələnir.
Elə bunu da, məncə,
qonşu və paytaxt teatrları ilə yaradıcılıq
əlaqələri hesab
etmək olar. Qaldı ki Bakıya hər hansı qastrol məsələsinə,
bu, kollektivimizin ən böyük arzusudur.
- Qusar Dövlət Ləzgi Dram Teatrının əsas tamaşaçıları kimlərdir?
- Hər bir teatrı sevən insan teatrın tamaşaçısı
ola bilər.
Biz həm Azərbaycan,
həm də ləzgi dillərində tamaşalar qoyuruq və ümumilikdə mədəniyyətin, teatr
sənətinin inkişafına
xidmət edirik. Və ən əsası rayonumuzda yaşayan insanların mənəvi-estetik
zövqünün formalaşmasına
çalışırıq. Hansı dildə və hansı məkanda olmasından asılı olmayaraq, teatr məbəddir və əgər o, öz ətrafına insanları
cəm edə bilirsə, deməli, mədəniyyət yaşayır
və yaşada bilir.
Söhbətləşdi: Həmidə
Nizamiqızı
Mədəniyyət.-
2012.- 6 iyul.- S. 7.