Gənc
bəstəkarların uğurları
“Sevindirici haldır ki, Azərbaycanın böyük
tarixə malik olan incəsənəti, musiqi sənəti hər
il yeni istedadlar yetişdirir. Bu, xalqımızın mədəniyyətinin,
incəsənətinin zənginliyini nümayiş etdirir”
Ümummilli lider Heydər Əliyev
Musiqi estetik tərbiyə vasitəsidir. O, yetişən
nəslin təfəkkür qabiliyyətinin inkişafında
böyük rol oynayır. Son zamanlar incəsənətin digər
sahələrində olduğu kimi, musiqidə də
yaradıcı gənclərə geniş yer verilir.
Çünki gənclər bizim gələcəyimizdir. Onlar
Azərbaycan musiqisinin gələcəyinə bir
körpüdür. Qabiliyyətli gənclərə şərait
yaratmaqla, doğru yol göstərməklə onları
böyük səhnələrə çıxarmaq
lazımdır.
Azərbaycan Bəstəkarlar
İttifaqının xətti ilə keçirilən müxtəlif
tədbirlərdə, milli musiqimizin inkişafına xidmət
edən layihələrdə bu məqam hər zaman diqqətə
alınır.
İyunun 12-dən 16-dək
keçirilən "Gənc bəstəkarların əsərlərindən
ibarət plenum" da yeni nəsil musiqiçilərimizin
ictimaiyyətə təqdimatı baxımdan əlamətdar
hadisə oldu.
Plenumda üç gün ərzində
gənc bəstəkarların müxtəlif janrlarda
yazılmış yeni əsərlərindən ibarət
konsert proqramları dinlənildi. Bu konsertlərdən biri -
iyunun 15-də Azərbaycan Dövlət Filarmoniyasının
Kamera və Orqan Musiqisi Zalında Xalq artisti Teymur
Göyçayevin bədii rəhbəri və dirijoru
olduğu Azərbaycan Dövlət Kamera Orkestrinin konserti
haqqında bir qədər ətraflı söz açmaq istəyirəm.
Konsert şərti olaraq iki hissəyə
ayrılmışdı. I hissədə piano üçün
2 əsər və simli kvartet səsləndi. II hissədə
isə yalnız kamera orkestri üçün
yazılmış 4 əsər dinlənildi.
I hissədə səslənən
ilk əsər Aliyə Məmmədovanın "Piano
üçün yazılmış 2 prelüd"ü idi. Gənc
bəstəkar 1996-cı ildə Bakı Musiqi Akademiyasında
(BMA) Fərəc Qarayevin bəstəkarlıq sinfini bitirib.
Beynəlxalq müsabiqə laureatıdır. Böyük
simfonik orkestr üçün simfoniyanın, "Simli
kvartet"in, solo gitara üçün "Sükutla
dialoq", kamera ansamblı üçün "Nurlu kədər",
orkestr üçün "Adagio" adlı pyes, bas klarnet və
gitara üçün "KOAN", “Humayun” tar və kamera
ansamblı üçün musiqi və s. əsərlərin
müəllifidir. 2007-ci ildən Bəstəkarlar
İttifaqının üzvüdür. Hazırda Bakı
Musiqi Akademiyasında "Musiqi nəzəriyyəsi"
şöbəsində baş müəllim işləyir və
21 saylı Rostropoviçlər adına 11 illik musiqi məktəbində
musiqi nəzəriyyəsi və bəstəkarlıqdan dərs
verir.
Konsertdə ifa olunan 2 prelüd
kiçik silsilə təşkil edir. I prelüd bir növ giriş rolunu oynayır. Burada sakit obraz lakonik
şəkildə təqdim
olunur. Ardınca
klassisizm ənənələrinə
söykənən tematik
başlanğıc özünün
geniş inkişafına
can atır. Əsər BMA-nın professoru,
Əməkdar incəsənət
xadimi Ülviyyə Hacıbəyova tərəfindən
böyük müvəffəqiyyətlə
ifa olundu.
Növbəti əsər Rüfət
Xəlilovun "Piano üçün
sonatina"sı idi.
Rüfət Xəlilov 1997-ci ildə
Bakı Musiqi Akademiyasını İsmayıl
Hacıbəyovun bəstəkarlıq
sinfində bakalavr üzrə, 1999-cu ildə
isə magistr üzrə bitirib. 2000-2002-ci illərdə aspiranturada təhsil alıb. 2004-2005-ci illərdə Almaniyada bəstəkarlıq üzrə
staj kursu keçib. Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür.
