“Molla Nəsrəddin” - Azərbaycan”
Beynəlxalq karikatura müsabiqəsinə
yekun vurulub
İyulun 15-də “Kirpi” satirik
jurnalının nəşrə başlamasının 60 illiyi
tamam olur.
Bu münasibətlə iyulun 16-da
Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova
adına sərgi salonunda “Molla Nəsrəddin”-Azərbaycan” V
Beynəlxalq karikatura müsabiqəsinin yekununa həsr
olunmuş sərgi və mükafatların təqdim edilməsi
mərasimi keçiriləcək.
Müsabiqə Mədəniyyət
və Turizm Nazirliyinin, Beynəlxalq Karikaturaçılar Təşkilatları
Federasiyasının, Azərbaycan Rəssamlar
İttifaqının dəstəyi, Karikaturaçı Rəssamlar
Birliyinin təşkilatçılığı ilə
keçirilib.
Azərbaycan Karikaturaçı Rəssamlar
Birliyindən bildiriblər ki, artıq ənənəvi təşkil
olunan “Molla Nəsrəddin” Beynəlxalq karikatura müsabiqəsi
bu il “Mətbuatın əhəmiyyəti” devizi altında davam
edib. Müsabiqəyə 57 ölkədən 306
karikaturaçı rəssam qatılıb.
Beynəlxalq tərkibli münsiflər
heyətinin qərarına əsasən, müsabiqənin
qızıl medalına Aşkın Ayrancıoğlu
(Türkiyə), gümüş medalına Anon Anindito
(İndoneziya), bürünc medalına Babic Sava (Serbiya),
xüsusi mükafatlara isə Helmut Jakek (Almaniya), Yuri Manayev
(Rusiya) layiq görülüblər. Azərbaycanlı
karikaturaçı rəssam Bayram Qasımxanlı müsabiqədə
Rəssamlar İttifaqının xüsusi mükafatını
qazanıb.
“Molla Nəsrəddin”-Azərbaycan”
Beynəlxalq karikatura müsabiqəsi səsvermənin
obyektivliyinə, müsabiqənin təşkilinin yüksək
səviyyəsinə və müəllif
hüquqlarının qorunmasına görə Beynəlxalq
Karikaturaçılar Təşkilatları Federasiyası tərəfindən
ən yüksək qiymətlə - beş ulduzla qiymətləndirilib.
On gün davam edəcək sərgidə
dünyanın tanınmış karikatura ustalarının
150-dən artıq əsəri nümayiş olunacaq.
Mədəniyyət.-
2012.- 13 iyul.- S. 2.