Ağsuda tapılan dəfinə orta əsrlər tariximizin
öyrənilməsinə kömək edəcək
Xəbər
verdiyimiz kimi, orta əsr Ağsu şəhərinin yerində
arxeoloji qazıntı zamanı qədim dəfinə aşkar
edilib. İyulun 11-də Azərbaycan Milli Elmlər
Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi Arxeologiya və
Etnoqrafiya İnstitutu ilə birgə Ağsu rayonu ərazisində
tapılan dəfinə ilə bağlı brifinq keçirib.
Tədbirdə AMEA-nın
vitse-prezidenti, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik
Nailə Vəlixanlı çıxış edərək
orta əsr Ağsu şəhərinin yerində arxeoloji
qazıntı zamanı aşkara çıxarılmış
Hollandiya istehsalı olan qızıl sikkə nümunələrindən
ibarət dəfinə ilə bağlı məlumat verib.
Bildirilib ki, Arxeologiya və
Etnoqrafiya İnstitutu 2010-cu ilin martından orta əsr Ağsu
şəhərinin yerində tədqiqat işləri
aparır. Tarix elmləri doktoru Qafar Cəbiyevin rəhbərlik
etdiyi ekspedisiya bu günədək 15 min kvadratmetrədək
sahəni arxeoloji cəhətdən öyrənməklə,
Azərbaycanın son orta əsrlər tarixinə dair
çoxsaylı nadir maddi-mədəniyyət nümunələri
aşkara çıxarıb. Ekspedisiyanın
tapıntısı AMEA rəhbərliyi tərəfindən
yüksək qiymətləndirilib, Arxeologiya və Etnoqrafiya
İnstitutunun və Ağsu ekspedisiyasının rəhbərliyinə
təşəkkür elan edilib və onlara pul
mükafatının verilməsi qərara alınıb.
Son illər ölkəmizdə
arxeologiya elminin inkişafına xüsusi diqqət yetirildiyini
bildirən Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə
Rəhimova qeyd edib ki, bu gün bir çox bölgələrdə
arxeoloji tədqiqat işləri aparılır.
İnstitut rəhbəri vurğulayıb
ki, tapılmış dəfinə Azərbaycan tarixinin öyrənilməsində
böyük önəm daşıyacaq.
Ağsu arxeoloji
ekspedisiyasının rəisi Qafar Cəbiyev bildirib ki, iyunun
22-də şərti olaraq VII qazıntı sahəsi
adlandırılan ərazidə qazıntı işləri
aparılarkən bir-birinin yaxınlığında səpələnmiş
vəziyyətdə olan qızıl sikkə nümunələrindən
ibarət dəfinə aşkara çıxıb. Sikkələrin
ümumi sayı 37 ədəddir. Onlardan bir ədədi 1781,
bir ədədi 1786, üç ədədi 1787, bir ədədi
1796, 31 ədədi isə 1800-cü ildə zərb olunub.
Aşkar olunmuş qızıl sikkələrin, demək olar
ki, hamısı yaxşı vəziyyətdədir.
Ekspedisiya rəhbərliyi ilkin zəruri
tədqiqat işlərini başa çatdıraraq iyunun 25-də
dəfinəni Arxeologiya və Etnoqrafiya İnstitutu rəhbərliyinin
tövsiyəsi ilə Milli Azərbaycan Tarixi Muzeyinə təhvil
verib.
İyulun 9-da Ağsuda daha bir
qızıl nümunəsi - qızıl sinəbənd
tapılmışdır. Hazırda Ağsuda tədqiqatlar
davam etdirilir. İndiyədək aşkarlanmış nümunələr
onu göstərir ki, XVIII əsrdə Azərbaycan şəhərlərinin
dünyanın bir çox şəhərləri ilə
sıx əlaqəsi olub.
Mədəniyyət.-
2012.- 13 iyul.- S. 13.