Rüfət Xəlilov
bir çox janrlarda öz qələmini sınayıb,
müxtəlif səpgili
əsərlər, o cümlədən
simfonik orkestr üçün memuarlar, orkestr üçün üçhissəli konsert,
simli kvartet, kamera orkestri üçün "Şərhsiz",
"Gözləmə", "2 vokal miniatür" və s. yazıb.
Bəstəkar "Piano üçün sonatina" əsərini gənc bəstəkar Əməkdar incəsənət
xadimi, virtuoz pianoçu Ülviyyə Hacıbəyovaya həsr edib. Əsər Ülviyyə xanımın
özü tərəfindən
ifa olundu.
Növbəti əsər gənc
bəstəkar Günay
Mirzəyevanın "Simli
kvarteti" oldu.
Günay
Mirzəyeva BMA-nın
bəstəkarlıq fakültəsində
İsmayıl Hacıbəyov
və Aydın Əzimovun sinfində təhsil alıb, bu təhsil ocağını fərqlənmə
diplomu ilə bitirib. Prelüdiyalar, variasiyalar, sonatalar,
simli kvartet və başqa əsərlərin müəllifidir.
Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı (2007-2015) çərçivəsində
Almaniyanın Ştutqart
Konservatoriyasına magistr
pilləsinin bəstəkarlıq
fakütəsinə qəbul
olunub. 2011-ci ildən həm İtaliyada Roma Konservatoriyasında,
həm də Almaniyada Karlsrue şəhərində məşhur
bəstəkar Volfqanq
Rimin bəstəkarlıq
sinfində doktorantura pilləsində təhsil alır. Gənc bəstəkar "Simli kvarteti" 2008-ci ildə yazıb. Əsər üç hissədən
ibarətdir. Hissələr bir-birindən templəri ilə fərqlənsələr
də, ümumilikdə
dəyişik hisslər
və emosiyalar daşıyır. Əsər Azərbaycan
Dövlət Simli Kvartetinin - xalq artistləri Uran Seyidov (I violin), Soltan Məmmədova (II violin), Vaxtanq
İmanov (viola) və
Əməkdar artist Aleksey Miltıxın
(violonçel) ifasında
alqışlarla səsləndi.
Konsertin 2-ci hissəsində ilk səslənən əsər
gənc bəstəkar
Kərəm Əkbərovun
"Kamera orkestri üçün süita"sı
oldu. O, 2010-cu ildə
Bakı Musiqi Akademiyasının bəstəkarlıq
fakültəsində Arif
Məlikovun sinfini bitirib. BMA-nın
nəzdində məktəb-studiyanın
müəllimidir. Tələbəlik
illərindən bir sıra janrlarda maraqlı əsərlər
yazmağa başlayıb:
fortepiano üçün sonata, 6 prelüd, simfonik orkestr üçün lövhə, "Azərbaycan"
simfonik poeması, skripka və fortepiano üçün pyeslər
və s. Hazırda simfoniya üzərində
işləyir.
Bəstəkarın dinlənilən "Kamera orkestri üçün süita"sı
2011-ci ildə Kanadada Azərbaycan Mədəniyyəti
Günlərində səslənib.
Azərbaycanda ilk dəfə
eşidilən bu süita üç hissədən ibarətdir:
“Türk rəqsi”, “Bahar” və “Tokkata”.
Daha sonra Kamran Nəsirovun kamera orkestri üçün
"Üzeyirnamə" əsəri
təqdim olundu.
O, 2011-ci ildə Azərbaycan
Milli Konservatoriyasının
bəstəkarlıq fakültəsini
Cəlal Abbasovun sinfində bitirib. Müxtəlif janrlarda əsərlərin - “Simli
kvartet", "Məhəbbətin
fəryadı" adlı
simfonik poema, "Klarnet və xalq çalğı alətləri üçün
konsert", "Yanvar
elegiyası" adlı
qaboy və fortepiano üçün pyes, prelüdlər və s. müəllifidir. Gənc bəstəkarın
kamera orkestri üçün "Üzeyirnamə"
əsəri sonata formasında
yazılıb. Muğamla klassik
musiqinin sintezindən istifadə edən gənc burada dahi bəstəkarın yaradıcılığına olan
heyranlığını və
böyük rəğbətini
özünəməxsus şəkildə
əks etdirməyə
çalışıb.
