Turizm İnstitutunun üçüncü məzun buraxılışı

 

   Ölkənin turizm sektoruna yeni peşəkar kadrlar qədəm qoyur

  

   İyulun 12-də "Hilton Baku" hotelində Azərbaycan Turizm İnstitutunun üçüncü məzun buraxılışına həsr olunmuş təntənəli mərasim keçirildi.

  

   "Məzun-2012" adlı tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, dövlət rəsmiləri, Milli Məclisin deputatları, Azərbaycanda akkreditə olunmuş xarici diplomatlar, elmali təhsil müəssisələrinin, institutun tərəfdaşları olan xarici təhsil müəssisələrinin, habelə turizm sahəsində fəaliyyət göstərən tanınmış şirkətlərin nümayəndələri iştirak edirdi.

   Mərasim Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başladı. ATİ-nin rektoru, tarix elmləri doktoru Cəfər Cəfərov rəhbərlik etdiyi müəssisənin fəaliyyətindən, beynəlxalq əlaqələrindən və qazanılan uğurlardan söz açdı.

   Rektor bildirdi ki, bu il 206 məzuna institutun diplomu veriləcək, onlardan 24 nəfəri isə eyni zamanda ATİ-nin tərəfdaşı olan Avstriyanın Krems Tətbiqi Elmlər Universitetinin diplomunu alacaq. Həmçinin 4 məzuna ATİ-nin magistr diplomu təqdim ediləcək.

   Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev artıq üçüncü məzun buraxılışını həyata keçirən təhsil ocağının fəaliyyətini yüksək qiymətləndirdi: “Bu gün institutda bakalavr, magistrdoktorantura üzrə tədris həyata keçirilir. ATİ Azərbaycanda yeganə ali məktəbdir ki, ikili diplom verir. Bu ali təhsil müəssisəsinin məzunları dünyanın bütün yerlərində diplomları tanınaraq işə qəbul olunur. Bu isə onun göstəricisidir ki, Azərbaycanda turizm üzrə kadr hazırlığı müvəffəqiyyətlə həyata keçirilir”. Nazir qeyd etdi ki, artıq bır sıra xarici ölkələrin də tələbələri ATİ-də təhsil alırlar.

   Tədbirdə çıxış edən Avstriya Federal Mədəniyyət və Elm Nazirliyinin ikitərəfli və çoxtərəfli əməkdaşlıq şöbəsinin müdiri Norbert Ricder bildirdi ki, iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən turizm təhsili sahəsində əməkdaşlıq uğurla davam edir.

  

   Əbülfəs Qarayevə Avstriya hökumətinin qızıl medalı təqdim olundu

  

   Avstriyanın Azərbaycandakı səfiri xanım Silvia Mayer-Kaybiç isə hər iki ölkənin mədəniyyət və turizm nazirlikləri arasında münasibətlərin yüksək səviyyədə qurulduğunu vurğuladı və bu işdə nazir Əbülfəs Qarayevin rolunu xüsusi qeyd etdi.

   Avstriyanın Krems Tətbiqi Elmlər Universitetinin prezidenti Hayns Boyer təhsillərini uğurla başa vuran məzunları təbrik edərək onlara ən xoş arzularını çatdırdı. O, əmin olduğunu bildirdi ki, ATİ-nin məzunları Azərbaycanın turizm sənayesinin inkişafına layiqli töhfələrini verəcəklər.

   Tədbirdə nazir Əbülfəs Qarayevə iki ölkə arasında mədəniyyət və turizm sahəsində əlaqələrin inkişafına verdiyi dəyərli töhfələrə görə Avstriya hökumətinin qızıl medalı təqdim olundu. Medalı nazirə təqdim edən səfir Silvia Mayer-Kaybiç vurğuladı ki, bu, Avstriyada ikinci ən yüksək mükafatdır.

   Sonda məzunlara diplomlar təqdim olundu. Dövlət imtahanlarında yüksək nəticələr əldə edən məzunlara isə xüsusi mükafatlar verildi. Mərasim maraqlı konsert proqramı ilə yekunlaşdı.

  

 

   Mehparə

 

  Mədəniyyət.- 2012.- 13 iyul.- S. 2.