Sərhədyanı
turizmin inkişaf
perspektivlərinə dair beynəlxalq konfrans
İyulun
13-14-də Türkiyənin Samsun şəhərində
Azərbaycan, İran, Türkiyə və
Gürcüstanın turizm təmsilçilərinin
iştirakı ilə sərhədyanı turizmin
inkişaf perspektivlərinə dair 2-ci beynəlxalq konfrans
keçirilib.
Tədbirdə ölkəmizdən Azərbaycan Turizm İnstitutunun dosenti Məhərrəm Zülfüqarlı və «Millennium Tourism & Congress DMC»nin əməkdaşı Janna Qadıyeva iştirak ediblər.
Konfransda çıxış edən Samsun valisi Hüseyn Aksoy sərhədyanı turizmin inkişaf perspektivlərinə dair 1-ci konfransın ötən il dekabrda Bakıda, 2011-ci ilin Azərbaycanda «Turizm ili» elan edilməsi ilə bağlı tədbirlər planı çərçivəsində keçirildiyini nəzərə çatdırıb. Həmin konfransın yekunlarına dair qəbul olunan “Bakı Bəyannaməsi” region ölkələri arasında turizmin inkişafı sahəsində perspektivləri müəyyən edir.
Vali qeyd edib ki, bu il aprelin 10-da Türkiyənin Samsun və Azərbaycanın Sumqayıt şəhər bələdiyyələri arasında niyyət protokolu imzalanıb və iki qardaşlaşmış şəhər arasında əlaqələr daha da gücləndirilib. Onun sözlərinə görə, Azərbaycanla Türkiyənin güclü turizm potensialı var və qarşılıqlı layihələrlə bu potensialdan istifadə etmək planlaşdırılır.
ATİ-nin dosenti Məhərrəm Zülfüqarlı çıxışında 2011-ci ilin Prezident İlham Əliyev tərəfindən ölkəmizdə «Turizm ili» elan edilməsi ilə bağlı həyata keçirilən layihələrdən bəhs edib.
Konfransın yekununda “Samsun Bəyannaməsi”
qəbul edilib. Sənəddə sərhəd turizminin gələcəkdə İpək
Yolu marşrutu ilə daha da
inkişaf etdirilməsi
öz əksini tapıb. İştirakçılar qərara alıblar
ki, Orta Asiya respublikalarını və Rusiyanı da konfransa cəlb
etsinlər. Qeyd olunub
ki, sərhəd turizminin inkişafı üçün ilk növbədə
bölgədə olan
münaqişələrin sülh
yolu ilə həll edilməsi arzu olunandır.
Sərhədyanı turizmin inkişaf
perspektivlərinə həsr
olunmuş növbəti
tədbirin Gürcüstanın
Batumi şəhərində keçirilməsi nəzərdə
tutulur.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2012.- 18 iyul.- S. 7.