Mədəniyyət
xalqın elçisidir
Diplomatiyamızla yanaşı, mədəniyyətimiz də
ölkəmizi dünyada uğurla təmsil edir
Azərbaycan
diplomatiyasının tarixi rəsmən 9 iyul 1919-cu ildən
başlayır. Həmin gün Azərbaycan Xalq Cümhuriyyətinin
Xarici İşlər Nazirliyi diplomatik fəaliyyət
haqqında ilk normativ sənədi - XİN-in katibliyi
haqqında müvəqqəti təlimatı təsdiq edib.
Prezident İlham Əliyevin 24 avqust 2007-ci il sərəncamı
ilə 9 iyul Azərbaycanda diplomatik xidmət orqanları
işçilərinin peşə bayramı günü elan
edilib.
Azərbaycan diplomatiyası ilk
addımlarını atarkən - 1919-cu ildə Bakıda 16
xarici dövlətin, o cümlədən ABŞ, Böyük
Britaniya, Fransa, İtaliya, İsveç, İsveçrə,
Belçika, İran, Polşa və Ukraynanın diplomatik
nümayəndəlikləri fəaliyyət göstərib.
1920-ci il yanvarın 11-də Paris Sülh Konfransında Azərbaycanın
müstəqilliyi de-fakto tanınandan sonra hökumət tərəfindən
Qərbi Avropa və Amerikada Azərbaycanın diplomatik
nümayəndəliklərinin təsis edilməsinə dair
qanun layihəsi hazırlanıb. Lakin cümhuriyyətin süqutu
layihəni gerçəkləşdirməyə imkan verməyib.
1920-ci ilin aprelinədək Azərbaycanın
aşağıdakı ölkələrdə nümayəndəlikləri
var idi: Gürcüstan (diplomatik nümayəndə Fərhad bəy
Vəkilov, Batumda konsul Mahmud bəy Əfəndiyev); Ermənistan
(diplomatik nümayəndə Əbdürrəhim bəy
Haqverdiyev); İran (diplomatik nümayəndə Adilxan Ziyadxan);
Türkiyə (diplomatik nümayəndə Yusif Vəzir
Çəmənzəminli); Ukrayna (konsul Camal Sadıxov),
Krım (konsul agenti Şeyxəli Hüseynov).
Bundan başqa, Azərbaycanın
Kubanda və Donda diplomatik nümayəndəliyi, Petrovskda
konsul agenti, İrkutskda isə konsulluğu fəaliyyət
göstərirdi.
Qeyd edək ki, cümhuriyyət
dövründə Azərbaycanın ilk xarici işlər
naziri Məmmədhəsən Hacınski olub. Daha sonra Əlimərdan
bəy Topçubaşov, Fətəli xan Xoyski, Məmməd
Cəfərov XİN-ə rəhbərlik edib.
1920-ci ilin aprelində Azərbaycan
Xalq Cümhuriyyəti süqut etdikdən sonra Xarici İşlər
Nazirliyi bağlandı və əvəzində Azərbaycan
Sovet Sosialist Respublikası Xalq Xarici İşlər
Komissarlığı yaradıldı.
1991-ci il oktyabrın 18-də Azərbaycan
yenidən müstəqilliyini elan etdikdən sonra dünya
dövlətləri, BMT tərəfindən tanındı.
Hazırda Azərbaycanın xarici ölkələrdə 70-dən
artıq diplomatik nümayəndəliyi, Azərbaycanda isə
50-dən artıq ölkənin diplomatik korpusu fəaliyyət
göstərir.
Qeyd edək ki, bu gün dünyada
«Soft Power» (“Yumşaq güc”), yəni mədəniyyət
diplomatiyasına da böyük önəm verilir. Mədəniyyəti
diplomatiyanın güzgüsü hesab edən müasir
dünya dövlətləri bir sıra siyasi münaqişələri
mədəni dialoqla həll etməklə yanaşı,
diplomatik korpusların nəzdində mədəniyyət mərkəzləri
də açırlar. Mədəniyyətlərarası
dialoqun mərkəzinə çevrilən Azərbaycan da bu
istiqamətə xüsusi önəm verir. Ölkə
başçısının sərəncamları ilə Azərbaycanın
ayrı-ayrı ölkələrdəki (ilkin olaraq Fransa) səfirliklərinin
nəzdində mədəniyyət mərkəzlərinin
yaradılması da buna misaldır.
Mehparə
Mədəniyyət.-
2012.- 11 iyul.- S. 14.