Sənətdə
keçən ömür: Mirzə Muxtar
Mədəniyyət tariximizdə parlaq iz qoyan
və xalqın yaddaşında heykəlləşən sənətkarlarımız
çoxdur. Belə əbədiyaşar simalardan biri də musiqişünas, görkəmli səhnə xadimi və müəllim kimi
tanıdığımız Mirzə Muxtar
Məmmədovdur. Bu görkəmli sənətkarın
həyat və yaradıcılığı ilə
tanış olarkən bir xalq
məsəli yada düşür:
“Əməlimiz qüdrətimizdən xəbər verir”.
O, mənalı
və uzun ömür
yaşayıb. 1841-ci ildə Şuşa
şəhərində məşhur musiqiçi
ailəsində anadan olub.
Atası Mirzə Əli Əsgər Qarabaği
də musiqi mədəniyyətimizin
inkişafında böyük xidmətlər
göstərib. Gözəl səs sahibi və
mahir tarzən olub. Xurşidbanu Natəvanın atası Mehdiqulu xanın sarayında musiqiçi
kimi çalışıb. Xeyli vaxt Mirzə Hüseyn, Keştazlı Həşim, Hacı Hüsü, Məşədi İsi
kimi xanəndələri tarda
müşayiət edib. Yaxın Şərq
ölkələrinə səfər edib, İranda Nəsrəddin şahın
sarayında qurulan məclislərdə mahir tarzən kimi ad-san qazanıb... Mirzə Muxtar
məhz belə bir mühitdə böyüyür. Atası onun
təhsili ilə ciddi məşğul olur. İlk təhsilini də
Şuşa mədrəsəsində
alır. Türk, ərəb və fars dillərini mükəmməl öyrənir.
Hətta bu dillərdə qəzəllər
də yazır. Şəxsi mütaliə yolu
ilə Şərq və Azərbaycan klassik
ədəbiyyatını dərindən mənimsəyir. Onu da qeyd edək
ki, o, rus dilini də bilir. Ötən əsrin 60-cı illərində Şuşada
“Qış klubu”nda səhnələşdirilən rus teatr tamaşalarına
gedir. Bu tamaşalar onun qəlbində teatr sənətinə və dramaturgiyaya rəğbət
oyadır. O, 1870-ci ildə
yerli ziyalıları ətrafına toplayır.
Şuşada M.F.Axundzadənin “Hacı Qara” komediyasını tamaşaya
qoyur. Bu, ilk teatr tamaşası kimi şəhərin mədəni həyatında
müsbət rol oynayır. Mirzə Muxtar üç il sonra
(1873) teatr həvəskarlarının
köməyi ilə “Hacı Qara”nı yenidən səhnələşdirir...
Mirzə Muxtar 1919-cu ildə Bakıda nəşr olunan “Övraqi-nəfisə”
adlı incəsənət
jurnalında bu əlamətdar hadisəni
belə xatırlamışdı:
“Qırx beş
il bundan əqdəm Şuşada mərhum Mirzə Fətəlinin əsəri
“Hacı Qara”nı teatra məxsus bir bina olmadığından
qışlaqda (kazarmada)
mövqeyi-tamaşaya qoydum...”
Onun Azərbaycan milli
teatr tarixində unudulmaz xidmətlərindən
biri də teatr səhnəsində
ilk dəfə qadın
rolunda çıxış
etməsidir. Mirzə
Muxtarın səhnə
fəaliyyətinin 40 illiyi
ilə bağlı “Kaspi” qəzeti 9 may
1913-cü il tarixli nömrəsində
yazıb: “Mirzə Muxtar Məmmədov müsəlman səhnəsinin
ilk həvəskar artistlərindən
biridir. O, birinci dəfə Şuşada “Hacı Qara” pyesində oynayıb. Müsəlman səhnəsi üçün
onun xidmətləri ona görə qiymətlidir ki, o zaman səhnədə oynamaq mürtədlik hesab olunurdu. Bu işə cəsarət
edənlər dindarlar
tərəfindən təqib
olunurdu. O dövrdə
qadın rollarını
oynamaq daha böyük qəbahət
sayılırdı. Bu rolları oynayanlar hər cürə alçaldılırdı. Mirzə Muxtarın müsəlman səhnəsi üçün
xidməti bir daha ona görə
böyükdür ki,
o, belə şəraitdə
fəaliyyət göstərib.
Müsəlman səhnəsinin bu
qocaman həvəskar artisti belə çətin maneələri
keçib gəlmişdir”.
Mirzə Muxtar 1870-1882-ci illərdə
Şuşada göstərilən
milli teatr tamaşalarının təşkilatçısı
və iştirakçısı
olur. 1883-cü ildə Gəncəyə,
sonra isə Tiflis şəhərinə köçür.
Bir neçə il orada
müəllimlik edir. Eyni zamanda yerli teatr
həvəskarları ilə
birlikdə teatr tamaşaları göstərir.
