Yeni ruhla çiçəklənən,
Yeni ruhlu Azərbaycan!
İftixar
Piriyev
AZƏRBAYCAN! - bütün parametrlərdən
Şərqin ən varlı ölkəsi!
İlham qaynağının
tükənməz, poetik hünərinə görə; təbiətinin
əsrarəngiz gözəlliyinə görə; yeraltı və
yerüstü sərvətinin tükənməzliyinə
görə; beynəlmiləl, tolerant ruhuna görə; insani və
əxlaqi keyfiyyətinə görə; qüdrətli dövlət
adamlarına, siyasətçilərinə görə; incəsənətinin
orijinal potensialına görə; mükəmməl, zəngin
ədəbi nümunələrinə görə; ən
başlıcası, təmiz, pak, safürəkli
insanlarının istiqanlılığına, insan meyarına
sonsuz sevgisinə, doğma münasibətinə görə; mənəvi
zənginliyinə, ruhi bütövlüyünə, tərbiyə
meyarına, qonaqpərvərliyinə, humanistliyinə,
bütün cəhətlərdən
istedadlılığına və yüksək əyarlı
xislətinə görə!..
Şübhəsiz ki, hər deyilən
söz əsaslı bir həqiqətə söykənməlidir
və əyani faktla sübuta yetirilməlidir.
Tanrı həqiqətinə
söykənsək, böyük ürəklə deyə bilərik
ki, bu gün Azərbaycan geniş miqyaslı
özünüifadə müstəvisində inkişaf yoluna
işıq sürətli bir yüksəlişlə qədəm
qoyub və əldə olunan nailiyyətlər danılmaz həqiqət
olaraq gözlərimiz önündə heyranedicilik nöqtəsinə
yüksəlmişdir. Məhz bu yüksəlişin
özülünü yuxarıda sadaladığımız
alilik prinsipləri yaradır.
Budur, bu həqiqətlərin
sübutunu təsdiqləyən Azərbaycanımızın
paytaxtı Bakı şəhərində, may ayında
keçirilən “Eurovision-2012”nin əfsanəvi, heyrətamiz
mənzərəsi. Bu mənzərə hətta
bakılıların özünü, bütünlüklə
Azərbaycan vətəndaşlarını da heyrətləndirdi.
Çünki gözlərimiz önündə yüksək
sıçrayışla parlaq bir miqyasa ucalan ölkəmizin
paytaxtı 42 ölkənin mədəniyyət, incəsənət
adamlarının gözü ilə bütün dünyanı
heyran qoydu. Bu heyranlığı biz də məhz onların
gözü ilə görməyə başladıq. Fikrim elə
anlaşılmasın ki, biz görmürdük. Xeyr, biz
görürdük və biz nəinki görürdük, hətta
dünyanı heyran edə biləcəyinə bütün
varlığımızla inanırdıq. Buna hər kəs
inanırdı. Bu ölkəni, bu milləti, bu xalqı sevən
də, sevməyən də buna inanırdı. Sözsüz
ki, insanın öz gözəlliyini görmək çətinliyi
bir həqiqətdir və bu həqiqət əslində
böyük məsuliyyətin və
narahatçılığın ölçüsüdür.
Öz gözəlliyini görə bilmək çətinliyinin
həqiqətinin bütün dünyanı heyran qoyan mənzərəsi
xarici dövlətlərin yüksək zövqlü incəsənət
nümayəndələrinin nəzərləri ilə bizə
daha aydın əks olunduqca, sözsüz ki, içimizə
dolan fərəh hissi bütün
narahatçılığı və gərginliyi
çilik-çilik etdi. Biz anbaan yüksəlir, əleyhdarlarımızın
bizə qarşı dünyanın diqqətini
çaşdıran mənfur əməllərindən
çox-çox uzaq məsafəyə ucalırdıq və
biz ucaldıqca düşmənlərimizin bəd niyyətləri
kiçilir və zərrəyə dönüb yox olurdu. Bu,
xalqımızın, dövlətimizin, millətimizin mənəvi
rahatlıq, haqqımızda süni şəkildə
yaradılmış fikir çaşqınlığına
aydınlıq gətirən və millətlər arasında
parlaqcasına seçilən, millətlərin öz nümayəndələrinin
gözü ilə gördükləri, onların öz dilləri
ilə ifadə etdikləri danılmaz həqiqətlərə
inamın təntənəsi idi.
