Qaxın
teatr dünyası
İnsanların mənən zənginləşməsi,
estetik zövqünün mükəmməlləşməsində
incəsənətin, ələlxüsus teatrın müstəsna
rolu var. Tamaşa zalına daxil olan hər kəs istər-istəməz
bu ecazkar mühiti, onun mənəvi yükünü və
insanlara vermiş olduğu qeyri-adi auranı hiss edir. Bu mənada
uşaq teatrlarının üzərinə daha böyük məsuliyyət
düşür. Çünki bir insanın yüksək mənəvi
dəyərlər mühitində yetişməsi, mükəmməl
zövqə malik olması üçün erkən
yaşlarından teatr, səhnə ilə yaxından ünsiyyət
qurması, həyatın, zamanın, tarixin səhnələşdirilmiş
inikasını dərk etməsi zəruridir.
Bu məqsədə xidmət edən
sənət ocaqlarından biri də Qax Dövlət Kukla
Teatrıdır. Yerləşdiyi rayonla yanaşı, qonşu
bölgələrin də azyaşlılarının sevimli məkanı
olan teatr ilk olaraq 1973-cü ildə Qax rayon S.Vurğun adına
Mədəniyyət evinin nəzdində İsako
Zeynalaşvilinin rəhbərliyi ilə dərnək kimi fəaliyyətə
başlayıb. 1976-1992-ci illərdə Xalq Kukla Teatrı
adı altında fəaliyyət göstərib, bu dövrdə
bir neçə festivala qatılaraq laureat adını qazanıb.
Sənət ocağının bu nailiyyətləri nəzərə
alınaraq ona 1992-ci ildə dövlət teatrı statusu
verilib.
Yarandığı dövrdən
uşaq dünyasına rəng qatmaq, balacaları səhnəyə,
böyük sənətə bağlamaq amalı ilə fəaliyyət
göstərən Qax Dövlət Kukla Teatrının direktoru
Nazim Mahmudov qəzetimizə müsahibəsində kollektivin sənət
uğurları ilə yanaşı, ümumilikdə ölkənin
teatr mühiti, uşaq teatrlarının qayğıları
barədə də söz açdı.
- Teatrımız
yarandığı dövrdən uşaqlara estetik zövq
aşılamaq, kukla teatrı sənətini yüksək səviyyədə
təbliğ etmək kimi bir məqsədə xidmət edir.
Sevindirici haldır ki, hər zaman bu istəyimizə nail
olmuşuq. İstər sovetlər dövründə, istərsə
də ölkəmiz müstəqillik əldə etdikdən
sonra iştirakçısı olduğumuz beynəlxalq teatr
festivalları, əldə etdiyimiz uğurlar buna əyani
sübutdur. Kollektiv 2005-ci ildə Türkiyədə,
2010-2011-ci illərdə isə Estoniyanın Vilyandi və
Tallin şəhərlərində keçirilən beynəlxalq
festivallarda respublikamızı layiqincə təmsil etmiş,
diplomlara layiq görülmüşdür. Bundan başqa,
2010-cu ildə teatrımız ev sahibliyi etdiyi II Respublika Kukla
teatrları həftəsində uğurla
çıxış edib. 2011-ci ildə respublikamızda təşkil
olunan I Beynəlxalq Kukla Teatrları Festivalında diploma layiq
görülmüşük.
1992-ci ildən bu günə kimi
teatrda 65-ə yaxın əsərə səhnə həyatı
verilib. Bu nümunələr arasında Abdulla Şaiqin
“Danışan kukla”, Ü.Hacıbəylinin “O olmasın, bu
olsun”, ”Ər və arvad”, Əli Səmədlinin “Cırtdan”,
“Əhmədin vəfalı xoruzu”, Kəmalə Ağazadənin
“Məlikməmməd”, ”Göyçək Fatma”, Osman Abdullayevin
rus xalq nağılları əsasında
hazırladığı “Qızıl balıq”, ”Qoğal”,
Tofiq Kərimin ”Quyruqsuz ulağın sərgüzəştləri”,
Rəhman Əlizadənin ”Damdabaca”, ”Tülkünün
uçuşu” tamaşalarını xüsusi vurğulamaq istərdim.
