Seyyida!

 

   Sənin aləmdəki Səsin heç zaman kəsilməz, şan-şöhrətin əskilməz...

  

   İşlək alətlər içrə qələm qədər sakit-samiti olmasa da, sənin səsini aləmə yaydı o, Seyyida! Yaman yanıqlı, yaman ağrılı-acılı, sevgi-məhəbbətli, can-cananlı səslər çıxarıb o Qələm...

   O qələm, o müəllif...

   Yaxşı anlaşılacağından xatircəm olsaydım, bu yazının adını elə “O və O” qoyardım. Biri şəxs, digəri işarə əvəzliklərindən ibarət o başlıq, “Seyyida!” xitabımı əvəz edərək, bu fonetik səslərlə o poetik Səsin heç zaman kəsilməzlik, şan-şöhrətinin əskilməzlik cövhərlərinin qədir-qiymətinə bir qədər də qüvvət vermiş olardı...

  

   Amma, əcəba, ismi-şərifi də imam övladı olduğuna dəlalət edən bir şəxs ki ətrafdakı (və təbii, vətənindəki) fəqir-füqəranın günahsız avamlığına, cəhalət dəllallarına inamına rəğmən böyük Yaradana daasi” düşə və kəmali-ədəblə əyləşib əsərlərindən biriniAllaha rüşvət” kəlamı ilə başlaya, o bəndənin haqq səsi kəsilərmi?

   Bir seyid - doğal dini çin daşıyan bir insan ki çoxsaylı xurafat kontingentindən, xüsusən də onları yönləndirən “şəxsi heyət”dən çəkinməyib, onların neştər dolu şanlarına çöp timsallı “Müctəhidin təhsildən qayıtması” kimi qələm uzada, elələrinin təbirincə “həlləm-qəlləm hədyanlar” qoşa, ədəbi-əbədi fətvalar imzalaya, eləsinin şan-şöhrəti əskilərmi?

   Bir ədib ki öz tərcümeyi-halını bu qədər ədəb-ərkanla yaşaya, əzəli-əbədi və təbii təsisatlı “Allah - Bəndə akademiyası” məzunu kimi, yeni üsullu məktəb açıb, sonralar əksəriyyəti milli görəv sahibi olmuş şagirdlərinə dini-dünyəvi dərslər verə, elm-helm öyrədə, didaktik sirlər aça, poetik sehrlər saça - belə bir canlı, sirri-Xuda pirin oxucu-“zəvvar”ları azalarmı?..

  

   Cavablar (?!.)

  

   Əlbəttə, bilgi və məlumat imkanlarım daxilində.

   Əvvəlcə, az-çox, hamıya bəlli bir məsələ barədə. Belə ki, öz zəmanəsinin maarif, ədəbiyyat, mədəniyyət, ümumən ictimai-fəlsəfi xüsusatlar məsələlərində canlı universitet rolu oynamış Seyid Əzim Şirvanini məlum səviyyəyə son dərəcə fəal üzvü, fenomenal “tələbə”si olduğu həyat universiteti yüksəltmişdir. Adına “həyat məktəbi”, “tale universiteti” deyilən həmin oyox” təhsilxanada isə çox şeylər var ki, onlar tarixən mövcud olmuş və olası ali təhsil ocaqlarının heç birində qaynamaz. Məsələn, hansı sabiq institutun imtahan biletində və ya müasir universitetlərin test banklarında “Mən ki bihuş düşüb, görcək özümdən getdim, Siz ki huşyardız - ol afəti-dünya kim idikimi kəllə-zəllə suallar olur?..

   İti zehnə, qaynar-qavram fəhmə malik olsa da, “həyat universitetinin bütün “kurs”ları - körpəliyi, uşaqlığı, yeniyetməliyi, gəncliyi çox çətin keçib Seyid Əzimin. Ruhani ailəsində dünyaya göz açar-açmaz, atası - Şamaxının çox tanınmış, mötəbər şəxslərindən sayılan Seyid Məhəmməd kişi vəfat edir. O, ana babası Molla Hüseynin himayəsinə düşür ki, həmin qəyyum da uzaqda - Dağıstanın ucqar bir kəndində ruhanilik edirdi. Babasından ərəb və fars dillərini öyrənən, lakin ürəyindəki şəxsi və milli arzularına burada meydan tapa bilməyən Seyid Əzim on il sonra Şamaxıya qayıdır, mədrəsədə orta ruhani təhsilini tamamlayır. Bu yön təhsilini artırmaq həvəsi iyirmi bir yaşlı bu gənci uzaqlara çağırır.

   Əvvəlcə İraq (Nəcəf və Bağdad), sonra Suriya (Şam şəhəri). İraq təhsilində dünyəvi elmlərə də maraq-məşğulluq göstərmiş gələcək şair Şamaxıya qayıdıb, yeni üsullu məktəb açır və ömrünün sonunadək, bütün digər fəaliyyət meydanlarından əlavə, burada çalışır, öz təkrarsız yaradıcılığı ilə bahəm, Mirzə Ələkbər Sabir ruhlu, Sultan Məcid Qənizadə çəkili bir çox şair, alim və digər ictimai-siyasi görklü şəxsiyyətlərin yetişməsində bünövrə rolu oynayır.