Fərəhlə demək
lazımdır ki, bu gözəlliyi yaradan Azərbaycan
xalqıdır, Azərbaycan xalqının fenomen
insanlarıdır, Azərbaycan dövlətidir!
Təbii ki, “Eurovision”
yarışması zamanı bütün dünyaya
yayımlanan, Azərbaycanda son illərdə, hətta son
günlərə qədər anbaan dəyişən və hər
dəyişməsi ilə hər kəsin həsəd
apardığı bu gözəlliklər Azərbaycan
xalqının mənəvi təmizliyinin, ucalıq rəmzinin
təzahürüdür.
Bəli, güman ki, bu gözəlliyin
Azərbaycan xalqına məxsus olduğuna sevinənlərlə
yanaşı, sevinməyənlər də oldu və biz bunu
gözləyirdik. Burada bir qəribəlik yoxdur, lakin
danılmaz bir həqiqət var, bu həqiqət də
Bakının sinəsində, Xəzərin qoynunda yerləşən
“Kristal Zal” sarayından, o saraydan ki, Azərbaycan onu bir
neçə ay ərzində mümkünsüzlükdən
mümkün etdi və onun ətrafında və ümumən
Bakının mənzərəsində ağlasığmayan,
bir göz qırpımındaca gözoxşayan bir dəyişiklik
yarandı, oradan dünyaya ildırım sürəti ilə
canlı şəkildə yayılan mənzərələrlə
özünün gerçəkliyini sübut etdi. Qürurla
demək olar ki, Azərbaycan bütün parametrlərdən
günbəgün, anbaan inkişaf edir, iqtisadi, mədəni,
siyasi uğurları ilə dünya birliyinin diqqətini
çəkir və öz yerini özünə layiq şəkildə
müəyyənləşdirir. Zənnimcə, Azərbaycanın
inkişafını görmək istəməyənlər və
ya belə deyək, görüb sevinməyənlər bu
inkişafa gəlib çatmaq barədə düşünsələr
daha səmərəli nəticə əldə edə bilərlər.
Bu da bir həqiqətdir ki, Azərbaycan
Dədə Qorquddan, Nizami Gəncəvidən, İmadəddin
Nəsimidən, Məhəmməd Füzulidən,
Aşıq Ələsgərdən, Mirzə Ələkbər
Sabirdən, Mirzə Cəlil Məmmədquluzadədən, Əli
bəy Hüseynzadədən, Hüseyn Caviddən, Mikayıl
Müşfiqdən, Cəfər Cabbarlıdan, Səməd
Vurğundan, Rəsul Rzadan, Məhəmmədhüseyn Şəhriyardan
və sair sadalamaqla bitməyən qüdrətli söz sahiblərindən
boylanır dünyaya!..
Azərbaycan Üzeyir Hacıbəylinin,
Qara Qarayevin, Fikrət Əmirovun, Niyazinin, Vaqif Mustafazadənin
sənət qüdrəti ilə ovsunlayır dünyanın
bizi görən bütün insanlarını!..
Azərbaycan yeni nəslinin yeni
ruhla tərbiyə olunması, təlimatlanması, maariflənməsi
ilə addımlayır sabaha!..
Azərbaycan milli-mənəvi dəyərləri
ilə ucalır dünya birliyinin mötəbər
kürsülərində müəyyənləşmiş
müstəsnalıq sırasına!..
