Həsən bəy Zərdabinin amal yoldaşı
Türk xalqının görkəmli
maarifçi-ziyalılarından biri də İsmayıl
bəy Qaspralı (Qasprinski) olub. Onun redaktorluğu ilə nəşr olunan “Tərcüman” qəzeti uzun illər Rusiya türklərinin sevimli mətbu orqanı olub. Azərbaycanda ziyalılar bu
qəzetə davamlı
olaraq abunə yazılıb. Ona həm də “milli-mənəvi qida mənbəyi” kimi baxılıb...
İsmayıl bəy Qaspralı 1851-ci il martın
8-də Baxçasaray yaxınlığındakı
Ovçuköydə doğulub.
Atası
isə Baxçasaray yaxınlığındakı Qaspra
kəndindən olub.
Daşıdığı təxəllüs də bu kəndlə
bağlıdır. On yaşına qədər Baxçasarayda yaşayır.
İbtidai təhsilini Hacı
İsmayıl müəllimdən
alır. Ağməscid gimnaziyasında təhsilini
başa vurduqdan sonra Voronej hərbi
məktəbinə daxil
olur, daha sonra təhsilini Moskva hərbi məktəbində davam etdirir. Burada qeyri-ruslara qarşı
milli ayrı-seçkilik
vətənpərvər gənci
sarsıdır.
1868-ci ildə 17 yaşında ikən Baxçasarayda Zəncirli mədrəsəsində
rus dili müəllimi işləməyə
başlayır. Burada çalışdığı
müddətdə türk
tarixi, mədəniyyəti
və siyasətinə
dərindən maraq göstərir. Rusiya ərazisində
yaşayan türk xalqları ilə maraqlanır və dərsdən sonra bütün vaxtını
kitabxanalarda keçirir,
biliyini və dünyagörüşünü artırır. Eyni zamanda
Avropa ədəbiyyatını,
mədəniyyətini öyrənir.
Mədrəsədə rus dili ilə yanaşı, tələbələrə türk
dilini də öyrədir. Soydaşlarını qəflət yuxusundan oyanmağa çağırır.
O fikirləşir ki, çarlığın türklərə
qarşı bu qədər alçaldıcı
münasibətinin qarşısını
yalnız elm, təhsil,
mədəniyyət, dil,
fikir və işbirliyi ilə almaq mümkündür. Bu birliyi yaratmaq
üçün də
ilk növbədə, mətbuat
- qəzet lazım idi. O, məqalələrinin
birində yazıb:
"Millətin tərəqqisi
və gələcəyi
üçün hər
şeydən əvvəl
fikir lazımdır. Fikir oyanmadan tərəqqi etmək qeyri-mümkündür".
Bu məqsədlə
1872-ci ildə Ünsizadə
qardaşlarının mətbəəsində
"Tonquc" və
"Şəfəq" adında
qəzetlər nəşr
etdirir. Lakin yaşadığı cəmiyyətdə haqsız
ittihamlardan və əsassız təqiblərdən
bezir. Təhsilini tamamlamaq və
fransız dilini mükəmməl öyrənmək
məqsədilə Parisə
gedir. 1874-cü ilin sonlarına qədər orada qalır. Avropanın mədəni, elmi
və texniki nailiyyətlərini öyrənməklə
bərabər, bu mədəniyyətin heç
də bütün insanlara rifah vermədiyini başa düşür. Ürəyi türkçülüklə
çırpınan İsmayıl
bəy türk ordusunda xidmət etmək, zabit olmaq arzusu ilə
Parisdən İstanbula
gedir. Lakin o, burada xəyallarında
canlandırdığı Türkiyəni
görmür.
1875-ci ildə Baxçasaraya dönür. 1878-ci ildə Baxçasaray şəhər bələdiyyəsinə
rəis seçilir.
Bələdiyyə başçısı olduğu dövrdə məktəb, xəstəxana
açmaq məqsədilə
çar hökumətinə
bir neçə dəfə müraciət
edir. Ancaq cəhdləri boşa
çıxır. Bütün bu
uğursuzluqlara baxmayaraq,
millətinin müqəddəratını
sağlam təməl
üzərində qurmaq
və inkişaf etdirmək üçün
əzm və iradə göstərir.
Yenə də qəzet nəşr etdirmək fikrinin üstündə dayanır. 1879-cu ildə Həsən bəy Zərdabiyə bir məktub yazır. Bildirir ki, Baxçasaray
türklərinin dilində
“Tərcüman” adlı
qəzet nəşr etmək fikrindədir.
Bu işdə ona xeyir-dua verməsini
və bəzi məsləhətlər görməsini
xahiş edir. Həsən bəy Zərdabi bu xəbərdən çox sevinir. Ona bu işdə yardımçı olacağını
bildirir.
“Tərcüman”
qəzeti nəşrinə
icazə aldığı
gündən hər cümləsi bir çağırış olur.