1899-cu ildə Bakıya gəlir. Bir müddət müəllimliklə
məşğul olur.
1905-ci ildə müəllimlikdən əl
çəkir. Taleyini həmişəlik
teatr sənətinə
bağlayır. Üzeyir
bəy Hacıbəyli
onu ilk Azərbaycan operası “Leyli və Məcnun”un
tamaşasına dəvət
edir. Məcnunun atası rolunu
ona həvalə edir. O, eyni zamanda tamaşanın hazırlanmasında Ü.Hacıbəylinin
ən yaxın məsləhətçisi və
köməkçilərindən biri olur.
O vaxtdan Mirzə Muxtar opera səhnəsində çalışır.
“Əsli və Kərəm”də Kərəmin
atası, “Aşıq
Qərib”də Xacə,
“Şah İsmayıl”da
Rəmmal, “Fərhad və Şirin”də isə Şapur rollarını yüksək
sənətkarlıq və
incə nəğməkarlıq
məharəti ilə
ifa edir. Onun tamaşaçılar arasında
çoxlu pərəstişkarı
vardı. Onlardan biri
də Üzeyir bəy idi. Əməkdar artist Cəlil bəy
Bağdadbəyov xatirələrində
yazır ki, “Leyli və Məcnun”
tamaşası göstərilərkən
Üzeyir bəy arvadı Məleykə xanımla tamaşaçılarla
bir sırada oturardı. Mirzə Muxtarın ifasında
Məcnunun atasının
ariyasını hər
dəfə maraqla dinləyərdi.
1908-1918-ci illər arası Mirzə Muxtar bir aktyor kimi
Zaqafqaziya, Şimali Qafqaz və Orta Asiyanın bir çox şəhərlərində opera və musiqili komediya tamaşalarında çıxış edir,
tamaşaçıların dərin hörmətini qazanır. Çünki onun fitri istedad, məlahətli səs, həm də böyük səhnə mədəniyyəti
olub. O, hər hansı bir tamaşada oynayarkən özünü səhnədə
yox, həyatda hiss edib. Bir də Mirzə
Muxtarın muğamata,
daha doğrusu, musiqi elminə dərindən bələd
olması onun ifasının təsir gücünü artırıb.
O, ərəb, fars dillərini kamil bildiyindən əruz vəznində yazılan qəzəlləri
aydın, rəvan və düzgün tələffüz edib. Buna görə də
dinləyici onun istər bəmdə, istərsə də zildə oxuduğu sözləri asanlıqla qavrayıb. Araşdırmalarda göstərilir ki,
o, bir aktyor kimi tamaşaçını
öz ehtiraslı oyunu ilə ovsunlardı. Kimliyindən asılı olmayaraq, hər kəs səhnədəki hadisələrə
qəlbən bağlanar
və təsirlənərdi.
Təsadüfi deyil ki,
1913-cü ildə Bakının
teatr ictimaiyyəti, teatr tariximizdə Mirzə Muxtarın müstəsna rolunu nəzərə alıb səhnə fəaliyyətinin
40 illik yubileyini keçirir. Dövri mətbuat
bu əlamətdar hadisə haqqında elanlar verir. “Kaspi” qəzeti Mirzə Muxtarın şəkli ilə birlikdə verdiyi bir xəbərdə yazıb: “Bu gün Tağıyev teatrında
“Nicat” cəmiyyətinin
təşəbbüsü ilə müsəlman səhnəsinin ən yaşlı və təcrübəli fədaisinin
40 illik səhnə fəaliyyəti bayram edilir. Bakı müsəlmanlarından kim Mirzə Muxtarı tanımır? Mirzə Muxtarı nəinki fədakar səhnə xadimi kimi, eyni
zamanda, onu təvazökar xalq müəllimi kimi də tanıyırlar.
Bakının bir çox müsəlman ziyalıları onun yetirməsidir...”
Mirzə Muxtar 1919-cu ildə
78 yaşında ikən
səhnə ilə vidalaşır. Hacıbəyli qardaşlarının təşəbbüsü
ilə Azərbaycan teatr mədəniyyəti tarixindəki əvəzsiz
xidmətləri nəzərə
alınaraq ona ayda 500 manat təqaüd təyin edirlər. O, ömrünün
son 10 ilini musiqişünaslığa
həsr edir. 1929-cu il yanvar
ayının 17-də 88 yaşında
əbədi olaraq gözlərini yumur. O zaman “Kommunist” qəzeti öz səhifəsində dərc
etdiyi nekroloqda yazır: “Türk səhnəsinin bütün
ağırlıqlarını çiyinlərində keçirmiş,
uzun ömrünün
çox və dəyərli bir hissəsini bu səhnədə çalışmış,
ən qoca aktyor Mirzə Muxtar həyat səhnəsindən həmişəlik
olaraq çəkildi”.
Savalan Fərəcov
Mədəniyyət.-
2012.- 13 iyul.- S. 13.