“Salnamə” studiyasında yeni filmlər

 

   Mədəniyyət və Turizm Nazirliyinin “Salnamə” studiyasında bir neçə film üzərində iş gedir.

  

    Bu haqda studiyanın direktor müavini Nazim Hüseynov məlumat verdi: “Xalq yazıçısı Elçinin “Mahmud və Məryəm” romanı əsasında eyniadlı tammetrajlı bədii filmin hazırlıq mərhələsi davam edir. Filmin çəkilişi 2011-ci il üçün nəzərdə tutulmuşdu. Lakin müəyyən səbəblərə görə yubandı. Bu il isə yazıçı tərəfindən filmin ssenarisində müəyyən dəyişikliklər edildi. Yaradıcı qrupda da dəyişiklər var. Ekran əsəri Azərbaycanın “Salnamə” və Türkiyənin “24 Karefilms” studiyaları tərəfindən istehsal olunacaq.

   Hazırda yaradıcı heyət tərəfindən çəkiliş məkanlarına baxış keçirilir və yay aylarında çəkilişlərin başlanması nəzərdə tutulub. Filmdə həm azərbaycanlı, həm də türkiyəli aktyorlar çəkiləcək.

   Bundan başqa, studiyada iki tammetrajlı bədii film - rejissor Samir Kərimoğlunun “Mən evə qayıdıram” və Əməkdar incəsənət xadimi Mirbala Səlimlinin “Qırmızı bağ” bədii filmləri istehsalatdadır. “Mən evə qayıdıram” filmində artıq son tamamlama işləri gedir. Qarabağ müharibəsi dövründə rus (sovet) ordusunda xidmət edən, sonra Vətənə qayıdıb ölkənin ərazi bütövlüyü uğrunda savaşa qoşulan hərbi təyyarəçimizin qəhrəmanlıq hekayəsindən bəhs edən filmin ilin sonuna qədər təhvil verilməsi nəzərdə tutulub. İnsan və təbiət arasında münasibətlərdən, arzuların gerçəkləşdiyi məkandan bəhs edən “Qırmızı bağ” filmi üçün isə əlavə çəkiliş günləri nəzərdə tutulub. Buna görə də film üzərində iş bir qədər yubanır.

   Sənədli filmlərə gəlincə, dünya şöhrətli müğənnimiz, SSRİ Xalq artisti Müslüm Maqomayev haqqında tammetrajlı sənədli film hazırda istehsalatdadır. Böyük layihə olduğundan ekran əsərinin nə zaman hazır olacağı haqqında məlumat vermək çətindir. Filmin rejissoru Xalq artisti Tofiq İsmayılovdur”.

   N.Hüseynov onu da bildirdi ki, bir neçə layihə üçün rəsmi müraciətlər edilib. Onlardan biri də bu il 140 illik yubileyi qeyd edilən görkəmli nasir M.S.Ordubadi haqqında tammetrajlı filmin çəkilməsi ilə bağlıdır. Bundan başqa, sentyabrdan başlayaraq bir neçə maraqlı layihənin həyata keçirilməsi də planlaşdırılır.

   Cari ildə “Salnamə” studiyasında rejissor Tahir Əliyevin “Unudulmuş partizan” və “IX korpus” qısametrajlı sənədli filmləri çəkilib. Hər iki filmin son tamamlama işləri həyata keçirilir. Filmlərin rejissoru T.Əliyev bildirdi ki, “Unudulmuş partizan” II Dünya müharibəsi illərində Yuqoslaviyada antifaşist hərəkatının iştirakçısı olmuş azərbaycanlı Mirdaməd Seyidov haqqındadır. “IX korpus” qısametrajlı filmi isə Yuqoslaviyada alman faşistlərinə qarşı mübarizə aparan korpusun daxilində “Russkaya çetna” adlı azərbaycanlılardan ibarət batalyonun döyüş yolundan bəhs edir. Həmin batalyonda Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə daxil olmaqla, 200-dən artıq azərbaycanlı vuruşub. Tahir Əliyev bildirdi ki, çəkilişlər üçün Mehdi Hüseynzadə, Cavad Həkimli və Mikayıl Qulubəyovun cəbhə yoldaşları Bakıya dəvət olunmuşdular. Sözügedən filmlərin payız aylarında təqdimatının keçirilməsi nəzərdə tutulub.

  

 

   Reyhan

 

  Mədəniyyət.- 2012.- 11 iyul.- S. 11.