Gözümüzdən
çəkilməyən surət
Xəyalımızdan getməyən
səs
O sənətkar xoşbəxtdir
ki, yaradıcılıqda özünəməxsus tərzi
var, həmkarlarının arasından seçilə bilir. Həm
şəxsiyyəti, həm də bağlandığı
peşəsi ilə qəlblərə yol tapır. Əbədiyyət
yolçusuna dönəndən sonra da heç vaxt unudulmur. Həmişə
yad edilir, yoxluğunun nisgili ürəkləri üzür, sənətinin
əbədiliyi isə bir təsəlliyə çevrilərək
sanki yuxalmış qəlblərə məlhəm olur. Bu mənada
unudulmaz sənətkar, kaman ustası Elman Bədəlovun həm
Azərbaycan mədəniyyəti tarixində, həm də onu
tanıyanların qəlbində əbədi bir abidəsi var.
İyirmi ildən çoxdur ki, dünyasını dəyişib.
Amma bu gün də televiziyada, radioda lent yazıları səslənəndə
barmaqları ilə simlərin təmasından qopan o xoş təranələrə
qoşulub Şuşa dağlarınadək gedə bilirik.
Musiqi ifaçılığında - kamançada öz istedadlarını, qeyri-adi sənətlərini nümayiş etdirən, insanları heyrətləndirən virtuozlar var: Habil Əliyev, Şəfiqə Eyvazova və bu sırada halal yeri əbədi olan Elman Bədəlov...
1929-cu ilin iyununda Ağdamda doğulan Elman Bədəlovun nəsil şəcərəsi Şuşaya bağlıdır. Atası Kərim və əmisi Rəhim Malıbəyli kəndinin nüfuzlu və şöhrətli ziyalılarından sayılırdı. Hətta əmisinin gözəl tar çalmağı vardı. Sonralar Ağdama köçüblər. Rəhim Bədəlov uzun illər Ağdam rayon pionerlər evinin musiqi dərnəyinə rəhbərlik edib. Həmişə də çox sevdiyi qardaşı oğlu Elmanı özü ilə aparar, onda musiqiyə həvəs və məhəbbətin yaranmasına səbəb olardı. Əmisinin tar çalmağından xoşlanan Elman tezliklə dərnəyin tar şöbəsinə üzv yazıldı.
Dərnəkdə tanınmış tarzən Nəriman Mehralıyevdən, əmisi Rəhimdən, evdə isə yaxın qohumları Ağalar Ələkbərovdan tar çalmağın sirlərini öyrəndi. Həyatının ən unudulmaz günü, daha doğrusu, özünü xoşbəxt sandığı an anası Rəxşəndə xanımın ona tar alıb gətirməsi oldu. O gecə sevincindən yata bilməyən balaca Elman tarı sinəsindən yerə qoymadı. Saatlarla radionun yanını kəsdirər, oradan yayılan melodiyalara qulaq asar, sonra da beyninə köçürdüyü musiqiləri olduğu kimi tarında təkrar edərdi. Tar çalmaqdan biləkləri qançır olmuşdu.
Balaca tarzənin şöhrəti Ağdamı bürüdü. Şəhərdə keçirilən konsertlərdə Elman Bədəlov da tarı ilə iştirak edirdi. Onu Ağdam Dövlət Dram Teatrına musiqi hissə rəhbəri kimi işə dəvət edəndə Elman Bədəlovun 18 yaşı vardı. Bacarıqlı tarzənin xoş sorağı Qarabağa yayıldı. Tezliklə Azərbaycan gənclərinin Bakıda keçirilən ikinci festivalının laureatı adını alan Elman Bədəlovun ifası köçürülən lentlər respublika radiosunda səslənməyə başladı. «Şur» və «Segah-Zabul» muğamlarını elə məharətlə çalırdı ki, hətta qocaman xanəndələr də belə etiraf edirdilər: «Elman tarı elə oxudur ki, bizə ehtiyac yoxdur».
Həmişə yeniliyə can atan Elman bir dəfə qonşuluqda yaşayan Əli adlı bir kamança çalanın çalğısına qulaq asaraq o zərif səsə əməlli-başlı aşiq oldu. Üzeyir Hacıbəylinin təbirincə söyləsək, kamançanın elə bir qüdrəti var ki, heç bir alətdə ondakı kimi insan səsinə bənzəyən nalələr qoparmaq mümkün olmur. Saatlarla kamançaya qulaq asmağa başlayan Elman az keçmir ki, mehrini bu alətə salır. Sonsuz həvəs və istəklə onun sirlərinə vaqif olmağa can atır. Əli müəllim də qonşu oğlanın vurğunluğunu hiss edərək ona kamança bağışlayır. Elman Bədəlov böyük məhəbbətlə kamançanı çaldıqca sanki ruhu sakitləşir, özünü o melodiyaların qanadlarına tapşıraraq asimana yüksəlirdi.