Rusiyada yaşayan türkləri özünüdərkə, cəhalətdən
oyanışa, pozulan və ayaqlar altına atılan haqları uğrunda mübarizəyə səsləyir.
Ona görə də İsmayıl bəy Qaspralı türk dünyasının hər
yerində, eləcə
də Azərbaycanda alovlu publisist, görkəmli maarifçi
kimi təqdim edilib. Görkəmli
şair Hüseyn Cavid onun fədakarlığından
bəhs edərək yazıb:
Bir günəşdi Krım üfüqlərindən
Parlayıb ətrafı nura
qərq etdi.
Məlumdur ki, çar
Rusiyası o dövrdə
türklərə qarşı
daimi mürtəce siyasət aparıb. Türklər dövlət işindən
və idarəetmədən
kənarda saxlanılıb.
İsmayıl bəy Qaspralı
həyatının sonunadək
buna qarşı mübarizə aparır.
Mübarizəsinə "Dildə, işdə
və fikirdə birlik" şüarı
ilə başlayır.
Maraqlıdır ki, bu yolda ilk tərəfdaşlarını
Azərbaycanda tapır.
Kədərini, sevincini onlarla
paylaşır. Bakıda nəşr
olunan "Əkinçi",
"Ziya", "Həyat",
"Füyuzat" və
digər dövri mətbuat orqanlarından güc alır. O, xatirələrində Azərbaycan
türklərinin daim maarifə, elmə, irfana doğru can atdığını bildirib.
Azərbaycandan çox şey
öyrəndiyini etiraf
edib. Onun üçün Mirzə Fətəli Axundzadə və Həsən bəy Zərdabinin rəhbərlik
etdiyi Azərbaycan maarifçilik hərəkatı
əsl məktəb rolu oynayıb. Xatirələrində Həsən bəy
Zərdabini daim ehtiramla xatırlayıb.
Əldə etdiyi uğurların
Zərdabi böyüklüyünün
təsiri altında formalaşdığını bildirib.
Xalqını cəhalətdən
və tənəzzüldən
xilas etməyin vacibliyinə tapındığı
bir zamanda qarşısında "Əkinçi"ni və Həsən bəy Zərdabini gördüyünü
söyləyib.
"Əkinçi"nin 30 illiyi münasibətilə "Yaşa,
Həsən bəy, yaşa!" adlı məqalə yazır. Bildirir ki, türk dünyasında
birinci maarifçilik buğdasını Həsən
bəy səpdi.
Bundan da Tiflisdə "Ziyayi-Qafqaziyyə",
"Kəşkül", Baxçasarayda isə
"Tərcüman" zühur
etdi.
Araşdırmalardan
məlum olur ki, "Tərcüman"
qəzetinin səhifələrində
Azərbaycanla bağlı
hadisələr də
geniş şəkildə
oxuculara təqdim olunub, Bakı, Tiflis, Şuşa, Nuxa və Yelizavetpolun
adları təkrar-təkrar
hallanıb. Dövrünün nüfuzlu ziyalısı
Zaqafqaziya müftisi Hüseyn əfəndi Qayıbov qəzetə 150
nəfəri abunə
yazdırır. Yusif Vəzir
Çəmənzəminli xatirələrində qeyd
edir ki, rus-yapon müharibəsi başlanana qədər
(1904) Azərbaycan ziyalıları
"Tərcüman" qəzetini
sevə-sevə oxuyur və abunə yazılırdı. 1908-ci ildə Hacı Zeynalabdin Tağıyev İsmayıl bəy Qaspralıya göndərdiyi
məktubda yazıb:
"Sizin xidmətlərinizi
saymaqla qurtarmaz, Sizin xidmətləriniz sayılsa, gərək Rusiya müsəlmanlarının
dörddə bir əsrlik mədəniyyət
tarixi yazılsın".
İsmayıl bəyin yeniləşmə
hərəkatı əvvəlcə
mədəni xarakter daşısa da, sonra siyasi mahiyyət
alır. Türk dünyasının
birliyi naminə düşündüyü və
yaratdığı üsuli-cədid
məktəbləri, xeyriyyə
cəmiyyətləri, eyni
zamanda, millətçilik
cərəyanları Qafqaza
gəlib çatır.
Buxaradan keçməklə Türküstan,
Kazan, Orenburq və Sibirə gedib çatır.
İsmayıl bəy Qaspralı
"Tərcüman"la kifayətlənmir.
Onun
30-dan çox elmi əsəri, dərslik və müxtəlif sahələri əhatə
edən kitabları işıq üzü görür. O, ömrünün
son illərini Türkiyədə
yaşayır, 1914-cü ildə
İstanbulda vəfat edir.
Savalan Fərəcov
Mədəniyyət.- 2012.- 20 iyul.-
S. 15.