   Ahıllıq və əcəlin bütövləməyə imkan vermədiyi qocalıq “kurs”larını isə o özü - bilərəkdən çətinləşdirib. Onun bu “bilərəkdən”i həyat elmini alim kimi dərk edərəkdənindən, ətrafı zərrəbinvari görərəkdənindən, duyaraqdanından qidalanırdı. İctimai-sosial, dini-kolonial mühitin abır-həyadan xali xalları bu ədəb-ərkanlı maarifçi-ədibi nalayiq jarqonlar, hətta ədəbdənkənar ifadələr işlətməyə də məhkum və məcbur edirdi. Bir məlum şamaxılı haqda “səg (səy) kopoyoğlu” rədifini öz regional qürrə, məhəlli fors arşınıyla ölçüb sözügedən bölgəyə rişxənd edənləri “zati-at” ayaması ilə “təltif”ləndirməyə məcbur olurdu. Başqa bir bölgə mollalarının onun adına və həmyerlisi olan mollaların namına qoşdurub dilə-dişə saldıqları “Şirvannamə”lərini - satirik şeiriyyətdən, mental mədəniyyətdən çox uzaq hədyançıları, burada verilməsi mümkün sayılmayan (amma əsl “imansıza dinsiz qənim” məsəlinə timsal) bir həcvi (“Yumrulayım...”) ilə susdurmalı olurdu.

  

   Tikanları içərisindəki ipəkləri...

  

   Əvvəla, deyək ki, onun satira tikanları deyəndə xəyalımıza xalqın ayrı-ayrı zümrələrinin ürəyindən çıxan, bütöv bir millətə rahatlıq verən pıtraq-batraq timsallı nəsnələr gəlməlidir. O:

  

   Tutalım elmə olmusan vasil,

   Bizə nədir o “elm”dən hasil?

   Hanı İslam üçün sərəncamın,

   Yerə girsin o “müctəhidnamın!”

  

   deyərkən , bir pis bəndəni bədhal, neçə-neçə yaxşını isə xoşhal edirdi. MəşhurKöpəyə ehsan”ında:

  

   İtdemə, dəxi o da bizim birimiz,

   Belə ölmüşlərə fəda dirimiz...

 

   söylərkən, o vaxtlar minlərlə ac-yalavacın, indilər gələcəkdə milyonlarla oxucunun acı gülüşlərini ölmüş itinə, atına ehsan verənlərin, “İti bazarında atından baha” (Məmməd Araz) dünyanın hər növ yaramazlarının ərvahına ədəbi əbədiehsanedirdi.

   Bütün bu neştərlərlə bahəm, tez-tez ipək-mərcan, tülək-tərlan misralar da yazırdı - bu maarif-mədəniyyət arzulu, milli mayak sevdalı şair:

  

   Gecə gördüm səni, ey afəti dövran, yuxuda,

   Ki, elərdin mənə yüz lütfi-firavan yuxuda.

  

   Seyyidi-zar görüb vəslüvi bidar olmuş,

   Bir gədadır ki, görüb özünü sultan yuxuda...

  

   Dövrün xanəndələri böyük el şənliklərində, bayram yığnaqlarında “...Könlüm sənin yanındadırdemiş FüzulininSeyyida!” tapşırmalı davamçısından da deyirdilər:

  

   Olmasaydı qəmi-eşqin dili-viranımda,

   Saxlamazdım onu bu izzət ilə yanımda.

  

   Düşəni xublərin könlümə fikri, Seyyid,

   Əlli Yusif tapılır külbeyi-əhzanımda...

 

   Şahidlər söyləyirdilər ki, bir gün Cabbar Qaryağdı ilə Seyid Şuşinski gözəllik dəryamız Şuşanın İsa bulağında rastlaşır Seyid Əzimin aşağıdakı qəzəlinin beytlərini bir-birindən ala-ala, bir-birinə ayaq verə-verə tarixi birŞur dəstgahıyaradırlar:

  

   Zahida, ol sənəmin zülfi-çəlipasına bax,

   bəsirət gözüvü, nərgisi-şəhlasına bax.

  

   Ayeyi-xəmr oxuyur, nəfini inkar qılır,

   Tutduğu felini gör, verdigi mənasına bax.

  

   Cənnətə getdi ya duzəxə mürdə, qəmin,

   İrsinə dik gözüvü, külçəvü həlvasına bax.

  

   İstəyir cənnəti zahid bu qədər hiylə ilə,

   Əbləhin fikrini gör, dildə təmənnasına bax.

  

   Dili-divanə sevən can tək o zülfi-siyəhi,

   Başının şurini gör, eşqdə sövdasına bax.

  

   Sanma bu Seyyidi sən əhli-cəhənnəm, vaiz,

   Neyləyirsən əməlin, dildə təmənnasına bax.

  

   Bu qəzəldən sonra onun iki rübaisini xatırlatmağa əşhədi-ehtiyac duydum. Çünki bu rübailər gözəl-qəzəl Şuşamız əbədiyyət təyinli məhəbbət haqdadır:

  

   Şəhri-Qarabağə Şişə qoymuşlar ad,

   Bu şəhr pərilərdən olubdur abad.

   Təsxiri-pəri şişədə qılmaq xoşdur,

   Əmma bu pərirulər əlindən fəryad!

 

   * * *

 

   Ta mənzil olub məscidü meyxanə sənə,

   Aşiqdi hamı aqilü divanə sənə.

   Sən bir güli-tər, cümlə xəlayiq bülbül,

   Sən şəmsən, aləm hamı pərvanə sənə.

  

   Seyyida! Sənə qəni-qəni rəhmət, bugünkü yarınkı oxucularına hörmət ehtiramla:

  

 

   Tahir Əhmədalılar

 

  Mədəniyyət.- 2012.- 13 iyul.- S. 12.