Gənc musiqiçinin
sorağı müxtəlif konsert salonlarından, festivallardan
gəlirdi. Bir neçə dəfə Qarabağ məktəblilərinin
Bakıda keçirilən respublika olimpiadalarının
laureatı adını qazandı. Sonralar
Ağdam Musiqi Məktəbində kamançadan dərs deyən
Elman Bədəlov şəhərin özfəaliyyət dərnəyinə
də rəhbərlik edirdi. Təhsil
almağı da unutmadı. Əvvəlcə
pedaqoji texnikumu, sonra isə Ağdam Müəllimlər
İnstitutunun fizika-riyaziyyat şöbəsini bitirdi. Çoxcəhətli bir fəaliyyətə malik
olan Elman Bədəlov Ağdamın Çəmənli və
Əhmədavar kənd məktəblərində bu fəndən
dərs deyib. Amma bir gün də olsun
kamançasından ayrılmayıb.
Vaxtilə məktəblilərin
respublika olimpiadasında iştirak edərkən onun ifa etdiyi
«Çahargah» muğamı münsiflər heyətinin
üzvü, tanınmış bəstəkar, pedaqoq Səid
Rüstəmovun diqqətini çəkib. Səid müəllim bu muğamın lentə
yazılmasını məsləhət görüb. Orta məktəbdə müəllim kimi
çalışsa da, Elman Bədəlov bu hadisəni unuda
bilmirdi. Musiqi sənətinə
açılan yollarda inamla irəliləmək
üçün professional təhsil almağın vacibliyini
duyurdu. Ona görə də 1957-ci ildə Asəf
Zeynallı adına Bakı Orta İxtisas
Musiqi Məktəbinə daxil oldu. Xoşbəxtlikdən ikinci
kursda Səid Rüstəmov ona dərs dedi. Əvvəlcədən
tələbəsinin ifaçılıq qabiliyyətinə bələd
olan Səid müəllim Elmanı Azərbaycan Televiziyası
və Radiosu Xalq Çalğı Alətləri Orkestrinə
işə götürdü. Ömrünün
sonuna kimi bu ansamblda çalışan Elman Bədəlov
kollektivin kamança qrupunun konsertmeysteri kimi fəaliyyət
göstərib. Sonralar Azərbaycan Dövlət
Konservatoriyasının xalq musiqisi şöbəsini
kamança ixtisası üzrə bitirən Elman Bədəlov
pedaqoq musiqiçi kimi də çalışıb. Elman Bədəlov solo ifaçısı və
muğam üçlüyünün tərkibində müxtəlif
konsertlərdə çıxış edərdi.
Türkiyə, Yaponiya, Danimarka, İsveç, Norveç və
başqa ölkələrdə qastrol səfərlərində,
festivallarda Azərbaycan xalq musiqisini, muğamları
özünəməxsus ifa edərək alqışlarla
qarşılanırdı. Onun kamançada
çaldığı «Bayatı-Şiraz», «Dilkəş»,
«Şüştər» muğamları, bir sıra bəstəkar
əsərləri haqqında mütəxəssislər həmişə
dəyərli fikirlər söyləyiblər.
İfaçılıq sənətinin inkişafında və
musiqi mədəniyyətinin geniş təbliğində
göstərdiyi xidmətlərə görə 1982-ci ildə
respublikanın Əməkdar artisti adına
layiq görülüb.
Öz
kamançası ilə kimləri müşayiət etməmişdi?!
Tanınmış musiqiçilərlə yaradıcılıq
ünsiyyəti saxlamaqda bənzəri yox idi. Həmkarları da onun xətrini çox istəyirdi,
xanəndələr də. Sara Qədimova
söyləyirdi ki, Elmanla səfərə çıxmaq
çox xoşdur. Elə həssas təbiəti
var ki, adamı sözsüz başa düşür. Hələ onun müşayiəti ilə mahnılar
oxuyanda insan həvəsə gəlir. Çünki
musiqi ilə sözün bağlılığı, ünsiyyəti
çox gözəl alınır. Elman Bədəlov
öz çalğısı ilə ifaçıya, yəni
xanəndəyə kömək etməyi bacaran, ruh yüksəkliyi
yaradan, ilham verən sənətkar idi. Şövkət
Ələkbərova danışardı ki, Elman heç kəsə
bənzəməyən bir kaman ustadıdır. Unudulmaz
müğənnimiz Elmanla bağlı bir hadisəni belə
xatırlayardı: «1959-cu ildə Moskvada keçirilən Azərbaycan
ədəbiyyatı və incəsənəti
ongünlüyündə mənimlə Xan Şuşinskini
Elman müşayiət edirdi. O çıxışları
görənlər yaxşı xatırlayarlar, bizim
üçlüyümüz nə tufan qopardı. Elə o konsertin nəticəsidir ki, sonra biz dəfələrlə
Elman Bədəlovla birlikdə müxtəlif xarici ölkələrdə
qastrol səfərlərində olduq».
Təkcə qeyri-adi
kaman ifaçısı deyildi Elman Bədəlov. O, həm
də bacarıqlı pedaqoq kimi hörmət və nüfuz
qazanmışdı. Konservatoriyada dərs dediyi
tələbələrindən Ədalət Vəzirov, Yaqut Kərimova,
Ağacəbrayıl Abbasəliyev kimi kamança
ifaçıları öz müəllimlərindən
çox şey öyrənmişdilər. Sonralar onların ifalarının ahəngində də
Elman Bədəlovun təsiri duyulurdu.
