Səhnə
ustalarımız: Panfiliya Tanailidi
Milli teatrımızın
inkişafında Tiflis Azərbaycan
teatrının rolu, burada
fəaliyyət göstərmiş bir
sıra aktyorlar, o
cümlədən ilk
addımlarını burada atan,
sonradan Azərbaycanın müxtəlif
teatrlarının aparıcı aktyoru olmuş, milli kinomuzun iftixarına çevrilmiş
sənətkarlar barədə
«Mədəniyyət»in oxucularına imkan
daxilində məlumat vermişik.
Tiflis teatrının Azərbaycan səhnəsinə verdiyi simalardan biri də tanınmış teatr və kino aktyoru Panfiliya Tanailidi olub. O, bir sıra tamaşalarda Sürəyya Zəngəzurlu (Zəngəzurskaya) adı ilə də çıxış edib.
Mənbələrdən məlum olur ki, Panfiliya Tanailidi 1891-ci ildə Zəngəzur mahalında doğulub. Onun valideynləri buraya Türkiyədən gəlmişdilər. Ailə daha sonra Tiflisə köçmüşdür.
Panfiliya Tanailidi pont yunan əsillidir. (Pont yunanları və ya sadəcə pontlular etnik qrupdur. Tarixən Türkiyənin şimal-şərqində
yaşamışlar - A.B.) O, türk dilini mükəmməl bilirmiş.
Tiflisə köçdükdən sonra rus və
gürcü dillərini
də öyrənib.
Erkən
yaşlarından incəsənətə,
xüsusən teatra xüsusi həvəs göstərən Panfiliya
Tiflis Azərbaycan teatrı
truppasının hazırladığı
tamaşalarda və müxtəlif tədbirlərdə
aktrisa və rəqqasə kimi iştirak edib. Daha sonra o, Mirzəli
Abbasov, Əşrəf
Yüzbaşov, Mirseyfəddin
Kirmanşahlı, Mirzəcan
Quliyev, Həbib Köçərlinski, Nadir İbrahimov,
Mustafa Mərdanov, Möhsün
Sənani və Tiflis Azərbaycan teatrı truppasının digər tanınmış səhnə
ustaları ilə birlikdə müxtəlif tamaşalarda çıxış
etmişdir.
Məlumdur ki, ötən
əsrin əvvəllərində
Azərbaycan teatrında,
o cümlədən Tiflis truppasında
qadın rollarını
kişilər, yaxud başqa millətlərdən
olan qadınlar ifa edirdilər. Buna görə də
Azərbaycan dilinə
mükəmməl yiyələnmiş
Panfiliya Tanailidi Tiflis Azərbaycan teatrı üçün böyük
tapıntı idi.
Mərhum yazıçı-publisist,
Tiflis Azərbaycan teatrı
ilə bağlı bir sıra araşdırmaların
müəllifi Rza Şahvələd yazmışdır
ki, səhnədə xanım Tanailidinin azərbaycanlı olmadığını
hiss etmək mümkün
deyildi.
Böyük səhnə ustası
Hüseyn Ərəblinski
1909-cu ildə Tiflisdə
və Batumda qastrolda olmuşdur. Bir ay davam etmiş
həmin səfərlərdə
onunla birlikdə Bakıdan gəlmiş truppa yerli aktyorların
iştirakı ilə
«Ağa Məhəmməd
şah Qacar»la yanaşı, «Bəxtsiz cavan», «Gaveyi-ahəngər»,
«Əlmənsur», «Nadir şah»,
«Zavallı cocuq», «Zorən təbib», «Yəhudilər» tamaşaları
göstərilmişdir. Həmin tamaşalarda
Panfiliya Tanailidi də iştirak etmişdir.
O, 1914-cü ildə
Hüseyn Ərəblinski
ilə daha bir tamaşada tərəf-müqabil olmuşdur.
Həmin il
Gürcü Əyanları
Teatrında Tiflis Azərbaycan
teatrının aktyoru
Mirzəli Abbasovun hazırladığı «Səd
ibn-Vəqqas» (türk
dramaturqu Əli Heydər Əmirin əsəri) tamaşası
göstərilmişdir. Bu tamaşa barədə
professor Əziz Şərif
öz xatirələrində
maraqlı məlumat vermişdir. Əziz Şərif
tamaşa barədə
«Zakafkazye» qəzeti üçün resenziya yazmış, lakin həmin vaxt bu qəzetin nəşri dayandırıldığına
görə yazdığını
çap etdirə bilməmişdir. Alimin öz
arxivində saxladığı
resenziyadan məlum olur ki, tamaşada
Hüseyn Ərəblinski
Səd ibn-Vəqqas, Panfiliya Tanailidi isə Fatimə rolunu ifa etmişdir.
Resenziyada göstərilir ki,
İslam dininin çiçəklənməsi dövründən bəhs
edən əsərin tamaşası böyük
uğur qazanmış,
bütün aktyorlar,
o cümlədən Panfiliya
Tanailidi «çox gözəl oynamış,
Ərəblinskinin səyi
sayəsində möhkəm
ansambl yaratmışdılar».
