Səs xatirəsi

 

   Ötən illərin mahnıları

        

   Olub keçənlər bizə şirin və acı xatirələrlə dolu keçmişimizlə ünsiyyətimizdə hər an bir vasitəçi, bələdçi olur. Kimi xəyalların bu gözəl payında təsəlli tapır, kimi rahatlığını itirir, kimisi də dincəlir, ruhuna sığal çəkir, duyğularına azadlıq verir. Bax ruhun bu azad məqamında hər kəs mütləq şəkildə ecazkar bir səsin müşayiətinə möhtac olur, onunla təsəlli tapır, dünəninə gedib oralardan buraları seyr edir.

  

   Musiqi xəzinəmizdə yaşayan belə say-seçmə səslərdən biri də görkəmli sənətkar Gülağa Məmmədovun səsidir. Onun ifasında, səs tembrində, duruşunda, baxışında bir xatirə, nostalji rahatlıq duyğusu gizlənirdi. Özü daxilən bir o qədər narahat və bəlkə də nakam olsa belə. Amma, hər halda, Gülağa Məmmədovun səsi elə sağlığında səs xatirəsinə çevrildi.

  

   Səsi ilə tanınanlardan

  

   Gülağa Məmmədov səsində tanınan, səsində sevilən və səsini sevdirə bilən sənətkarlardan idi. Onun üzünü görmədən, elə fonda eşidilən səsindən nə isə hasil etmək, apayrı bir duyğu aləminə düşmək, rəngarəng arzuların qanadlarında uçmaq olurdu. Onun səsi istər-istəməz eşidənləri ovsunlayırdı. Çünki o səsdə bir incəlik, lətafət və ən əsası səmimiyyət vardı. Bənzətmə bəlkə də qəribə görünə bilər. Amma Gülağa müəllim oxuduğu bütün mahnılarında səmimi, içdən idi. İstər sevgili yarını vəsf edibən «Gözünə qurban», «Dinə bilmədim», «İki könül bir olanda» xoşbəxtliyinə yetəndə, istər arzularına qol-qanad verib «Sevmişəm», «Gülərəm, gülsən», «Ceyranım, gəl», «Təki sən səslə məni» deyəndə, istərsə də sevgisini pıçıldayıb, eşqini əyan edəndə də elə səmimi, inandırıcı və həlim idi. Onun «Şeir deyilmi», «Şirin dil», «Oxu, tar» kimi gözəl poeziyamusiqi nümunələrinin vəhdəti olan əvəzsiz mahnılara verdiyi təkrarsız səs və ifası isə bir ayrı aləm idi. Musiqimizin gözəl və bir o qədər də zərif çiçəyi Şövkət xanım Ələkbərova ilə olan «Oxu, gözəl» dueti isə xüsusi bir estetika yaradırdı səhnədə.

  

   O həyatdan məqamlar

  

   Gülağa Məmmədov 1925-ci il iyunun 28-də Lənkəranın Kiçik bazar adlanan məhəlləsində anadan olub. Uşaqlıqdan musiqiyə böyük marağı olan Gülağa tez-tez qonşu uşaqları başına yığıb, onlara mahnılar oxuyarmış. 12 yaşlı Gülağanın növbəti «konsert»lərindən birində, belə deyək də, əməlli-başlı şans üzünə gülür. Belə ki, təsadüfən küçələrindən keçən böyük bəstəkarımız Üzeyir Hacıbəyli onun məlahətli səsini eşidərək ayaq saxlayır və səs gələn tərəfə addımlayır. Sən demə, dahi bəstəkar Moskvada keçiriləcək Azərbaycan mədəniyyəti ongünlüyünə Koroğlunun ariyasını ifa etmək üçün elə bu yaşda istedadlı uşaq axtarırmış. Gülağanın səsinə valeh olan bəstəkar həyətə keçirbalaca istedadla tanış olur. Onu OperaBalet Teatrında keçiriləcək müsabiqəyə dəvət edir. Azyaşlı Gülağa Üzeyir Hacıbəyli, Bülbül, Səid Rüstəmov kimi görkəmli sənətkarların münsiflər heyətinin tərkibində olduğu müsabiqədə iştirak edir və təbii ki, bəyənilir.

