“Bakını
gəzərkən qürur duydum, bu gözəlliyi görüb fəxr etdim”
Sərhat Kabaklı: “Qarabağ hər birimizin qəlbində
yaradır, amma Allahın köməyi ilə
biz o yaranı
sağaldacağıq”
Həmsöhbətim
bu günlərdə Azərbaycana ilk dəfə səfər edən, “Mən
Bakını gəzərkən qürur duydum”, - deyən Türkiyənin dəyərli
insanlarından biri, şairlik
iddiasında olmasa da, ruhuna qonan şeirləri
Tanrının neməti sayıb, hər kəslə paylaşan Sərhat Kabaklıdır. Könül evi zəngin olan bu insanla
sizləri də tanış etmək qərarına gəldim.
Sərhat Kabaklı türk ədəbiyyatının görkəmli nümayəndəsi, böyük mütəfəkkir, ədəbiyyatşünas və yazar Əhməd Kabaklının qardaşı oğludur. Deyir ki, biz ailədə dörd uşaq olmuşuq. Atamız bizi işçi maaşı ilə böyüdüb. Üç qardaş, bir bacı, hamımız müəllimlik sənətini seçmişik. “Biz tək məktəb müəllimi deyil, həyat müəllimi, ömür müəllimi olduq, öyrənməyə ehtiyacı olan insanlardan köməyimizi əsirgəmədik”, - deyən Sərhat Kabaklı sosial bilgilər üzrə təhsil alsa da, poeziyaya sonsuz sevgisi var.
- Mənə
deyirlər ki, şeir
nədir? Deyirəm ki, şeir Allahın
nəfəsidir. O nəfəs sənin ruhuna qonur. Bir gün dönüb
yazdığın şeirlərə
baxanda “bu şeirləri mənmi yazdım?” - deyib təəccüblənirsən.
Çünki o bir ilhamdır,
nəfəsdir.
- Biz uşaq olanda əmim Əhməd Kabaklıya xoş gəlmək üçün nə isə düşünərdik.
Əmim oğlu Əsəd saz çalar, türkü söyləyərdi, mən
bunu bacarmazdım, ona görə də iki qatar şeir yazıb əmimin yanına gedib soruşardım ki, bu necə şeirdir?
Əmim hər dəfə məni ürəkləndirərdi.
Elə bir gün gəldi
ki, əmim şeirimi Türkiyənin
ən böyük ədəbiyyat jurnalında
çap etdirdi.
O vaxt 18 yaşım vardı. Bundan sonra məsuliyyətim
daha da artdı.
Daha gözəl şeirlər
yazmalı idim ki, əmimin etimadını doğruldum.
- Yəqin ki, türk dünyasında
geniş yayılan, türk insanına onun böyüklüyünü
xatırladan, ruhunu oyadan “Oğlum” şeirinin də öz tarixçəsi var?
- 1981-ci ilin aprel ayında oğlum dünyaya gəldi. Həmin gecə “Oğlum”
şeirini yazdım.
Gün gələndə, ay gələndə
gəl, oğlum,
Cahan yanar sən
güləndə, gül,
oğlum.
Bir yol vardı, haqq yoludur, bul,
oğlum,
Yeri bilmək, göyü
bilmək, bil, oğlum.
Çabuk böyü, çabuk yetiş, tez, oğlum,
Çaqqal gəzən bu
dağlarda gəz, oğlum.
Bu şeirdə
demək istəmişəm
ki, bu dağlarda
indi çaqqal gəzir, amma dağlar qurda layiqdir. Sən tez böyü,
o dağlardan çaqqalları
qov.
Şeiri əmimə təqdim
elədim, o da jurnalda çap elədi. Sonra onu sıradan
bir şeir kimi unutdum. Bir gün təqvimi vərəqləyərkən gördüm
ki, onu kimsə
jurnaldan götürüb
təqvimin səhifəsində
yerləşdirib. Əmim
oğlu Əsəd dedi ki, mən
bu şeirə musiqi bəstələyəcəyəm.
Elə də etdi. Odur ki, bu şeirin
tanınması, yayılması
və sevilməsində
Əsədin böyük
zəhməti var. O, öz
bəstəsi ilə bu şeirin tozlu rəflərdə qalmasına imkan vermədi. “Oğlum”
türk dünyasına
çağırış, oyanış oldu.
- Bəzən Əsəd bəy bu türkünü oxuyarkən şeirin sözlərində xoş
bir dəyişiklik edir ki, bu
da qəlbimizdəki Qarabağ həsrətini göynədir...
- Qarabağ hamımızın qəlbində
bir yaradır, amma Allahın köməyi ilə biz o yaranı sağaldacağıq.
Biz sülh tərəfdarıyıq,
sülh göyərçinləriyik,
amma kimsə qarşımıza çıxıb
“Qarabağ mənimdir”,
- desə, o zaman savaşın qartalıyıq.
Həmin türküdə
də şeir belə səslənir:
Çabuk böyü, çabuk yetiş, tez, oğlum,
Çaqqal gəzən bu
dağlarda gəz, oğlum.
Gəz oğlum!
Qarabağa göz dikəni
əz, oğlum.
Dostun kim, düşmənin
kim? - sez,
oğlum,
Tarixini şərəfinlə yaz, oğlum.
Yaz, oğlum!
- Bildiyimizə
görə, “Öncə
göyərçinləri vurdular” adlı kitabınız işıq
üzü görüb.
Bu kitabda nələr
var?
- “Öncə
göyərçinləri vurdular” kitabı fərqli bir kitabdır. Kitabda həm sevgi
şeirləri, həm
də vətən şeirləri yer alıb. Sevgi şeirlərini yazdığın
zaman xoşuna gəlir, amma sonra onlardan utanırsan, vətən şeirləri isə mənə çox uğur qazandırdı.
- Sərhat bəy, hər açılan sabahdan yeni bir yol
başlayır. Şeirləriniz qanad açıb uçarkən yeni bir işə başladınız. Bildiyimizə görə, müəllimlik
sənətinə olan
sevginiz sizi bir müddət yaradıcılıqdan uzaqlaşdırdı.
- 15 il
qələmi əlimə
alıb heç nə yazmadım. Bu, məni çox
narahat edirdi. 15 ildən sonra
iki roman, iki dram əsəri yazmışam.
İnşallah, bundan sonra yaradıcılığımı davam etdirmək arzusundayam.
- İlk
dəfə Azərbaycana
gəldiniz. Təəssüratlarınız necədir?
- Uşaqlığımızda
biz Azərbaycanı qolları
zəncirlənmiş igid
kimi xəyal edərdik və inanardıq ki, vaxt gələcək, Azərbaycanı xilas edəcəyik. Sovet gücü o vaxt
xəyallarımızın gerçəkləşməsinə mane olurdu. Gün gəldi ki,
Azərbaycan müstəqilliyini
qazandı, özü
özünə sahib çıxdı,
biz Azərbaycanın hər
uğurunu can - könüldən
izlədik. Mən Bakını
gəzərkən qürur
duydum, bu gözəlliyi, bu əzəməti, bu şah əsəri görüb belə bir türk dövləti
ilə fəxr etdim.
Təranə Vahid
Mədəniyyət.-
2012.- 20 iyul.- S. 6.