Nəzərinizə çatdırım ki, ölkə kukla
teatrları arasında ilk dəfə olaraq pantomima
tamaşasını da biz hazırlamışıq. “Turp”
adlı bu tamaşa daim bizə uğur gətirib. Biz bu
tamaşalarla təkcə Qaxda deyil, qonşu rayonlarda, eləcə
də Gürcüstan Respublikasında çıxışlar
edirik. Kollektiv respublikada keçirilən irimiqyaslı teatr tədbirlərində
daim yaxından iştirak edir. Son olaraq Mədəniyyət və
Turizm Nazirliyinin böyük mütəfəkkir M.F.Axundzadənin
200 illiyi münasibətilə təşkil etdiyi milli teatr
festivalına qatıldıq. Bu münasibətlə
hazırladığımız “Hacı Qara” maraqla
qarşılandı.
- 2011-ci ilin noyabrında Bakıda
keçirilən beynəlxalq kukla teatrı festivalından
danışdınız. Bu, Azərbaycanı zəngin ənənələrə
malik teatr ölkəsi, kukla teatrı məkanı kimi
tanıtmaq baxımından mühüm mədəniyyət
hadisəsi idi. Yəqin festival teatrınızın xarici
ölkələrdəki həmkarlarınızla əlaqələr
qurmasına da təkan verib?
- Bu böyük teatr aksiyası
bizim teatr üçün də çox uğurlu oldu.
Festivalda nümayiş etdirdiyimiz «Turp» tamaşası istər
tamaşaçılar, istərsə də münsiflər tərəfindən
yüksək qiymət aldı. Bu tədbir həm də xarici əlaqələrin
genişlənməsinə, təcrübə mübadiləsinə,
görüb-götürməyə imkan yaratdı. Tədbirdən
sonra bizə gələn dəvətlərin də sayı
artıb. Teatrlarımızın beynəlxalq arenaya
çıxışı onun özünəməxsusluğunu,
milliliyini və inkişafını göstərmək
baxımından çox önəmlidir.
- Belə tədbirlər həm də
sənət kollektivlərini mövcud
çatışmazlıqları, geridə qaldıqları məqamları
da görüb aradan qaldırmağa imkan yaradır. Siz necə,
bu çatışmazlıqları hiss edirsinizmi?
- Bu gün ölkədə yeni teatr
dövrü başlanıb, bu sahəyə dövlət tərəfindən
diqqət və qayğı artırılıb. İstər
paytaxt, istərsə də bölgə teatrları yüksək
səviyyədə təmir olunaraq yenidən
tamaşaçıların ixtiyarına verilir. Yəni texniki
sarıdan hər şey öz qaydasındadır.
Yaradıcı məqama gəlincə, müəyyən
qüsurlar var. Bunun da əsas səbəbi bizdə sırf
kukla teatrı üçün rejissor, aktyor, rəssam məktəbinin
olmamasıdır. Amma xarici ölkələrdə kukla
teatrı üçün hər bir mütəxəssis
hazırlanır.
- Hər bir teatrın tamaşaçı
auditoriyası qazanmasında
repertuar mühüm yer tutur. Profilli teatr
olaraq sizin repertuar siyasətiniz necə tənzimlənir?
- Hər bir teatrın özünəməxsus repertuar
siyasəti var. Profilli
teatr olaraq repertuar siyasətimizə gəlincə, yaşadığımız
dövrün tələbi,
klassik tamaşaların
təbliği, beynəlmiləlçilik
ideyalarının tərənnümü,
vətənpərvərlik və ən əsası da millilik bizim üçün əsas meyarlardır.
- İndi
bir çox teatrlar fərqli quruluşda, yeni yozumda tamaşalar hazırlamaq üçün
yaxın-uzaq ölkələrdən
teatr mütəxəssisləri
dəvət edirlər.
Bu yöndə sizdə nə kimi fikirlər var?
- Biz hələlik
başqa ölkələrdən
mütəxəssislər dəvət
etməmişik. Amma
2011-ci ildə teatra
ilk dəfə olaraq Bakıdan gənc rejissor Elşad Rəhimzadəni dəvət
etdik. O, Əhməd Orucun “Zınqırovlu pişik” əsərinə
uğurlu quruluş verdi. Qeyd edim
ki, həmin əsər Mədəniyyət
və Turizm Nazirliyinin sifarişi ilə hazırlanmışdı.
Ümumilikdə teatrın
inkişafı baxımdan
kənardan mütəxəssis
dəvət olunmasına
müsbət baxırıq.
Bu, çox vacib və gərəkli amildir. Çünki fərqli yanaşma daim arzu olunandır.