   Məhz bundan sonra böyük səhnələr, arzusunda olduğu konsert salonları onun üzünə açılır. 1938-ci ildə Moskvada keçirilən mədəniyyət tədbirinin iştirakçısı olur. Böyük Teatrın səhnəsində maestro Niyazinin müşayiəti ilə ifa etdiyi Koroğlunun "Səni gördüm, aşiq oldum" ariyası böyük alqışlarla qarşılanır.

  

   Bir anda parlayan ulduz

  

   Uğurlu debütböyük sənətkarların xeyir-duası ilə sənətə gələn Gülağa qısa zamanda məşhurlaşır. 15 yaşında Səid Rüstəmovun ansamblına qəbul edilir, daha sonra konservatoriyada təhsil alır. 20 yaşından Musiqili Komediya Teatrında çalışmağa başlayan gənc "Arşın mal alan", "Beş manatlıq gəlin" və digər tamaşalarda baş rolları oynayır. Lakin bir neçə ildən sonra teatrdan ayrılır və bütün həyatını musiqiyə, ifaçılığa həsr edir. Konservatoriyada oxuduğu illərdə böyük sənətkar Bülbüldən vokal dərsləri alan Gülağa muğamın sirlərini də öyrənir. Hüseynqulu Sarabskinin bələdçiliyində muğam adlı sonsuz dəryaya da baş vuran gəncin ifasını dinləyənlər onun incə, məlahətli səsinə yatan muğamları da ustalıqla oxuduğunu deyirlər. Əslində efirdə muğam oxumasa da, onun hər mahnısında bir muğam parçası, şikəstə inikası var.

   Əsasən Səid Rüstəmovun bəstələrini ifa edən Gülağa Məmmədov bəstəkarın onun səsinə yazdığı mahnılara əbədi tamaşaçı sevgisi gətirə bildi. Bəstəkarlardan Tofiq QuliyevCahangir Cahangirovun da əsərlərini ilk səsləndirən və sevdirən müğənni oxuduğu mahnının ruhunu duyaonu hiss edərək dinləyiciyə çatdıra bilirdi.

  

   Mahnılarda yaşamaq gözəldir

  

   Gülağa Məmmədov şirin, harmonik və məlahətli səsi ilə 600-dən artıq xalq və bəstəkar mahnısına musiqi həyatı verib, tamaşaçı sevgisi qazandırıb. Bununla yanaşı, 15-dən çox bədii filmdə, teatr tamaşasında xarakterik musiqi nömrələri ifa edib. Təsadüfi deyil ki, kinoyaddaşdakı o nümunələr sayəsində bu gün həmin filmlər də sevilərək izlənir.

   İşləməkdən yorulmayan, musiqini, ifaçılığı həyat amalı, yaşam sevinci sayan sənətkar respublikada fəaliyyət göstərən əksər xalq çalğı alətləri ansamblları ilə, simfonik orkestrlərlə birgə çıxışlar edib, konsertlər verib. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblında, Dövlət Musiqili Komediya Teatrında çalışıb. 1952-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət TeleviziyaRadio Verilişləri Komitəsinin (hazırda Səid Rüstəmov adına) xalq çalğı alətləri ansamblının solisti kimi mütəmadi olaraq teleekrandan milyonlarla tamaşaçını səs, musiqi ilə ovsunlayıb, bənzərsiz səsindəki mahnılar və yüksək səhnə mədəniyyəti ilə tamaşaçıya zövq verməyi bacarıb.

  

   Kino yaddaşımızdakı melodiya

  

   Yuxarıda da qeyd etdiyim kimi, Gülağa Məmmədovun səs xatirəsi bir sıra bədii filmlərimizdə də yaşayır. Həmin filmlərin uğurunda gözəl musiqilərin, mahnıların ifaçısı Gülağa Məmmədov səsinin xeyli payı var. Azərbaycan bədii kino tarixinin ən seçmə nümunələrindən sayılan «Dəli Kür» filmində oxuduğu «Ana Kür» mahnısı nə qədər ecazkar, gözəl və təkrarsızdır. İncə səs təlatümlü və Kür sayağı coşqunsözün yaxşı mənasında, vahiməli, səs yüklüdür. Təsadüfi deyil ki, onun bu filmdə oxuduğu mahnını dinləyən böyük bəstəkarımız Cahangir Cahangirov kövrələrək "Ay Gülağa, sən avazınla, şirin səsinlə məcrasına sığmayan dəli Kür çayını ovsuna saldın",- deyə ifaçının səsinə, oxusuna münasibət bildirib.

