Naxçıvanda bəstəkarların hesabat konserti

 

   Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının hesabat konserti olub.

  

   Tədbirdə Naxçıvan MR Bəstəkarlar Təşkilatının sədri Şəmsəddin Qasımov çıxış edərək qurumun fəaliyyətindən danışıb. Qeyd olunub ki, muxtar respublikada bəstəkar və musiqişünasların fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb. Naxçıvanlı bəstəkarların əsərləri, simfonik və kamera musiqisi böyük konsert salonlarında səslənir.

   Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə çıxışında qeyd edib ki, Naxçıvan MR Bəstəkarlar Təşkilatı 34 illik tarixə və zəngin təcrübəyə malikdir. Son illər Naxçıvan bəstəkarlarının qazandığı uğurlar, muxtar respublikada gənc musiqiçilərin yetişməsi istiqamətində həyata keçirilən tədbirlər və yaradılan şərait mədəniyyətin, o cümlədən musiqinin inkişafına göstərilən yüksək qayğının nəticəsidir. Bu gün naxçıvanlı bəstəkarlar müxtəlif janrlarda yazdıqları əsərlərlə Azərbaycan musiqi xəzinəsini daha da zənginləşdirirlər.

   Bəstəkar Kamal Əhmədovun “Azərbaycan bayrağı” odasının ifası ilə başlayan hesabat konsertində ayrı-ayrı janrlarda mahnı və musiqi nömrələri səsləndirilib. Bəstəkarlardan Şəmsəddin Qasımovun, Yaşar Xəlilovun, İzzət Zamanovanın, Ülvi Əhmədovun, Günay Məmmədovanın əsərləri Naxçıvan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestri və Xorunun, estrada orkestrinin müşayiəti ilə solistlər tərəfindən ifa edilib. “Ömrün Heydər zirvəsi”, Hüseyn Cavidin “Səyavuş” pyesinə yazılmış musiqi əsasında “Süita”, “Əshabi-kəhf” baletindən iki fraqment, “Vətən” romansı, “Müstəqil respublikam”, “Çoban türküsü” və s. əsərlər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

   Hesabat konsertindən sonra bəstəkarlarla görüşən Ali Məclisin sədri Vasif Talıbov uğurlu konsert proqramına görə onları təbrik edib. Qeyd olunub ki, bu gün təkcə paytaxt Bakıda deyil, ölkəmizin regionlarında, eləcə də Naxçıvan MR-də istedadlı sənətkarlar, peşəkar ifaçılar yetişir. Naxçıvan Dövlət Universitetində açılan Bəstəkarlıq kafedrası bu sahədəki kadr hazırlığına mühüm töhfə verir.

   Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə, qurumun İdarə Heyətinin katibi, Əməkdar incəsənət xadimi, bəstəkar Eldar Mansurov və məsul katibi Lalə Hüseynova uğurlu konsert proqramına görə naxçıvanlı bəstəkarları təbrik ediblər.

 

 

  Mədəniyyət.- 2012.- 13 iyul.- S. 10.