Tanınmış kaman ustası
Ağacəbrayıl Abbasəliyev ustadını ehtiramla
xatırlayaraq söyləyir: «Heyf ki, Ədalət Vəzirov
sıramızdan tez getdi. Onunla həmişə
görüşəndə Elman Bədəlov haqqında
söhbət edərdik. Bu, hər müəllimə,
musiqiçiyə xas örnək deyil ki, tələbələri
həmişə onun barəsində məhəbbətlə
söz açmaqdan, xatirələr söyləməkdən,
yada salmaqdan qürur duysunlar. Sənətkar
tanıyırıq ki, öz ifaçılıq sirlərini
nöqtəbənöqtə şagirdinə, tələbəsinə
öyrətməyə sanki qısqanclıq edir. Elman Bədəlov isə tamam başqa bir ürəyin
sahibi idi. Onun ən böyük arzusu, istəyi
bu idi ki, tələbələri ondan yaxşı ifa etsin.
O, bizim çalğımızda yeni bir tərz,
ifaçılıq uğuru görəndə uşaq kimi
sevinərdi. Özünün fikridir: «Əgər tələbə
müəllimindən irəli getmirsə, deməli,
bütün zəhmət puça çıxıb». Yadımdadır, o, bizim iştirak etdiyimiz konsertlərə
məmnuniyyətlə gələr, ifamıza diqqətlə
qulaq asardı. Ürəyincə olanda bizi
bağrına sıxaraq təbrik edərdi. Nədənsə
narazı qalanda çox həssas bir tərzdə, ata ürəyi
ilə, müəllim davranışı ilə bizə
başa salardı ki, nə edək... İyirmi
ildən çoxdur ki, Elman müəllimi itirmişik. Bu dünya fanidir. Kim tutub onu min il
qalacaq. Amma Elman Bədəlov kimi sənətkarlar
heç vaxt ölmürlər. Onların
yaratdıqları yaşayır. Biz bu
gün qürur və fərəh duyuruq ki, kamança ilə
belə ünsiyyət yaratmağımızda,
tamaşaçı məhəbbəti
qazanmağımızda ilk növbədə Elman Bədəlovun
əməyi vardır».
Nə qədər ki Azərbaycan
musiqisi yaşayır, nə qədər ki bu musiqinin
melodiyalarını rövnəqləndirən kamança
çalanlarımız var, demək, Elman Bədəlov kimi
ustadlar da unudulmayıb!
O, yayda dünyaya gəlmişdi. Elə doğulduğu ayda da (iyun 1991)
dünyasını dəyişdi. Varlığı
qədər sevdiyi Qarabağın, Şuşanın qara
günlərindən, işğala məruz qalmağından xəbəri
olmadı Elman müəllimin. Amma ruhlardan
heç nə gizli qalmır ki?! Çaldığı
muğamlarda Şuşa
dağlarının havası, çaylarının səsi,
meşələrinin rəngi var idi. İfa
etdiyi muğamlarda unudulmaz Cabbarın, Seyidin, Xanın zəngulələri
çələng tutmuşdu. Çaldığı
havalarda Cıdır düzünün genişliyi, Qarqar çayının
avazı, Xarı bülbülün etibarı, Xan qızı
Natəvanın qəzəlləri dil açırdı.
Şuşalı sənətkarlar həmişə
həyatdan gələn səsləri elə bacarıqla,
ustalıqla ifa ediblər ki, onların
çalğıları da, zəngulələri də təbiət
gözəllərini ya susdurub, ürəklərini partladıb,
ya da ilhama gətirərək oxudub. Qəribə
sirr vardı şuşalı
çalğıçıların həm əllərində,
həm də nəfəslərində. Onlar
nəyə toxunsalar, hansı simin üstündə gəzişmə
aparsalar, hansı avazla çağlasalar qeyri-adi səslər
bürüyür ətrafı. Ya bülbülün
bağrı çatlayacaq, ya da qaratoyuq dil açıb
oxuyacaq... Bu, şişirtmə deyil. Bizim klassik ifaçılarımızın
bioqrafiyası ilə maraqlananda buna oxşar yüzlərlə
faktın şahidi olmuşuq.
Azərbaycan musiqi mədəniyyətinin
görkəmli nümayəndələrindən biri olan kaman
ustadı Elman Bədəlov məhz belə bir istedadın, məharətin
sahibi idi. Daxili aləmi ilə sənəti
vəhdət təşkil etdiyindən, illərin
uzaqlığı, əbədi ayrılığın
qüssəsi onu yaddaşımızdan ayıra bilmədi.
Unudulmaz sənətkarımızı həmişə
yad edir, onun çalğılarına eyni rəğbət və
məhəbbətlə qulaq asmağı sevirik. Onun
kamanından süzülən melodiyaların ahənginə
qoşulub üzü Şuşaya qanadlanırıq!
Flora
Xəlilzadə,
yazıçı-publisist
Mədəniyyət.-
2012.- 20 iyul.- S. 13.