Ramiz Quliyev “Urmiya gölü”
festivalında solo konsertlə
çıxış edib
İyulun 6-dan
10-dək Almaniyanın Haydelberq şəhərində
Beynəlxalq “Urmiya gölü”
festivalı keçirilib.
Almaniyada fəaliyyət göstərən
“Urmiya gölü” Komitəsinin təşkilatçılığı
ilə keçirilən və rəngarəng proqramla zəngin
olan festivalda müxtəlif ölkələrdən
(Belçika, Kanada, Rusiya, Almaniya, Türkiyə) dəvət
olunmuş qonaqlar və xarici ölkələrdə yaşayan
azərbaycanlılar iştirak ediblər.
Festival çərçivəsində
Haydelberq qalasına yürüş və elmi seminar təşkil
olunub.
Seminarda Əli bəy Məhcubi,
professor Ulrix Ayxelman, Almaniya parlamentinin deputatı Rahim
Şmidt, Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri
Ayhan Dəmirçi, “Urmiya gölü” Komitəsinin üzvləri
çıxış ediblər. Cənubi Azərbaycandakı
Urmiya gölünün qurumaq təhlükəsi ilə
üzləşdiyi bir daha diqqətə
çatdırılıb.
Festival zamanı Cənubi Azərbaycandakı
Urmiya gölünün tarixini və hazırkı vəziyyətini
əks etdirən fotosərgi də nümayiş olunub.
İyulun 7-də festival çərçivəsində
görkəmli tarzən, Azərbaycanın Xalq artisti, beynəlxalq
müsabiqələr laureatı, professor Ramiz Quliyevin solo
konserti böyük marağa səbəb olub. Tarzən və
onu müşayiət edən pianoçu Gülçin
Aslanovanın ifasında Üzeyir Hacıbəylinin
“Koroğlu” operasının uvertürası ilə başlayan
konsert proqramı 3 saata yaxın davam edib.
Professor Ramiz Quliyev Azərbaycan
klassik muğamları və milli musiqimizin gözəl
nümunələri olan xalq mahnılarımızı
böyük məharətlə səsləndirərək dinləyicilərdə
xoş ovqat yaradıb. Bir zamanlar Ramiz Quliyevin sənətindən
ruhlanan Vahid Tarzən və onun sənət dostları ustad
tarzən ilə ilk dəfə səhnəni bölüşərək
tamaşaçılara unudulmaz anlar yaşadıblar.
Ramiz Quliyev 2013-cü ildə Berlində
daha geniş formatda keçiriləcək növbəti
festivala dəvət olunub.
Mədəniyyət.-
2012.- 18 iyul.- S. 9.