Uğurun başlanğıcı

 

   Gənc vokalçı İslam Qasımov Parisdə beynəlxalq festivalın qalibi olub

  

   Ölkəmizdə mədəniyyətə, incəsənətə dövlət qayğısı musiqinin inkişafında da özünü göstərir, uşaq və gənclərə yaradılan şərait bu sahədə yeni-yeni istedadları üzə çıxarır. Bu gün ən yüksək səviyyəli musiqi müsabiqələrində Azərbaycan gənclərinin adları qaliblər sırasına yazılır. Qürur duyulası belə istedadlarımızdan biri də Azərbaycan Dövlət Uşaq Filarmoniyasının solisti, Milli Təhlükəsizlik Nazirliyinin nəzdindəki musiqi məktəbinin dördüncü sinfinin vokal şöbəsinin şagirdi İslam Qasımovdur.

  

   İslam bu günlərdə Fransanın paytaxtındakı “Gimnaziya” teatrında “Paris səması“ adlı beynəlxalq mahnı festivalında ölkəmizi uğurla təmsil edib. Rusiya, Belarus, Ukrayna, Qazaxıstan, Özbəkistan, Moldova, Fransa, İsveçrə və digər ölkələrdən müxtəlif yaş qrupunda 300-dən artıq ifaçının iştirak etdiyi musiqi yarışmasında rəqs, teatr, estradaakademik vokal musiqi alətlərində ifa nominasiyaları üzrə qaliblər müəyyənləşib. Gənc azərbaycanlı vokalçı görkəmli bəstəkar Tofiq Quliyevin “Bakı haqqında mahnı” və italyan bəstəkarı E.KurtisinSorenteya qayıt” əsərlərini ifa edib. Onun ifası münsiflər heyəti tərəfindən birinci yerə layiq görülüb. İslamın müəlliməsi, Azərbaycan Milli Konservatoriyasının dosenti Məryəm Babayevanın da əməyi yüksək qiymətləndirilib.

   Parisdən qayıtdıqdan sonra öz yetirməsi ilə redaksiyamızın qonağı olan Məryəm xanım onun əldə etdiyi uğuru yüksək dəyərləndirdi, səfər təəssüratlarını bizimlə bölüşdü: “İslam beynəlxalq festivalda ilk dəfə gücünü sınayırdı. Amma bundan öncə o, ölkəmizdə müxtəlif tədbirlərdə uğurla iştirak edib. Gənc vokalçının 2010-cu ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Qala“ festivalında çıxışı və 2011-ci ildə Bakıda ölkəmizin qonağı olan məşhur italyan müğənnisi Robertino Loretti ilə birlikdə ifa etdiyi mahnılar musiqisevərlər tərəfindən rəğbətlə qarşılanıb. Fransa paytaxtındakı “Gimnaziya” teatrında “Paris səması“ adlı beynəlxalq mahnı festivalına gəlincə, bu tədbir iyulun 1-dən 5-dək davam etdi. Festivalda 300 nəfərdən artıq iştirakçı arasında İslamın akademik vokal nominasiyasında birinci yerə layiq görülməsi Azərbaycanın, musiqi mədəniyyətimizin uğurudur. İnanıram ki, istedadlı şagirdim gələcəkdə yeni-yeni nailiyyətlər qazanacaq və ölkəmizin mədəniyyətinə qələbə dolu səhifələr yazacaq”.

   Söhbət əsnasında İslamın repertuarının geniş olduğunu deyən müəllimə, onun həm xalq mahnıları, həm italyan, həm də Azərbaycan bəstəkarlarının əsərlərini ifa etdiyini dedi: “Biz müsabiqəyə iki əsər təqdim etməli idik. Və bunun birinin mütləq Azərbaycan əsəri olmasını özümüzə borc bildik. Səhnədə mütləq Azərbaycan dilində, Azərbaycan bəstəkarının əsəri səslənməlidir. Ona görə də Tofiq Quliyevin yazdığı və dahi ifaçı Rəşid Behbudovun repertuarından olan «Canım Bakı, qanım Bakı» mahnısını seçdik. Bu mahnı həm münsiflər heyəti, həm də tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı».

   «İslam mənim ümidlərimi doğrultdu», - deyən müəllimə öz yetirməsi ilə fəxr etdiyini vurğuladı: “Bu, İslamın xaricdə, belə bir beynəlxalq yarışmada ilk çıxışıdır. Lakin buna baxmayaraq o, bu işin öhdəsindən layiqincə gələ bildi. Hər zaman şagirdlərimə bir fikri aşılayıram: əgər hər hansı müsabiqəyə gedirsənsə, oradan qalib qayıtmalısan. Parisə böyük ümidlərlə getmişdimİslam da bu ümidləri doğrultdu”.

   Söhbət əsnasında Məryəm xanım maraqlı müqayisə də apardı və bildirdi ki, vokalçının işi ən ağır fiziki işə bərabərdir, vokal müəlliminin işi isə zərgər işinə bənzəyir.

