Azərbaycanda konqres turizmi: imkan perspektivlər

 

   İnkişaf etmiş ölkələrdə turizmin bu növündən çox bacarıqla istifadə edirlər

  

   Son vaxtlar Azərbaycanda perspektivli turizm istiqamətlərindən birinin konqres turizmi olması ilə bağlı fikirlər səsləndirilir. Bunu təkcə turizm sektoru təmsilçiləri deyil, ölkəmizə qonaq gələn əcnəbi turizm mütəxəssisləri deyirlər.

  

   Bir müddət əvvəl Bakıda səfərdə olan Şimali Kipr Beynəlxalq Universitetinin rektoru Mehmet Əli Yüksələn bizimlə söhbətində bu məsələyə toxunmuşdu. Onun sözlərinə görə, turizmin inkişaf etdiyi ölkələrdə konqres turizminə diqqəti artırmaqla, eyni zamanda turizmin mövsümiliyini aradan qaldırmaq olar: «Şimali Kiprdə turizm mövsümü cəmi 4-5 ay idi. İndi biz bunu 7-8 aya çatdırmışıq. Bunun üçün qış aylarında konqres turizmi tətbiq edirik. Hotellər boş olduğu dönəmlərdə universitetlər özlərinin beynəlxalq tədbirlərini burada keçirirlər. Bu həm bizə, həm hotel sahiblərinə sərf edir. Çünki hotellər bunun üçün universitetlərə yarı qiymət təklif edirlər».

  

   Hotellərimiz bu məsələyə maraq göstərməlidirlər

  

   Azərbaycan Turizm İnstitutunun Turizmin təşkili texnologiyası kafedrasının müdiri, dosent Bahadur Bilalovun sözlərinə görə, konqres turizmi - işgüzar biznes turizmin bir qolu kimi (mütəxəssislərin müxtəlif mövzulu simpozium, konfrans ya konqreslərdə iştirak üçün səfərlər etməsi) bir çox ölkələrdə geniş yayılıb. Turizmin inkişaf etdiyi ölkələrdə turist axınının bərabər paylanması üçün bu növdən bacarıqla istifadə edirlər: «Belə işgüzar tədbirlər, adətən, yaz ya payız mövsümündə təşkil edildiyindən, turist axınının tənzimlənməsində əhəmiyyətli rol oynayır. Konqres turizminin bir cəhətini qeyd etmək lazımdır. Bir çox hallarda adını sadaladığımız tədbirlərə qatılmaq üçün səfər edən mütəxəssislər öz ailə üzvlərini özləri ilə aparmaq istəyirlər. Bu səbəbdən konqres turizminin inkişafında maraqlı olan təşkilatlar bu məsələni diqqətdə saxlamalı, tədbir iştirakçılarının ailə üzvləri üçün xüsusi ekskursiya proqramları təklif etməlidirlər. Digər bir tərəfdən, konqres turizminin inkişafında maraqlı olan dövlətlər xüsusi konqres mərkəzləri inşa edirlər”.

   Həmsöhbətimiz bu turizm istiqamətinin Azərbaycandakı perspektivlərini yüksək qiymətləndirir: “Son zamanlar ölkəmizdə turizmin müxtəlif növlərinin inkişafı onu deməyə əsas verir ki, konqres turizmini inkişaf etdirmək olar. Sadəcə, bizim mövcud hotellərimiz bu məsələyə maraq göstərməli, bu tip tədbirlər üçün xüsusi endirimlər tətbiq etməlidirlər».

  

   Mövcud infrastruktur konqres turizminin inkişafına zəmin yaradır

  

   Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanovun fikrincə, Azərbaycandakı mövcud infrastruktura görə konqres turizmi hazırda inkişaf mərhələsindədir: «Yeni yaranan hotellər, bu yaxınlarda istifadəyə verilən «Crystall Holl», geniş tədbirlər keçirmək üçün əlverişli imkanları olan Heydər Əliyev Mərkəzi və s. obyektlər bizə imkan verir ki, ölkəmizin paytaxtında və bölgələrimizdə beynəlxalq səviyyəli simpozium və konfransları, yarmarkaları, görüş və sərgiləri keçirə bilək. Bundan əlavə, Azərbaycana gələn turistlərin tərkibi də ölkəmizdə konqres turizmini inkişaf etdirməyə şərait yaradır».

   Sektor müdiri onu da qeyd etdi ki, konqres turizminin inkişafını zəruri edən amillərdən biri də onun konkret mövsümlə bağlı olmamasıdır: «Bu turizm növü hər hansı bir insanın və ya təşkilatın özünə uyğun bir vaxtda istədiyi ölkədə keçirdiyi tədbirlə bağlıdır. Bunun hava şəraitinə, mövsümə dəxli yoxdur».

   Nazirlik nümayəndəsinin sözlərinə görə, Azərbaycanda bu turizm növü hələlik bəzi ölkələrdəki yüksək səviyyəyə çatmayıb, amma artıq bu yolda mühüm işlər görülməkdədir.

  

 

   Fəxriyyə Abdullayeva

 

   Mədəniyyət.- 2012.- 20 iyul.- S. 9.