Türkiyədə
“Dədə Qorqud” sənət
festivalı
İyulun 11-15-də Türkiyənin
Bayburt şəhərində 18-ci “Dədə Qorqud” Beynəlxalq
sənət festivalı keçirilib. 1995-ci ildən Dədə
Qorqudun şərəfinə keçirilən bu mərasimlərdə
türk dünyasının foto və rəsm sərgiləri,
müxtəlif ölkələrdən folklor
ansambllarının çıxışları, tarixi yerlərə
ziyarətlər, şeir yarışmaları, “Dədə
Qorqud” mövzusunda teatr tamaşaları və s. təşkil
olunur.
Budəfəki festivalda ölkəmizi
“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək
İctimai Birliyinin nümayəndə heyəti və “İrs”
folklor ansamblı təmsil edib. Tədbir çərçivəsində
şəhər mədəniyyət mərkəzində
“Miras” İctimai Birliyi və Bayburt Elm, Təhsil və Mədəniyyət
Dərnəyinin (BEKDER) təşkilatçılığı
ilə “Ağsu möcüzəsi” sərgisi
açılıb. “Miras” İB-nin sədri, tarix üzrə fəlsəfə
doktoru Fariz Xəlilli Azərbaycanın qədim Ağsu şəhərində
aşkar olunmuş materiallar və qazıntının yenilikləri
barədə məlumat verib. Bu günlərdə
qazıntı aparılan ərazidə aşkar olunan holland
qızıl sikkələrinin Azərbaycan-Avropa əlaqələrini
öyrənmək baxımından əhəmiyyətini
vurğulayıb.
Daha sonra festival çərçivəsində
Bayburt vilayətinin Aydıntəpə qəsəbəsində
təşkil olunmuş konsert proqramında “İrs” folklor
ansamblı maraqlı repertuarla çıxış edib.
Mədəniyyət.-
2012.- 18 iyul.- S. 12.