   Bu anlamda «Yenilməz batalyon» filmində oxuduğu «Köhlən atım» mahnısı Gülağa Məmmədovun səsinin və ifasının ən incə detallarını - hiss və həyəcanını, ən ümdəsi, böyük ürəyini ortaya qoya bilib. Qəhrəmanın obrazından irəli gələn bu duyğu selində gözəl bir musiqi əsəri yaradan sənətkar «Anamın gözləri yoladır, bircə gümanı. Bircə mənə qalıb gümanı, gedim görüm əziz anamı...» deyərkən necə kövrək, səmimi və ümidlidir.

  

   Vətən sevdası ilə

  

   O, həqiqətən də vətən sevdalı, xalq məhəbbətli sənətkar idi. Elə ona görə də səhnəyə çıxdığı ilk anlardan böyük tamaşaçı ordusu ona qucaq açdı, sevgisini bəyan etdi.

   On beş yaşında ikən Böyük Vətən müharibəsinin ağrılarını duyan G.Məmmədov səsi, sənəti ilə döyüşlərə atılıb, səngərlərdə, müharibənin ən qızğın nöqtələrində çıxışlar edib.

   Mütəmadi qastrol səfərlərində olan və demək olar ki, dünyanın yarısını dolaşan sənətkar «Harda oluramsa olum, yalnız doğma vətəndə rahatlıq tapıram. Ruhum burada dincəlir» deyərmiş. Onun böyük vətən sevgisi ifalarına hopub, mahnılarına da yansıyıb. Dahi Məhəmməd Füzulinin «Vətənimdir» qəzəlinə Süleyman Ələsgərovun yazdığı bənzərsiz musiqidən yaranan eyniadlı bəstəni Gülağa müəllim çox böyük şövq, hərarət və sevgi ilə oxuyurdu. «Edəməm tərki Füzuli, səri kuyin yarın, Vətənimdir, Vətənimdir, Vətənimdir, Vətənim» deyərdi. Və bu deyişdə, bu səsdə, bu sədada vətəninin hər daşına, torpağına sevgisini bəyan edərdi, sanki. Onun «Bu torpağa bağlıyam» mahnısı da bu qəbildən sevilən və vətən sevdasını göstərən nümunələrdəndir.

  

   Sənətini sevdisevildi

  

   O, sənətə gəlişi və gedişi ilə səssiz, elə-belə, gəldi-gedər sənətkar olmadığını isbatladı. İstedadAllah vergisi səsi ilə zəhmətini bir araya gətirib musiqi mədəniyyətimizdə özünə ad, yer və ən əsası minlərin sevgisini, alqışını qazandı. Əslində, sənət yolunda az çətinlik də çəkmədi. Ancaq qazancı daha böyük oldu. Müğənnilik sənəti onu sevdirdi, çoxlu dostlar qazandırdı. Fəxri adlar, diqqət və qayğıdan da məhrum olmadı. Xoşbəxt sənətkar kimi Xalq artisti məqamına yüksəldi.

  

   Ağlasan, ağlaram...

  

   bir gün, 1994-cü il iyunun 7-də həyata vida etdi. Həmin gün səhər özünü pis hiss etməsinə baxmayaraq, çəkilişə tələsdi. Evdəkilər ona «Yaxşı deyilsən, dincəl» desə də «Yox, bu gün lent yazılışı və çəkiliş var. 60 nəfərlik kollektiv məni gözləyir, gedib çıxış etməliyəm»,- deyib evdən ayrılsa da, son işini tamamlaya bilmir. Və beləcə, ömrünün son anında da tələsdiyi, can atdığı səhnəyə, tamaşaçılar qarşısına əbədiyyət ifası ilə çıxır. O vaxtdan illər keçir, hələ daha neçə illər də keçib gedəcək, amma Gülağa Məmmədova olan böyük tamaşaçı sevgisi və rəğbəti daim təzə-tər qalacaq. Bütün konsertlərində qucağına sıxılan bahar çiçəkləri kimi...

  

 

   Həmidə Nizamiqızı

 

   Mədəniyyət.- 2012.- 11 iyul.- S. 12.