Budur, dədə-babalarımızın
tikib-yaratdığı və bugünkü nəslə
ötürdüyü, bugünkü nəslin də
onların ruhu qarşısında fərəhlə,
üzağlığı ilə qoruyub saxladığı və
yenidən qurub-yaratdığı, Azərbaycan xalqına məxsus
olan və xalqımızın qürur mənbəyinə
çevrilən, gözlərimiz önündə canlanan
Bakı gecələrinin işıqlı, canlı varlıq
nümunəsinin təntənəsinə bənzəyən
füsunkarlığı!..
Bu füsunkarlıqda Bakının
rəmzi nişanı olan Qız qalasının, Bakıya gələn
qonaqları öz sehrində tilsimləyən
varlığı heyrətamiz bir möcüzədir!..
Qədim Qala divarının qoynuna
sığınan, qoşa qaladan irəliləyən yolun
İçərişəhəri, Şirvanşahlar Sarayı
Azərbaycan xalqının tarixi keçmişindən gələn
nağıllar aləminin canlı mənzərəsidir!..
Bu qədim şəhərin ən
uca yerində yüksələn, yenicə inşa edilmiş,
XXI əsrin möcüzəsi hesab oluna bilən, üç mehriban
bacı kimi bir-birinə söykənmiş məşələ
bənzəyən “buta binalar”ın üzərində, gecələr
yanan alov dilimləri Azərbaycan xalqının qəlbinin hərarətini,
atəşini, alovunu, istiqanlılığını
nümayiş etdirir sanki!..
Bayraq meydanının əzəmətli
görüntüsü dövlətimizin dövlətlər
sırasındakı möhtəşəm
ünvanının atributu kimi canlanır!..
Teleqüllənin əsrarəngizliyi
baxdıqca doyulmayan bir təntənədir!..
Şəhəri saran binaların rəngarəng
gözəlliyi, gözoxşayan, könül sevindirən, ruh
yüksəkliyi yaradan bir incəsənət əsəri kimi
bir-birini tamamlayan mükəmməl sənət nümunəsidir!..
Bakının bütün
küçələri zəfər nöqtəsinə gedən
yolun işıqlı səmtini istiqamətləndirən təzahürdür!..
Bütün bu heyranedicilik Azərbaycan
xalqının, Azərbaycan vətəndaşlarının,
Azərbaycan dövlətinin, Azərbaycanın nurlu
adamlarının, Azərbaycan iqtidarının Vətənimizə
can yanğısının ifadəsidir!
Bununla yalnız və yalnız
qürurlanmaq lazımdır və bu bizim hamımız
üçün önəmlidir!
Bir anlıq təsəvvür edək
ki, oturmuşuq dünyanın hər hansı bir ölkəsində
və Azərbaycandan yayımlanan xalqların bu zəfər
yarışmasını izləyirik.
Çıxışlararası göstərilən Azərbaycanın
gözəl, yaraşıqlı təbiətini, müasir
memarlığın ən yeni nümunələrinin
meyarına cavab verən tikililəri və Bakının
füsunkar mənzərəsini, hər ölkənin
çıxışçısından əvvəl “Kristal
Zal”ın bütünlükdə həmin ölkənin
bayrağının görüntüsünə çevrilən,
ən uzaq nöqtədən belə görünən, gecənin
qoynunda ulduz sayrışması kimi canlanan dolğun mənzərəni
seyr edirik. Bu zaman hər-hansı birimiz bu gözəlliklərin
canlı seyriçisi olmaq istəmərikmi? Azərbaycana gəlmək
arzusunda olmarıqmı? Bu ölkənin yüksək mədəni
səviyyəsi ilə yaxından tanış olmağa can
atmarıqmı? Bu ürəyəyatımlı, istiqanlı,
kübar, son dərəcə mədəni zənginliyə
malik olan xalqla isti münasibətlər yaratmağa çalışmarıqmı?
Asayişin qaynar bir mühitdə, yüksək səviyyədə
təşkil olunmuş yarışmanın bütün
prosesinin sağlam və səlis qoruna bildiyi bir ölkəyə
səfər etmək üçün can atmarıqmı? Və
s...
