Vətənə, xalqa xidmət unudulmur

 

   Azərbaycanın ilk sərhədçi generalı Mustafa Nəsirovun xatirəsinə həsr edilmiş “Ölməzlik” kitabı təqdim olundu

  

   İyulun 4-də Dövlət Film Fondunda görkəmli hərbçi və ictimai-siyasi xadim, ilk azərbaycanlı sərhədçi general Mustafa Nəsirovun (1921-2012) xatirəsinə həsr olunmuş «Ölməzlik» kitabının təqdimat mərasimi keçirildi.

  

   Tədbirdə Azərbaycan Respublikası Veteranlar Şurasının üzvləri, hərbçilər, ziyalılar, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak etdilər.

   Kitabın müəllifi, Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani çıxışında general-mayor Mustafa Nəsirovun peşəkar hərbçi kimi xidməti fəaliyyətindən, milli sərhədçi kadrların yetişdirilməsində rolundan danışdı. Mustafa Nəsirovun xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirib, general 2011-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə «Şöhrət» ordeni ilə təltif edilib.

   Müəllif qeyd etdi ki, kitabda Mustafa Nəsirovun nəsillərə örnək olan şərəfli həyat yolundan, Vətənə, xalqa həsr edilən xidmətlərindən, yüksək insani keyfiyyətlərindən və xeyirxah əməllərindən bəhs olunur: «Kitabda həmçinin generalın dostlarının, vaxtilə onun tabeçiliyində xidmət edən zabitlərin, veteranların, onu tanıyanların xatirələri toplanıb. Nəşr generalın mərhum prezidentimiz Heydər Əliyevlə bağlı xatirələri ilə başlayır, onun özü haqqında xatirələrlə davam edir. Bu kitabı hazırlamaqda məqsədimiz Mustafa Nəsirovun zəngin həyat yolunu geniş ictimaiyyətə çatdıraraq, bu vəsilə ilə gənclərimizin milli-vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə verməkdir”.

   Müəllif bildirdi ki, Mustafa Nəsirov haqqında «General ömrü xatirələrdə» adlı ikinci kitab da hazırlıq mərhələsindədir. Burada generalın Rusiyada, MDB ölkələrində, Dərbənddə yaşayan hərbçi dostlarının xatirələri yer alacaq.

   Tədbirdə akademik İsmayıl İbrahimov, istefada olan general-mayor Bahadur Hüseynov, Respublika Veteranlar Şurasının sədr müavini Surxay Tağızadə, Xalq yazıçısı Çingiz Abdullayev, polkovnik Cəlil Xəlilov və başqaları ömrünün 45 ilini sərhədlərimizin müdafiəsinə həsr etmiş Mustafa Nəsirovla bağlı xatirələrini danışdılar.

   Çıxış edənlər xüsusi olaraq vurğuladılar ki, kitab bu yaxınlarda dünyasını dəyişən generalın xatirəsinə hörmət ifadəsi olmaqla yanaşı, həm də şərəfli hərbçi peşəsini seçənlər, taleyini müqəddəs sərhədlərimizin qorunmasına həsr edənlər üçün bələdçi ola bilər.

  

 

   Fəxriyyə

 

   Mədəniyyət.- 2012.- 6 iyul.- S. 5.