  

   Qələbədən qələbəyə

  

   İslam istedadlı olmaqla yanaşı, həm də özünə qarşı çox tələbkardır. Bunu anası da təsdiqləyir. Deyir ki, həmyaşıdlarından fərqli olaraq küçədə oynamağa, hansısa kompyuter oyunları ilə məşğul olmağa meylli deyil: “Musiqidən əlavə, dərsləri üzərində də çox çalışır, intellektual səviyyəsini artırmağa cəhd edir”.

   İslam isə uğurlarının kökündə müəlliməsi Məryəm Babayevanın böyük zəhmətinin dayandığını bildirir: «Əgər müəlliməm tələbkar olmasaydı, müvəffəqiyyətlərə nail ola bilməzdim. Azərbaycan Dövlət Uşaq və Gənclər Xalq Çalğı Alətləri Orkestri fəaliyyətə başlayandan 4-5 ay sonra onun ilk solisti oldum. Bakıda keçirilən bir sıra konsert proqramlarında, festivallarda uğurla çıxış etmişəm. “Paris səması“ beynəlxalq mahnı festivalında birinci yerə layiq görülməyim isə mənim üçün çox böyük fəxrdir. Bu çətin yarışmada adımı qaliblər sırasına yaza bildim. İndiyədək əldə etdiyim nailiyyətlərdə Məryəm xanımın rolu əvəzsizdir. Bu uğura görə də ona minnətdaram”.

   Festivaldan zəngin təəssüratla qayıtdığını deyən İslam bu qələbənin onun gələcək yaradıcı fəaliyyətinə stimul olacağını deyir: «Qələbə özümə olan inamımı daha da artırdı. Düşünürəm ki, gələcəkdə bundan böyük müsabiqələrdə iştirak edəcəyəm. Bununla yanaşı, həm də özümə qarşı tələbkarlığımı artırmalıyam”.

   İslam həm Azərbaycan, həm də xarici ölkə bəstəkarlarının əsərlərini həvəslə ifa edir. Özünün dediyi kimi, müğənni hərtərəfli olmalıdır. Bununla həm Azərbaycanda, həm də xaricdə tanınmaq olar.

  

   “Müəllim məni yerdən göylərə qaldırdı”

  

   Qədim yunan filosofu Platondan soruşurlar: Atanı, yoxsa müəllimini daha çox sevirsən? O isə cavabında deyir: «Atam məni göylərdən yerə endirdi. Müəllim məni yerdən göylərə qaldırdı». İslam Qasımovun qeyd etdiyi kimi, onun qazandığı bütün nailiyyətlərin kökündə müəllim fenomeni dayanır. Bunu festivalın münsiflər heyəti də təsdiq edib. Onlar İslamaonun anasına “Sizin çox istedadlı və peşəkar müəlliminiz var”- deyiblər.

   Bir vaxtlar Azərbaycana səfər edən SSRİ Xalq artisti Yelena Obrazsova da Məryəm xanımın istedadını yüksək qiymətləndirib. M.Babayeva hələ Bülbül adına orta ixtisas musiqi məktəbində işləyərkən İtaliyadan gələn bir müğənni orada master-klass dərsləri verironun şagirdlərinə baxıb savadlı, bacarıqlı müəllim olduğunu dilə gətirir. Məhz bu savadın və istedadın nəticəsidir ki, artıq 4 ildir ki, İslamla məşğul olan Məryəm xanım onun böyük uğurlarının təməlini qoyub.

   Müəllimə isə öz növbəsində İslamın festivaldakı qalibiyyətini ilk addım, uğurun başlanğıcı hesab edir: «Bundan sonra ancaq çalışmaq lazımdır. Uşaq təkcə yaradıcı istiqamətdə deyil, eyni zamanda, intellektin yüksəldilməsi istiqamətində püxtələşməlidir. Onun həm dünyagörüşü, həm savadı, həm də əcnəbi dil bilgiləri olmalıdır. Əlbəttə, yaradıcı fəaliyyətlə məşğul olan, daim səhnədə yaşayan insan həm də fiziki möhkəmliyə malik olmalıdır. Müntəzəm qastrol səfərləri, məşqlər, səhnədə çıxışlar - yaradıcı insan bunlara davam gətirməlidir».

   Gənc vokalçı İslam Qasımov də üzərində səylə çalışmaqdadır. Müəllimə isə şagirdinə qarşı hər zaman tələbkardır. İstəyir ki, yetirməsi daha da püxtələşsin, peşəkar olsun. Biz isə İslama sabahın, gələcəyin müstəvisindən yanaşırıq. Və inanırıq ki, onun simasında Azərbaycan adına böyük uğurlar gətirən, neçə-neçə beynəlxalq səviyyəli festivalların, müsabiqələrin qalibi olan böyük sənətçi yetişəcək. Bu yolda İslam Qasımova uğurlar arzu edirik.

  

 

   Mehparə

 

   Mədəniyyət.- 2012.- 11 iyul.- S. 6.