“Düşünərsən”
Hərdən Azərbaycan səhnəsinin
kimləri itirdiyini düşünəndə,
həmin sənətkarları xatırlayanda “Kimlərə
qaldı dünya” mahnısındakı bu sətirlər yada düşür: “Olmadı sirrin
açan, sehrli
qaldı dünya”. Düz
10 il əvvəl onunla
bir müsahibə hazırlamışdım.
Bu gün isə xatirə
yazıram. Xalq artisti,
dəyərli xanəndə Məmmədbağır
Bağırzadə yaşasaydı, iyulun
21-də 62 yaşını qeyd edəcəkdi.
Amma ömür vəfa
etmədi. İsti yay
günündə dünyaya gəlmişdi,
soyuq payızda sevənlərinə əlvida
dedi.
Xatirəsinə həsr etdiyim yazıda onun sənət dostları, yaradıcılığı, keçdiyi həyat yoluna nəzər də sala bilərdim, amma bu gün sırf xatirələri qələmə almaq istədim. Çünki həmin xatirələr xalqın sənətkara olan sevgisinin sübutudur. 10 il əvvəl ondan yazmağıma da bu sevgi səbəb olmuşdu. Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında rəssam Hacıağa Nəzərlinin xatirə gecəsi keçirilirdi. Tədbir başlamazdan əvvəl salona yayılan həzin musiqi qəlblərə sərinlik gətirirdi. Məmmədbağır Bağırzadənin ifasında “Düşünərsən” mahnısı səslənirdi. Elə bu dəm yanımda əyləşən həmkarlarımdan birinin ağladığını gördüm. “Ay, Zəkurə, nə olub?” - deyə təəccüblə soruşdum. Dedi: “Lap uşaqlıqdan Məmmədbağır şən mahnı oxuyanda da nədənsə mən çox kövrəlirəm”.
Bir neçə gün sonra xanəndə ilə görüşüb yazı hazırladım. Müsahibəmiz zamanı o qədər maraqlı əhvalatlar, xatirələr danışdı - səhnəyə gəlişindən, musiqimizin problemlərindən və s. Onun səhnəyə gəlişi 70-ci illərin ortalarına təsadüf edib, 80-ci illərdə isə Məmmədbağır Bağırzadənin ifası yazılmış qramafon valı olmayan az ev tapılardı. İndiyə kimi köhnə qonşularımızdan birinin evinə gedəndə ani olaraq dönüb servantın üstünə baxıram. Çünki o zaman olduğu kimi, bu gün də servantın baxımlı guşəsini xanəndənin toylardan çəkilmiş fotoları və valları bəzəyir. O dövrdə müğənnilərin fotolarını əldə etmək indiki kimi asan deyildi. Kəndimizdə bütün qohum-əqrəbanın toy şənliyi onsuz keçməzdi. Dəfələrlə dövlət tədbirlərində, el şənliklərində rastlaşardıq, hər zaman da üzü gülərdi. Uşaqla uşaq, böyüklə böyük idi. Bir pərəstişkarı özündən xəbərsiz hər il xanəndənin ad gününü qeyd edərdi. Dünyada olmamasına baxmayaraq, bu gün də həmin evdə bu tarix qeyd edilir. Yaddaşlarda yaşayan daha bir hadisə. Respublikada fövqəladə vəziyyət vaxtları idi. Müğənni sənət dostları ilə Bakı kəndlərinin birində toyda olarkən komendant saatına düşdüklərinə görə musiqiçilərlə birlikdə həmin kənddə gecələməli olurlar. Toy da ancaq kişi məclisindən ibarət imiş. Kişilər dağılışandan sonra oğlanın anasının arzusu ilə təmənnasız olaraq səhərə kimi həmin qəsəbənin xanımları üçün konsert verir. Həmin toy və konsertdən bu günə kimi danışılır.
Xanəndənin pərəstişkarları bu gün də onun sənətinə qiymət verərək onun vəfat tarixində ailə şənlikləri və yığıncaqlar təşkil etməzlər. Bu deyilmi xalqın sevgisi?!
İfa etdiyi yüzlərlə şən, ritmik mahnıların əksəriyyətinin müəllifi özü idi. Bu gün istər gənc müğənnilərimiz istərsə də adlı-sanlı sənətkarlarımız onun mahnılarını yaşadaraq ifa edirlər. Bu, bir daha sübut edir ki, əsl sənətkarlar heç vaxt unudulmurlar.
Lalə Azəri
Mədəniyyət.-
2012.- 29 iyul.- S. 15.