“Bizi birləşdirən oxşar
cəhətlər çoxdur”
Mixail Zabelin: “Rus icması özünü Azərbaycan cəmiyyətindən
ayıra bilməz”
Azərbaycanda rus
icmasının tarixi bir
neçə əsr əvvələ gedib
çıxır. XIX əsrin əvvəlində
Şimali Azərbaycan torpaqlarının çar Rusiyasına birləşdirilməsindən
sonra isə imperiyanın digər
ucqarlarında olduğu kimi,
burada da rus əhalisinin yerləşdirilməsi siyasəti
həyata keçirilib. 1917-ci il oktyabr inqilabından əvvəl
Azərbaycan ərazisində 100-ə yaxın rus
kəndi mövcud idi.
Ötən əsrin 70-ci illərində respublikada
rusların sayı 500 minə yaxın olub.
SSRİ dağıldıqdan sonra, digər
müttəfiq respublikalardan olduğu kimi, Azərbaycandan
da rus əhalisinin bir qismi tarixi
vətənə - Rusiyaya köçüb.
Bununla belə, bu gün də ruslar Azərbaycandakı ən çoxsaylı milli azlıqlardan biridir. Rus icması respublikanın ictimai-siyasi, iqtisadi, mədəni həyatında yaxından iştirak edir, dövlət qurumlarında, icra orqanlarında, parlamentdə təmsil olunur.
Azərbaycandakı rus icmasının rəhbəri, Milli Məclisin deputatı Mixail Zabelinlə icmanın fəaliyyəti barədə söhbət etdik. İcmanın tarixindən söz açan həmsöhbətim bir məqamı qeyd etdi ki, Azərbaycanda rusların məskunlaşması hələ orta əsrlərə təsadüf edib. O dövrdə ticarətlə məşğul olan ruslar Azərbaycana gələrək burada məskən salıblar. İcmanın bugünkü fəaliyyətinə gəlincə, onun təşkilatlanması 1993-cü ildə başlanıb: “Azərbaycan Rus İcmasını təşkilat olaraq yaratmaqda məqsədimiz buradakı rus əhalisinin müstəqil Azərbaycanın yeni həyatına uyğunlaşmasına kömək etmək idi. Çünki Sovet İttifaqı dağıldıqdan sonra rusların çoxunu pessimizm hissi və ölkədən getmək arzusu bürümüşdü. Təşkilatımız bu pessimizmi aradan qaldırmağa, rus əhalisi arasında yeni Azərbaycan dövlətinə inam yaratmağa nail oldu, onlara demokratik Azərbaycanın həyatında öz yerlərini tapmağa kömək etdi”.
«Ruslar bu dəyərli sözlərə inandılar
və Azərbaycanda qaldılar»
Söhbət əsnasında M.Zabelin bir fikri xüsusi vurğuladı ki, rusların Azərbaycanda qalmalarına dəstək verən əsas məqam 1993-cü ildə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyevin onlara verdiyi dəstək olub: “Heydər Əliyev Azərbaycan Prezidenti seçiləndən sonra ilk dəfə olaraq 1994-cü ilin yanvarında bizim kirxada keçirdiyimiz Milad bayramı konsertində iştirak etdi. O, insanların qarşısında çıxış edərək bildirdi: «Mən Azərbaycan Prezidenti kimi sizin hüquqlarınızın müdafiəsinin qarantıyam. Heç yerə getməyin və hesab edin ki, bura sizin vətəninizdir”. Ruslar bu dəyərli sözlərə inandılar və Azərbaycanda qaldılar”. Beləliklə, Prezidentin Milad bayramında iştirakı rusların ürəyində ümid çırağı yandırır. M.Zabelin bildirir ki, ümummilli lider Azərbaycanda, ruslar da daxil olmaqla, bütün milli azlıqlara böyük hörmətlə yanaşır, onların müxtəlif tədbirlərinə qatılır, bayramlarını təbrik edirdi: “Həmin il bizim Opera və Balet Teatrında qeyd etdiyimiz Pasxa bayramında da Prezident iştirak etdi. Bu, dövlət rəhbərinin bizə hörmətinin nümunəsi idi. Ruslar da öz növbəsində yerli xalqa böyük hörmət bəsləyir. Keçirdiyimiz bütün konsert proqramlarının, tədbirlərin təşkilinə dəstək verilməsi, həmin tədbirlərdə dövlət təmsilçilərinin iştirakı bu hörmətin qarşılıqlı olduğunu bir daha isbatlayır».