Fikrimcə, Azərbaycandan
dünyaya açılan və hər bir xalqa nəsib olmayan bu
hadisə, bu mənzərə, uğur, dünyanın diqqət
mərkəzində füsunkarlıqla canlanan gözəllik və
beynəlmiləlçilik Azərbaycanın tarixinə
qızıl hərflərlə yazılan böyük bir
tarixi salnamədir.
Bütün bu varlıq bizim hər
birimizin milli-mənəvi sərvətidir. Bu sərvətin
qorunmasında, belə məqamlarda və ümumən bədxahların
yaratmaq istədikləri hər hansı bir əks təbliğat
kampaniyasına cavab vermək üçün hazır olmaq,
onlarla mübarizə aparmaq istiqamətində həmrəylik
göstərmək, can-dildən çalışmaq bizim hər
birimizin birbaşa borcumuzdur. Daha doğrusu, borcumuzdan daha
çox vətəndaşlıq, azərbaycançılıq
vəzifəmizdir!
Mən bu yazını yazarkən
yazının içimdə qaynayan milli qürur hissimin
könlümü coşduran bir təsir altında yazıla
bildiyindən ehtiyatlanaraq, bir müddət yazı ilə
üz-üzə dayanmaq, əcəba, düzmü yazıram,
yoxsa bu mənzərə, sadəcə olaraq Vətən, millət,
xalq, azərbaycançılıq sevgisinin hisslərimi təlatümə
gətirən bir kükrəyişin yaratdığı
boş gurultunun təntənəsinin hay-küyü ilə
özüm-özümü aldatmaqdırmı deyə,
götür-qoy etmək, görünən həqiqətlərin
ovsununda tilsimə düşmədiyimə bir daha öncə
özüm əmin olmaq üçün bu “Eurovision” adlanan
möhtəşəm yüksəlişdən bir neçə
gün sonra Bakıdan kənara çıxmaq,
yazdıqlarıma Bakıda “Eurovision” ərəfəsində
yaranan və dünyanı heyran qoyan bu misilsiz mənzərəyə
soyuq başla, heç bir hissin emosional təsirindən
yaranmayan həqiqət olduğunun isbatına tam arxayın
olmaq üçün, bütün bu nağılın
canlı gerçək olduğuna Azərbaycanın bölgələrindən
baxmaq, daha sonra yazını oxucularla bölüşməyin
doğruluğunu dərk etdim. Bu məqsədlə istirahət
günlərimi Azərbaycanı şimaldan cənuba, şərqdən
qərbə doğru səfərə çıxmağa sərf
etdim.
İndi də bölgələrdə
gördüyüm daha ayrı bir mənzərə və bu mənzərənin
yaratdığı ovqat mənim bütün
varlığıma poetik bir qüdrətlə hakim kəsildi.
Əcəba, hər gün gözlərimiz önündə dəyişən
və gözəlləşən bu ölkə bizim
canımızın bir parçası deyilmi? Tutalım ki,
“Eurovision”un tilsimvari mənzərəsinin ovsununa
düşdüyümdə bir həqiqət olduğunu
gerçək hesab etsəm, bəs onda bölgələrdəki
bu misilsiz inkişaf nəyin təzahürüdür? Bu da bir
nağıldırmı, tilsimdirmi, sehrdirmi, yuxudurmu,
ilğımdırmı? Bu da bir həqiqət deyilsə, onda
bəs mənim varlığıma hakim kəsilən
bütün bu görüntülər, əsrarəngiz
yaraşıq, bir-birinə zəncirvari bağlılıqla
cilalanan və hər bölgənin öz iqliminə, relyefinə,
mənzərəsinə uyğun şəraiti özündə
ehtiva edə bilən bu heyranedicilik bir rəsm əsəridirmi,
tablodurmu?..