Professor Abbas Hacıyevin «Tiflis Azərbaycan
teatrı» kitabından:
«1913-cü ildə «Auditoriya»da,
Zubalov adına Xalq Evində, Kazyonnı və Gürcü Əyanları
Teatrlarında tamaşaların
quruluşunu Əbülfət
Vəli və Mirzəli Abbasov, bəzən də Sidqi Ruhulla və
Mirseyfəddin Kirmanşahlı
verirdilər. Tamaşalarda
Mirseyfəddin Kirmanşahlı,
Əbülfət Vəli,
Mirzəli Abbasov, Həbib Köçərli,
Əşrəf Yüzbaşov,
Əhməd Salahlı,
Panfiliya Tanailidi, Mirzəcan Quliyev böyük müvəffəqiyyət
qazanır, tamaşaçıları
həyəcanlandırır və buna görə
də onların sənəti ədəbi mühit tərəfindən
yüksək qiymətləndirilirdi».
Professor Abbas Hacıyev xüsusi olaraq qeyd etmişdir
ki, Tiflisdə Azərbaycan Xalq Evi - «Auditoriya» açıldıqdan sonra
Tiflis Azərbaycan teatrının
tamaşaları musiqinin
və tərtibatın
dərinliyi, aktyor oyununun təzəlik və orijinallığı
ilə fərqlənir,
ayrı-ayrı tamaşalar
qızğın müzakirə
və mübahisəyə
səbəb olurdu.
Araşdırmalardan
məlum olur ki, 1912-1913-cü il
mövsümündə Tiflis Azərbaycan teatrı
40-dan artıq əsəri
tamaşaya qoymuşdur.
Bu tamaşalar sırasında
«Otello», «Nadir şah»,
«Ölülər», «Qaçaqlar»,
«Dağılan tifaq»,
«Zorən təbib», «Yağışdan çıxdıq,
yağmura düşdük»,
«O olmasın, bu olsun», «Arşın mal alan», «Hacı Qara», «Müfəttiş» və s. məşhur səhnə əsərləri
vardı. Həmin tamaşalarda «ağıllı
və düşüncəli
oyunu ilə rəğbət qazanan, səhnədə canlı
bədii surətlər
yarada bilən» aktyorlardan biri də Panfiliya Tanailidi olmuşdur.
Uzun illər Tiflis Azərbaycan
teatrında aktyor və rejissor kimi fəaliyyət göstərmiş görkəmli
səhnə ustası
Mirzəcan Quliyev
1915-ci ildə Üzeyir
Hacıbəylinin «Arşın
mal alan» operettasını hazırlamışdı.
Tamaşa eyni vaxtda iki dildə - Azərbaycan və gürcü dillərində
oynanılırdı. Bu tamaşada məşhur gürcü dram və komediya ustası Vaso Abaşidze (sonralar Gürcüstanın
Xalq artisti adına layiq
görülmüşdür) ilə birlikdə onun qızı Taso (Anastasiya) Abaşidze də (sonralar o da Gürcüstanın
Xalq artisti adına layiq görülmüşdür) iştirak
edirdi. Hər iki aktyor öz rollarını gürcü dilində ifa edirdilər. Digər rollarda isə Mustafa Mərdanov (Sultan bəy), İbrahim İsfahanlı
(Əsgər), Nadir İbrahimov
(Süleyman) oynamışlar.
Müasirlərinin xatirələrindən məlum olur ki, bu tamaşada
Panfiliya Tanailidi Telli rolunda çıxış
etmiş və onun çıxışı
da uğurlu olmuşdur.
Panfiliya Tanailidi 1916-cı ildə Tiflis Azərbaycan teatr truppasının aktyorları ilə birlikdə İrəvanda qastrol səfərində iştirak etmişdir.
Mirseyfəddin Kirmanşahlı,
Əşrəf Yüzbaşov,
İbrahim İsfahanlı,
mollanəsrəddinçi şair
Əliqulu Qəmküsar,
Mustafa Mərdanov və
başqa səhnə ustalarından ibarət truppa həmin qastrol zamanı «Gaveyi-ahəngər», «Ölülər»,
«Arşın mal alan» və «Bəxtsiz cavan» tamaşalarını
göstərmişdir.
Panfiliya Tanailidi həmin
truppanın 1917-ci ildə
təşkil edilmiş
Təbriz, 1919-cu ildə
isə İstanbul qastrollarının da iştirakçısı olmuşdur.
1923-cü ildən Tiflis Azərbaycan
Dövlət Dram Teatrının
baş rejissoru vəzifəsində çalışan
Aleksandr Tuqanov
1924-cü ilin yazında
Bakı şəhərinə
- Azərbaycan Dövlət
Dram Teatrına dəvət
edilmiş və yaradıcılıq fəaliyyətini
burada davam etdirmişdir. Məhz onun
dəvəti ilə
1925-ci ildən etibarən
Panfiliya Tanailidi də bu teatrda
işləmişdir.
O, Azərbaycan
Dövlət Dram Teatrında
Kəblə Fatma («Ölülər»), Emiliya
(«Otello»), Şamama cadu («Pəri cadu»), Tükəz («Hacı Qara»), Köylü qadın («Topal Teymur»), Marqo («Knyaz»), Tamara («Oqtay Eloğlu»), Böyükxanım («Aydın»)
və bir sıra başqa obrazlar yaratmış, iki bədii filmə («İsmət» və «Almaz») çəkilmişdir.
Erkən yaşlarından taleyini Azərbaycan teatrı ilə bağlamış Panfiliya
Tanailidi repressiya qurbanı olmuşdur.
1937-ci ildə saxta ittihamla tutulmuş, 1938-ci ildə güllələnmişdir. 1957-ci ildə ona
bəraət verilmişdir.
Adilxan Bayramov,
filologiya elmləri
doktoru
Fotoşəkillər C.Cabbarlı
adına Azərbaycan Dövlət Teatr Muzeyinin fondundan götürülmüşdür.
Mədəniyyət.-
2012.- 18 iyul.- S. 12.