Mingəçevir Dövlət
Dram Teatrında “Min bir
gecə”
Artıq incəsənət
dünyasında teatr mövsümünün sonu
yaxınlaşsa da, yeni-yeni tamaşaların premyeraları hələ də təşkil olunmaqdadır.
Təmirdən
sonra mövsüm müddətində daha da həvəslə işləyən Mingəçevir
Dövlət Dram Teatrının
kollektivi bu dəfə Bakıdan dəvət olunmuş gənc rejissor İradə Gözəlovanın
quruluş verdiyi “Min bir gecə” adlı səhnə əsəri ilə tamaşaçıları sevindirdi.
Şərq dünyasının
sirli-sehrli aləmini özündə əks etdirən bu tamaşada “Min bir gecə” nağılından
“Çəkməçi Məruf
haqqında ibrətamiz
hekayə” səhnələşdirilib.
Şərqin özünəməxsus
koloriti müasirliyin sintezinə nail olan istedadlı rejissor İradə Gözəlova
ilə quruluşçu
rəssam Mustafa Mustafayevin
orijinal fikirləri baxımlı bir səhnə əsərinin
yaranmasına xidmət
edib.
Hər bir obrazın xarakterini asanlıqla, aydın formada sərgiləyən yüksək
zövqlə tikilmiş
kostyumlar, səhnədə
hərəkət dinamikasının
emosionallığını artıran musiqilər tamaşanın təsir gücünü daha da çoxaldır. Bunu hər səhnədən
sonra zalda səslənən tamaşaçı
alqışlarından da
sezmək olurdu.
Dövlət sifarişi ilə hazırlanan tamaşada Şıxı Məmmədov,
Elmira İbrahimova, Asim
Əmirov, Asim Məmmədov, Sevinc Şirinova, Ceyhun Əhmədov, Afət Əliyeva, Firuz Hacıyev yüksək səviyyəli aktyor oyunu nümayiş etdirdilər. Tamaşanın
musiqi tərtibatçısı
Elnur Rəsulov, rejissor assistenti Gülnarə Məhərrəmovadır.
Premyeradan sonra çıxış edən
Mingəçevir Dövlət
Dram Teatrının direktoru,
Əməkdar mədəniyyət
işçisi Həsən
Həsənov artıq
bu səhnə əsəri ilə teatrın cari mövsümü bağladığını
elan etdi.
Yeni mövsümdə daha da maraqlı tamaşaların hazırlanacağını,
tamaşaçı zövqünün
həmişə əsas
meyar olacağını
söyləyən direktor
uğurlu səhnə
əsərinə görə
gənc rejissoru təbrik etdi, tamaşaçılara isə
sürəkli alqışlara
görə təşəkkürünü
bildirdi.
Bu da daha bir teatr
mövsümünün sonu.
Əslində isə bu yeni bir
başlanğıc deməkdir...
Esmira
Hacıyeva
Mədəniyyət.-
2012.- 13 iyul.- S. 9.