Bəli, Azərbaycanın bölgələrinin
gözəlliyinin içindən Bakıya baxanda, Bakı
gözlərimdə həqiqətən də bütün
ölkəmizin füsunkarlığını nida işarəsi
ilə tamamlayan bir bütövlüyün, tamlığın
möcüzəsi kimi göründü. Mən bu həqiqətin
isbatı üçün ölkəmizi diyar-diyar gəzərək,
içimdə heç bir şübhə qalmamasına ən
kiçik zərrəsinə qədər inandıqdan, əmin
olduqdan və heç bir millətdə mənim
gördüyüm bu həqiqətin gerçəkliyinə zərrə
qədər də şübhə yaratmayacağına
bütün idrakımla arxayın olduqdan sonra, yazının
ovqatında hər bir Azərbaycan vətəndaşının
və dünyanın harasında yaşamasından
asılı olmayaraq, bütün həmvətənlərimin
də ovunmasını və fərəhlənməsini qərarlaşdırdım.
Odur ki, uca səslə deyirəm:
Azərbaycan!
Bu yurd bizim canımıza,
qanımıza coşqu verən şah damarı!
Bu yurd bizim yolumuza işıq tutan
gözümüzün nur çırağı!
Bu yurd bizim ruhumuzu İrəvana,
Qarabağa, Borçalıya,
sinəmizdə yeri qalan Araz boyda
bir şırımın o üzünə,
Dədə Qorqud dədəmizin qəbri
yatan,
barmağının ucundakı
giziltidən ürəyimin başı yanan,
Dəmir qapı Dərbənd
adlı boynubükük məmləkətə
qanadının yelpiyində
yetişdirən Zümrüd quşu!
Azərbaycan!
Bu yurd bizim könlümüzün
alovlanan EŞQ atəşi!
Bu yurd bizim başımızın
üstündəki EŞQ günəşi!
Bu yurd bizim namus adlı
varlığımız, qeyrətimiz!
Bu yurd bizim VƏTƏN adlı sərvətimiz,
nemətimiz!
Bu yurd bizim hünərimiz, zəfərimiz,
qüdrətimiz!
Azərbaycan!
Bu yurd bizim fəlsəfəmiz,
idrakımız, düşüncəmiz,
Bu yurd bizim ürək dolu fərəhimiz,
qürurumuz,
Bu yurd bizim hökm adlı
sevincimiz, kədərimiz,
Bu yurd bizim alnımıza həkk
olunmuş qədərimiz!
Azərbaycan!
Biz bu yurdu canımızla,
qanımızla qorumalı, sevməliyik!
Çətin anda, dar günündə
bu yurd üçün harda olsaq gəlməliyik!
Gərək olsa, bu yurd
üçün körpəmizdən qocayadək,
Döyüşməli,
vuruşmalı, hər birimiz, hər birimiz ölməliyik!
...Və onu da deməyi borc hesab
edirəm ki, bu gün bu yurdun heyranedici mənzərəsinin
parlaq, füsunkar gözəlliyini yaratmağa təkan verən,
ölkəmizin çiçəklənən ruhuna mənəvi
qida qatmağı ali vətəndaşlıq meyarının
hökm hikməti kimi uca tutan, təəssübkeşliyi və
milli qüruru yüksəklərdə saxlamağı öyrədən
bir İLHAM qaynağımız var! Odur ki,
Ey vətəndaş “AZƏRBAYCAN!”
Bu qaynaqdan hər bir zaman sən
qidalan!
Bu qaynaqla yoğrul, yapıl, sən
qürurlan!
Bu qaynaqda tükənməyən
bir mənbə var!
Bu mənbədə sarsılmayan bir
hünər var!
Bu hünərdə
yenilməyən bir cəsarət,
Çox
qüvvətli böyük ürək, güclü nər
var!
Sən
heç zaman unutma ki, bu hünərdən, cəsarətdən
Bax bu nərdən
bizə baxan, zirvə adlı bir zəfər var!”
Mədəniyyət.- 2012.- 11 iyul.-
S. 10.