Kürdəmirdə böyük ədibin yubileyinə həsr olunmuş tədbirlər

 

   Azərbaycan Prezidentinin sərəncamına əsasən, milli dramaturgiyamızın banisi, görkəmli ədib, mütəfəkkir, ictimai xadim Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi geniş tədbirlərlə qeyd edilir. Yubileylə bağlı Kürdəmir Rayon Mədəniyyət və Turizm Şöbəsində tədbirlər planı hazırlanıb və icra olunur.

   Böyük ədibin 200 illiyi münasibətilə rayonun mədəniyyət evlərində, klub və kitabxanalarında guşələr, kitab sərgiləri, əyani vəsaitlər və məlumatlar hazırlanaraq nümayiş etdirilir. Mədəniyyət evlərində və klublarda “Axundzadənin Azərbaycan dramaturgiyasına töhfələri” adlı tematik gecələr keçirilir.

   Tədbirlər planına Kürdəmir rayon MKS-də “M.F.Axundzadənin yaradıcılığında dramaturgiyanın yeri” adlı oxucu konfransının keçirilməsi də daxildir. Bundan əlavə, MKS-də “Milli dramaturgiyamızın banisi, görkəmli ictimai xadimmaarifçi” adlı praktik konfrans da keçiriləcək. Kürdəmir rayon MKS-nin filiallarında “M.F.Axundzadə əlifba islahatçısı kimi” adlı oxucu konfranslarının, uşaq kitabxanasında “M.F.Axundzadə şairnasir kimi” adlı dəyirmi masanın keçirilməsi nəzərdə tutulub. Rayonda M.F.Axundzadənin 200 illik yubileyinə həsr edilmiş tədbirlər ilin sonuna qədər davam edəcək.

  

 

   Məryəm Əliyeva,

   Kürdəmir rayon MKS-nin

   metodika-biblioqrafiya

   şöbəsinin baş biblioqrafı

 

   Mədəniyyət.- 2012.- 11 iyul.- S. 15.