Əsəri səslənən növbəti gənc bəstəkar Kəmalə
Əlizadədir. 1996-2000-ci illərdə Ü.Hacıbəyli
adına Bakı Musiqi Akademiyasında iki fakültə üzrə
- piano ixtisası üzrə
professor Elmira Səfərovanın, bəstəkarlıq ixtisası
üzrə professor Arif
Məlikovun sinfində
təhsil alıb. Müxtəlif janrlarda əsərlər
- "Simfoniya", "Fortepiano və böyük simfonik orkestr üçün konsert",
‘’Venessiya abu-havalı
musiqi’’ adlı balet süitası, "Simli kvartet", fortepiano üçün yazılmış
"Sonata", "15 prelüdiya" və s. yazıb. 2006-cı ildə İtaliya səfirliyinin keçirdiyi təqaüd
müsabiqəsinin qalibi
seçilib və İtaliyanın Modena şəhərindəki
“Oratsio Vekki” Konservatoriyasının bəstəkarı
professor Antonio Cakomettinin dəvəti
ilə orada bəstəkarlıq staj kursları alır. Kəmalə
Əlizadənin əsərləri
İtaliya, Hollandiya, Yaponiya, Amerikada uğurla səslənib.
Bəstəkarın konsertdə səslənən
"İtirilmiş cənnət"
əsəri Azərbaycanın
cənnət guşəsi
olan Şuşaya həsr olunub. Bu əsərdə o, Şuşa itkisinin ağrı-acısını musiqi
dili vasitəsilə çox gözəl əks etdirib. Süita 5 hissədən ibarətdir.
Konsertdə süitadan 2 nömrə
- “Şuşa və Cıdır düzü” səsləndi.
Daha sonra bəstəkar
Ceyhun Allahverdiyevin
"Misri" əsəri
dinlənildi. Ceyhun Allahverdiyev
1990-cı ildə Bakı
Musiqi Akademiyasında bəstəkarlıq ixtisası
üzrə Arif Məlikovun, 1992-ci ildə
isə fortepiano ixtisası
üzrə Elmira Əliyevanın
sinfini bitirib. Müxtəlif janrlarda qələmini
sınayan bəstəkarın
yaradıcılıq sahəsi
genişdir. O, 2 simfoniya,
simli kvartet, fortepiano və simfonik orkestr üçün «Konsert», fortepiano üçün
«Prelüdlər», Nizaminin
sözlərinə iki
romansın, simfonik orkestr və xor üçün «Milli marş», mahnılar və s. müəllifidir. BMA-nın bəstəkarlıq
kafedrasının dosenti
kimi pedaqoji fəaliyyətlə də
məşğul olur.
Gənc bəstəkarın kamera orkestri üçün "Misri"
əsəri dahi bəstəkarımız Üzeyir
Hacıbəyliyə ithaf
olunub. Rondo formasında yazılan bu əsərdə harmonik və polifonik elementlər, aşıq ritmikası, muğam çalarları,
olduqca rəngarəng,
zərif və parlaq boyalarla verilən zəngin hiss və duyğular qabarıq şəkildə
özünü göstərir.
Nəhayət, konsert adı
musiqi incəsənətinə
yaxşı bələd
olan, bəstəkarlıq
sənətində öz
sözünü demiş,
yaradıcılığının məhsuldar dövrünü
yaşayan Əməkdar
incəsənət xadimi
Vasif Allahverdiyevin “Simli orkestr üçün
musiqi"si ilə tamamlandı. Əsər
Q.Qarayev adına
Azərbaycan Dövlət
Kamera Orkestrinin bədii rəhbəri və dirijoru, Xalq artisti Teymur
Göyçayevə həsr
olunub. Sonata-alleqro
formasında yazılan
əsəri simfoniya da adlandırmaq olar. Burada bəstəkar harmonik
və polifonik xüsusiyyətlərdən, milli
və müasir elementlərdən, muğam
və aşıq musiqisindən, müasir bəstəkarlıq texnikasından
özünəməxsus ustalıqla
istifadə edib.
Ümumiyyətlə, bu plenumun keçirilməsi Azərbaycanda
gənc bəstəkarlara
göstərilən qayğının
bariz nümunəsi kimi çox diqqətəlayiqdir. Plenumda əsərləri
dinlədikcə bir daha qürur hissi duyduq ki,
gənc nəsil müasir musiqiyə necə böyük həvəslə yanaşır,
dünya arenasına qatılmağa çalışır.
Bu gənclərin əksəriyyəti xaricdə
təhsil alır, əsərləri dünya
musiqi orkestrlərinin ifasında səslənir.
İnanırıq ki, onlar XXI əsr Azərbaycan musiqi mədəniyyətinin
layiqli təmsilçisi
kimi professional musiqi incəsənətimizi yüksək
səviyyədə inkişaf
etdirmək naminə yeni-yeni nailiyyətlər qazanacaqlar.
Jalə Qulamova,
Azərbaycan Milli Konservatoriyasının
dosenti, sənətşünaslıq
namizədi
Mədəniyyət.- 2012.-
6 iyul.- S. 11.