“Qəlb bulaqları”
Azərbaycan Rus İcması təşkilati cəhətdən möhkəmlənərək respublikada, eləcə də Rusiyada müəyyən nüfuz qazanıb. Rusiya və Azərbaycanın dövlət və biznes strukturlarının, Rusiyanın Azərbaycandakı səfirliyinin dəstəyi sayəsində təşkilat bir sıra layihələri həyata keçirməyə nail olub. Hər il müharibə və əmək veteranlarına maddi yardım göstərilməsi, müalicəyə ehtiyacı olanların Moskva şəhərinin klinikalarına göndərilməsi, uşaqların Rusiyanın tarixi yerlərinə turist səyahətlərinin təşkili icmanın gördüyü işlər sırasındadır.
Təşkilatın iştirakı ilə respublikanın məktəblərində böyük iş görülür - olimpiadalar, rus dili və Rusiya tarixinə dair müsabiqələr keçirilir. İcmanın nəzdinə yaradılan Rusiya Mədəniyyət Mərkəzi tərəfindən məqsədyönlü iş aparılır. Artıq bir neçə ildir ki, ənənəvi olaraq «Rodniki duşi» (“Qəlb bulaqları”) adlı rus mahnı festivalları keçirilir, uşaqlar üçün Yeni il şənlikləri təşkil edilir, dərnəklər fəaliyyət göstərir, konsert proqramları reallaşdırılır.
Mixail Zabelin bu işdə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi tərəfindən icmaya dəstək verildiyini xüsusi vurğuladı: «2005-2006-cı illərdən bəri hər il keçirdiyimiz «Rodniki duşi» rus mahnı festivalına Mədəniyyət və Turizm Nazirliyi dəstək göstərir. Ötən il mən festivalın maliyyələşdirilməsi ilə bağlı nazirliyə müraciət etdim və müsbət cavab aldım. Sevindirici haldır ki, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri həmişə bu sənət bayramında iştirak edirlər. Gələn il isə ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr edilmiş böyük festival hazırlayırıq və ümid edirik ki, nazirlik bu layihəni də reallaşdırmaqda bizə yardım edəcək».
Rus mədəniyyətinin
ünvanı
İcmanın fəaliyyətində Rusiya Mədəniyyət Mərkəzinin xüsusi yeri var. Mərkəzdə mədəni fəaliyyət üçün hər cür şəraitin yaradıldığını bildirən həmsöhbətim bunun üçün Azərbaycan dövlətinə minnətdar olduqlarını deyir: «Mərkəzdə “Russkoye pole» adlı ansamblımız fəaliyyət göstərir. Bundan başqa, musiqi alətlərimiz, gözəl avadanlıqlarımız, teatr, poeziya studiyamız var. Tez-tez uşaq bayramı keçiririk və burada valideynlər də iştirak edir. Müharibə veteranları üçün 9 Mayda konsertlər təşkil edirik. Rus icması özünü Azərbaycan cəmiyyətindən ayıra bilməz. Biz bu xalqın bir hissəsiyik. Azərbaycan yazıçılarının, şairlərinin də yubileylərinə həsr edilən tədbirlər keçiririk. Rusiya Mədəniyyət Mərkəzində hər il Novruz bayramını qeyd edirik. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, Rusiyanın Azərbaycandakı səfiri və səfirliyin əməkdaşları hər zaman bu mərasimlərdə iştirak edirlər. Mərkəzdə gözəl müəllimlər çalışır. Hər şənbə günü isə ənənəvi olaraq yaşlı adamları samovar başında bir araya gətiririk. Onlar bir-biriləri ilə söhbət edir, gözəl ünsiyyət qururlar. Bir sözlə, Rusiya Mədəniyyət Mərkəzi respublikanın mədəni həyatında özünəməxsus yer tutur».