- Respublikamızın
digər kukla teatrları ilə yaradıcı əlaqələriniz
necədir?
- Kollektivimiz bölgələrdə olan
kukla teatrları ilə daima əlaqə saxlayır. Gəncə və Salyan teatrları da bu əməkdaşlığa
daim maraq göstərirlər. A.Şaiq
adına Azərbaycan Dövlət Kukla Teatrından daim diqqət hiss edirik, lazım olan məqamlarda bizə dəstəklərini əsirgəmirlər.
Ümumilikdə respublikamızdakı
teatrların bir araya gəlməsi çox vacibdir. Bu baxımdan 2010-cu ildə Mədəniyyət və
Turizm Nazirliyinin Qaxda keçirdiyi II Respublika Kukla teatrları həftəsinin
əhəmiyyətini xüsusi
qeyd etmək istərdim. Respublikada fəaliyyət göstərən
bütün kukla teatrları bizim rayonda bir araya
gəldilər. Hər
teatr özünün
yeni tamaşasını
göstərdi, kollektivlər
bir-birilərini yaxından
tanıdılar, müzakirələr
aparıldı, nöqsanlar,
iradlar, təriflər
eşidildi.
- İnsanlarda teatra sevgini aşılamaq missiyası
daha çox uşaq teatrlarının üzərinə düşür.
Amma bu günün
uşaq tamaşaçılarının
da teatrdan tələbləri başqadır.
Siz necə, azyaşlı tamaşaçıların
teatra münasibətində
dəyişiklik görürsünüzmü?
- Düzdür,
hər bir insanın teatrı sevməsi üçün
uşaqlıqdan onda teatra həvəs, sevgi yaratmaq lazımdır. Biz də əlimizdən gələni
edirik ki, uşaqlarda teatra sevgini artıra bilək. Teatr kollektivi hər dəfə məktəblilərlə
görüşəndə kuklaların hazırlanması,
onların necə oynadılması, teatrın
tarixi haqda geniş söhbətlər
edirlər. Mən deyə bilərəm ki, 90-cı illərlə müqayisədə uşaqların
teatra münasibəti
çox dəyişib.
İndi uşaqlar hər tamaşadan sonra yeni tamaşanın
nə vaxt olacağı, tamaşanın
personajları, kuklaların
hazırlanması və
necə oynadılması
ilə çox maraqlanırlar. Teatrın nəzdində yaradılmış
“Cırtdan” teatr studiyasında məktəblilər
fəal iştirak edirlər. Amma bir məqamı da unutmayaq ki,
əsrimiz kompyuter əsridir və məhz o vasitə uşaqların dünyasına
sürətlə nüfuz
edib. Uşaqlar kompyuter oyunlarına, əyləncələrə daha
tez aludə olurlar. Amma biz buna baxmayaraq, azyaşlıları teatra
cəlb etməyə çalışırıq və
əminliklə deyə
bilərəm ki, əsasən buna nail oluruq. Bilirsiniz, tamaşalarımızın hamısı
sırf kukla oyununa əsaslandığından,
cizgi film təsiri bağışlayır və
təbii ki, bu da balacaların
çox xoşuna gəlir.
- Aydın məsələdir ki, bu gün uşaqları
təəccübləndirmək elə də asan deyil. Bunun
üçün teatr
direktoru olaraq nə edirsiniz?
- Hər şeydən öncə, repertuar seçərkən
uşaqların maraqlarını,
onların zövqlərini
nəzərə alırıq.
Çalışırıq ki, uşaq hər
bir tamaşadan yeni bir şey
öyrənsin, nə
isə bir nüansı tam dərk etsin.
- Repertuardan danışarkən uşaq
ədəbiyyatının da
vəziyyəti göz
önündə canlanır.
Etiraf edək ki, bu gün
ədəbiyyatımızda uşaq mövzusu bir növ arxa
plana keçib...
- Bu, uşaq teatrları üçün də çox həssas məsələdir. Uşaqlar üçün yazılan səhnə əsərləri azdır. Ona görə də özümüz bu problemi aradan qaldırmağa çalışırıq. Məsələn, teatrımızın ədəbi-bədii hissə müdiri Osman Abdullayev bu boşluğu doldurmaq üçün günün tələblərinə uyğun, uşaqları maraqlandıran pyeslər yazır. Rejissorlarımız daim axtarışdadırlar.
Söhbətləşdi: Həmidə
Nizamiqızı
Mədəniyyət.-
2012.- 13 iyul.- S. 7.