Gəncədə
Nizaminin 870 illiyi ilə
bağlı geniş tədbirlər həyata
keçirilir
Gəncə
Şəhər İcra Hakimiyyətində Prezident İlham Əliyevin
“Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin
870 illik yubileyinin keçirilməsi haqqında” 2011-ci il 23
dekabr tarixli sərəncamından irəli gələn vəzifələrlə
əlaqədar tədbirlər planı şəhər
ziyalılarının, nizamişünas alimlərin, ictimaiyyət
nümayəndələrinin iştirakı ilə müzakirə
edilib.
Tədbirdə Gəncə Şəhər
İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev
dahi şairin yubileyinə hazırlıqla bağlı
görülmüş işlərdən və qarşıda
duran vəzifələrdən danışıb.
Yubileylə əlaqədar təşkil
olunmuş komissiyanın sədri, AMEA-nın Gəncə
Regional Elmi Mərkəzinin direktoru Fuad Əliyevin
komissiyanın gördüyü işlərə dair
hesabatı dinlənilib.
Bildirilib ki, tədbirlər
planı əsasında Gəncə Regional Elmi Mərkəzinin
nəzdində Nizami şöbəsi yaradılıb, Nizami
irsinin təbliği ilə əlaqədar verilişlər
hazırlanıb, ingilis və rus dillərində bukletlər
çap olunub. Şairin “Xosrov və Şirin”, “Leyli və Məcnun”
və “Sirlər xəzinəsi” əsərləri yenidən
Azərbaycan dilinə tərcümə edilərək nəfis
şəkildə nəşr olunub. Samir Pişnamazzadənin
“Nizami məqbərəsinin tarixi” və Sevda Qurbanəliyevanın
“Nizami Gəncəvi və musiqi” kitabları çapdan
çıxıb. Hazırda Nizami Gəncəvinin sözlərinə
yazılmış musiqilərdən ibarət kompakt diskin
hazırlanması üzərində iş aparılır.
Dahi şairin dünyanın bir
çox ölkələrində saxlanılan əlyazmalarının
surətinin Gəncəyə gətirilməsi sahəsində
də müəyyən iş görülüb. Böyük
Britaniya, Almaniya, Avstriya, Rusiya, Fransa və s. ölkələrin
muzeylərindən gətirilmiş əlyazmaların
nümayiş etdirilməsi üçün inşası
başa çatmaqda olan Nizami muzeyində guşə
yaradılır.
Dövlət
başçısının diqqət və
qayğısı sayəsində dahi söz ustasının məqbərəsi
də əsaslı şəkildə təmir edilib. Hazırda
ərazidə abadlıq və yenidənqurma işləri
sürətlə davam etdirilir.
Müzakirələrdə Gəncə
Şəhər Mədəniyyət və Turizm İdarəsinin
rəisi Sənan Hacıyev, şəhərin baş rəssamı
Şərif Şərifov, təhsil idarəsinin rəisi Zakir
Hüseynov, Gəncə Dövlət Universitetinin kafedra
müdiri Sevda Qurbanəliyeva, nizamişünas alimlər Xəlil
Yusifli, Süsənbər Məmmədova və
başqaları çıxış edərək dünya
poeziyasının günəşi Nizami Gəncəvinin 870
illik yubileyi ilə əlaqədar görülən işlərdən
danışıb, sentyabrın üçüncü ongünlüyündə
keçiriləcək yubiley tədbirləri ilə əlaqədar
təkliflərini bildiriblər.
Mədəniyyət.-
2012.- 13 iyul.- S. 5.