Rusların Azərbaycanda fəaliyyət göstərən Bardlar Cəmiyyətinin fəaliyyəti də diqqətçəkəndir. Bu yaxınlarda Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Rəşid Behbudov adına Mahnı Teatrında keçirilən müəllif mahnısı festivalında cəmiyyətin üzvləri də fəal iştirak etdilər.
Qızım azərbaycanlı ilə
ailə qurub
Hazırda Azərbaycanda 150 min nəfərə yaxın rus yaşayır. Mixail Zabelinin özü Azərbaycanda bu soyaddan üçüncü nəslin nümayəndəsidir. Onun valideynləri Azərbaycanda doğulub. İcma rəhbərinin sözlərinə görə, rayonlarda yaşayan rusların tarixi 5-6 nəsil əvvələ gedib çıxır: «Hələ çar Rusiyası dövründə Azərbaycanda məskunlaşan ruslar hazırda İsmayıllının İvanovka kəndində kompakt şəkildə yaşayırlar. Onlar hələ də öz adət-ənənələrini olduğu kimi qoruyub saxlayıblar. İvanovka sakinlərinin çox gözəl toy adətləri var. Onların bayramlarında və toy mərasimlərində iştirak etmək mənə xoş və maraqlıdır. Azərbaycan xalqı rus xalqına yaxındır. Qonaqpərvərlik, xoş rəftar, başqa xalqların nümayəndələrinə hörmətlə yanaşma - bunlar bizi birləşdirən ümumi oxşarlıqlardır. Azərbaycan xalqının gözəl bayramları burada doğulan, böyüyüb boya-başa çatan rusların qanına hopub. Bizim bayramlarımız heç vaxt milli mahnı və rəqs ifa edilmədən keçirilmir. Burada, xüsusilə Azərbaycan milli rəqsləri ifa edilir».
Artıq uzun müddətdir ki, ölkəmizdə yaşayan ruslarla qarışıq ailələr də var. Bu barədə həmsöhbətim də maraqlı məqamları diqqətə çatdırır: «Çox tez-tez deyirlər ki, ailədə kişi azərbaycanlı, qadın isə rusdur. Mənim qızım azərbaycanlı ilə ailə qurub. Nəvəmin adı Ayseldir. Son vaxtlar rus oğlanların azərbaycanlı qızlarla ailə qurmalarının şahidi oluram. Bir sözlə, biz - iki xalq çox mehriban və sülh mühitində yanaşı yaşayırıq. Ümumiyyətlə, burda yaşayan digər xalqlar da milliyyət baxımından fərqləndirilmir, digər xalqlara çox xeyirxah münasibət bəslənilir».
İcma rəhbəri ilə söhbət əsnasında o da bəlli oldu ki, əvvəllər Bakıdan köçüb gedən ruslar indi şəhər üçün çox darıxır.
Həmsöhbətim millət vəkili kimi fəaliyyətində də iki xalq arasında dostluğun möhkəmləndirilməsinə çalışdığını vurğuladı: “Tez-tez Rusiyada oluram və orada Azərbaycan diasporu ilə görüşürəm. Bu yaxınlarda Moskvada Rusiya azərbaycanlılarının konqresi keçirildi. Dəyirmi masa ətrafında Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri və problemlər mövzusunda diskussiya aparıldı. Bakıda da bu istiqamətdə müxtəlif tədbirlər keçirilir. Biz ruslar həmişə Azərbaycan nümayəndələrinin Rusiyaya, Rusiya nümayəndələrinin Azərbaycana səfərlərini diqqətlə izləyirik. Ona görə ki, bütün bu rəsmi və qeyri-rəsmi səfərlərdən həmişə öz münasibətlərimizə müsbət təsir gözləyirik».
Mehparə
Mədəniyyət.- 2012.- 27 iyul.-
S. 5.