Xalq artisti Elnarə Dadaşovanın 60 illik yubileyi qeyd olunub

 

   İyulun 4-də Niyazinin mənzil-muzeyində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin klassik musiqi həvəskarları klubunun təşkilatçılığı ilə Xalq artisti, Əməkdar incəsənət xadimi, professor Elnarə Dadaşovanın anadan olmasının 60 illiyinə həsr edilmiş tədbir keçirildi.

  

   Tədbirdə çıxış edən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq namizədi, Əməkdar mədəniyyət işçisi Alla Bayramova yubilyarı təbrik edərək ona yeni yaradıcılıq uğurları arzuladı.

   Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi, musiqişünas Lalə Hüseynova çıxışında yubilyarın həyat və yaradıcılığı barədə söz açdı. Bildirdi ki, Elnarə Dadaşova vaxtilə görkəmli bəstəkar Qara Qarayevin sinfində təhsil alıb. Bəstəkarlıq fəaliyyətinə də peşəkar musiqiçi kimi başlayıb. Fortepiano, simli kvartet, kamera-instrumental, soprano və kamera, nəfəsli orkestr üçün əsərlər bəstələyib, polifonik, sənədli filmlərə silsilə musiqilər yazıb. Bəstəkarın yaradıcılığının parlaq səhifəsini fortepiano üçün yazdığı “24 prelüd” silsiləsi, “Sayalı” baleti, orqan üçün “Variasiya”, “Fantaziya” əsərləri təşkil edir.

   Bəstəkar Bakı Musiqi Akademiyası və Azərbaycan Milli Konservatoriyasında pedaqoji fəaliyyətini uğurla davam etdirir.

   Tədbirdə yubilyarın həyat və fəaliyyətinə həsr olunan videogörüntülər nümayiş olundu. Eyni zamanda beynəlxalq müsabiqələrin laureatları Fəridə Məmmədova, Nigar Qəhrəmanova, Züleyxa Bayramovanın ifasında yubilyarın “Kvartet”, “Bahar sərgisi”, “Rəngim döndü sənsiz”, “3 prelüd”, “Lay-lay”, “4 Fuqa” ariya və variasiyaları səsləndirildi. Musiqi alqışlarla qarşılandı.

   Sonra çıxış edən Elnarə Dadaşova tədbirin təşkilatçılarına və iştirakçılarına dərin təşəkkürünü bildirdi.

  

 

   Savalan Fərəcov

 

   Mədəniyyət.- 2012.- 6 iyul.- S. 5.