Beynəlxalq folklor festivalından uğurla qayıtdılar

 

   Bir neçə ay öncə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Timuçin Əfəndiyev Slovakiyada səfərdə olarkən bu ölkənin Nitra Universiteti ilə əməkdaşlığa dair müqavilələr imzalamışdı.

  

   Çox keçmədi ki, dost ölkənin Filosof Konstantin adına Nitra Universitetindən ADMİU-ya dəvət məktubu daxil oldu. Məktubda Mədəniyyət və İncəsənət Universitetindən yaradıcı qrup Slovakiyada keçiriləcək 38-ci Beynəlxalq folklor qrupları festivalına dəvət olunurdu. ADMİU rektorunun məsləhəti ilə qrupa universitetin “Musiqi sənəti” və “Rejissor sənəti” fakültələri tələbələrindən ibarət istedadlı gənclər cəlb edildi. Aylarla davam edən gərgin məşqlər, nəhayət ki, öz bəhrəsini verdi. İyulun əvvəlində Nitra şəhərində start götürən beynəlxalq festivalda dünyanın 40-dan artıq ölkəsindən 700-dən çox iştirakçı vardı. MDB ölkələrini isə Rusiya və Azərbaycanın folklor qrupları təmsil edirdi.

   ADMİU-nun “Xoreoqrafiya və səhnə plastikası” kafedrasının müdiri Lüdmila Həsənova ilə “Rejissor sənəti” kafedrasının müəllimi, dosent Hafiz Quliyev bu mötəbər festivalda təqdim olunacaq bir neçə dəqiqəlik səhnə quruluşu, musiqilər, rəqslərin seçimi barədə günlərlə fikirləşdilər. Necə edək ki, yığcam səhnə tərtibatında Azərbaycanımızın etnik xüsusiyyətləri, folklor incəlikləri, başlıcası isə ifaçılıq məharəti öz əksini tapsın. Sonda 6 gəncin üzərində dayandılar. Müxtəlif kurslarda təhsil alan Kamil Cəfərov, Ramin Rüstəmov, Kamal Abdullayev klassik üçlüyü təşkil edəcək, Xamis Cəfərovla Ləman Hüseynli Azərbaycan rəqslərini nümayiş etdirəcək, gənc pedaqoq Altay Məmmədov isə aşıq qismində çıxış edəcəkdi.

   ADMİU-nun folklor qrupu üç gün ərzində festival tamaşaçılarını, sözün əsl mənasında, heyran etdi. Hafiz Quliyev deyir ki, elə ölkə vardı 60-70 nəfərlə təmsil olunurdu, amma bizim 6 nəfərlik qrup festivalın ilk günlərindən hamının diqqət mərkəzində oldu. Gənclərin ifasında səslənən “Sarı gəlin”, “Yanıq Kərəmi” saz havası, “Süleymanı” rəqsi Avropa mühitinə bir Şərq, Azərbaycan ab-havası gətirdi. Təsadüfi deyil ki, festival sonrası keçirilən, demək olar, bütün rəsmi görüşlərə, televiziya verilişlərinə, banketlərə məhz Azərbaycan təmsilçilərini dəvət edir, onların ifalarına dönə-dönə qulaq asmaqdan doymurdular.

   Mədəniyyət və İncəsənət Universitetinin tələbələri festivalda mükəmməl üçlük, rəqs texnikası və ifaçılıq məharətinə görə nominasiyalarda layiq görüldükləri üç fəxri diplomla Vətənə döndülər. Onlara uğurlu səfər arzulamışdıq, uğurla da qayıtdılar.

  

 

   İntiqam Mehdizadə

 

  Mədəniyyət.- 2012.- 11 iyul.- S. 5.