“Dünyamızı birlikdə rəngləyək”

 

   Azərbaycan Dillər Universitetinin Amerika Mərkəzində “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin həyata keçirdiyi “Dünyamızı birlikdə rəngləyək: Azərbaycanın Qarabağ rəngləri” layihəsinin yekunlarına həsr olunmuş təqdimat mərasimi keçirilib. Layihə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Dillər Universitetinin dəstəyi ilə reallaşıb.

  

   Layihə çərçivəsində iyunun 5-dən 22-dək ABŞ-ın Corc Meyson Universitetində (Virciniya ştatı) Azərbaycan və Amerika qadın rəssamlarının sərgisi keçirilib.

   Sərginin təşkilində Vaşinqtonda fəaliyyət göstərən Qarabağ Fondu da yaxından iştirak edib. Sərgidə tanınmış gənc rəssamlar Nərminə Vəliyeva, Şəhla Qəhrəmanlı, həvəskar rəssam Yeganə Vəliyeva və Amerikada yaşayan Leyla Rzayevanın, habelə Corc Meyson Universiteti tələbələrinin əsərləri nümayiş olunub.

   Azərbaycan rəssamlarının əsərlərində Qarabağ mövzusu üstünlük təşkil edib, “Xarı bülbül”, “Şuşa məscidi”, “Qarabağ atları”, “Şuşada yaşayış evləri”, “Xudafərin körpüsü” və s. rəsmlər tamaşaçıların diqqətini xüsusi cəlb edib. Nərminə Vəliyevanın “Xocalı lövhələri” adlı rəsmlərində Xocalı faciəsinin ağrı-acıları əks olunub.

   Təqdimat mərasimində çıxış edən “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri, Azərbaycan Dillər Universitetinin professoru Şəhla Nağıyeva layihənin uğurla başa çatmasına dəstək verdiklərinə görə sponsor təşkilatlara xüsusi minnətdarlıq edib. İştirakçılara məlumat verilib ki, sərgi başa çatdıqdan sonra Nərminə Vəliyeva bir tablosunu Corc Meyson Universitetinə, “Xocalı lövhələri” silsiləsindən dörd tablosunu isə Vaşinqtonda fəaliyyət göstərən Qarabağ Fonduna hədiyyə edib.

   Sərgidə əsərləri nümayiş olunan Nərminə Vəliyeva və Şəhla Qəhrəmanlı çıxış edərək layihənin xalqlar arasında mədəni körpü yaratmaq məqsədilə həyata keçirildiyini, belə mədəniyyət layihələrinin gələcəkdə də davamlı olmasını arzu ediblər.

   Sənətşünas Ziyadxan Əliyev incəsənətin xalqlar arasında əlaqələrin güclənməsində rolunu yüksək qiymətləndirib, xüsusən Qarabağ dərdinin dünyaya çatdırılmasında belə mədəniyyət layihələrinin əhəmiyyətindən danışıb.

   Sonda İctimai Televiziyanın sərgidən hazırladığı “Qarabağ rəngləri Amerikada” sənədli filmi nümayiş olunub.

 

 

   Mədəniyyət.- 2012.- 18 iyul.- S. 15.