“Məhv edilmiş gələcək - Aygün” sənədli filminin təqdimatı

 

   “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyində Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutunun təşəbbüsü ilə çəkilən “Məhv edilmiş gələcək - Aygün” sənədli filminin təqdimatı keçirilib.

  

   Filmin direktoru və məsləhətçisi Milli Məclisin deputatı Qənirə Paşayeva, ssenari müəllifi telejurnalist Vəsilə Vahidqızı, rejissoru Mirsadıq Ağazadədir.

   Film erməni terrorunun qurbanı olan 11 yaşlı Aygün Şahmalıyevanın faciəsindən bəhs edir. Tovuz rayonunun Əlibəyli kənd sakini Aygün Zirəddin qızı 2011-ci ilin iyulunda mənbəyini Ermənistandan götürən Tovuz çayından tapdığı oyuncağın içərisinə yerləşdirilmiş qurğunun partlaması nəticəsində həlak olub.

   Q.Paşayeva bildiridib ki, 11 yaşlı Aygünün faciəsi dünyada analoqu olmayan bir hadisədir: “Oyuncağın içərisinə partlayıcı qurğu yerləşdirməklə bir uşağın həyatına son qoymaq heç bir məntiqə sığmayan vəhşilikdir. Erməni terrorunun Aygün kimi yüzlərlə qurbanı var. Aygün və onun kimi şəhid olmuş azərbaycanlı uşaqları beynəlxalq təşkilatların laqeydliyinin, biganəliyinin qurbanıdır. Əgər bu təşkilatlar vaxtında Xocalıda baş verənlərə və digər hadisələrə reaksiya versəydilər, Aygün qətlə yetirilməzdi. Səssiz qalan cinayət, digər bir cinayətin əsasını qoyur”.

   Deputat bildirib ki, film ingilis, rus dillərinə tərcümə olunaraq, dünya ictimaiyyətinə çatdırılacaq: “Bu işdə QHT-ləri, vətəndaş cəmiyyətlərini də aktiv olmağa çağırıram”.

   Tədbirdə çıxış edən Ombudsman Elmira Süleymanova, millət vəkilləri Vahid Əhmədov, Ceyhun Osmanlı və başqaları Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün belə filmlərin əhəmiyyətini vurğulayıblar.

   Şəhid Aygünün anası Elnarə Şahmalıyeva filmin yaradıcılarına təşəkkürünü bildirib: “Gəlin Aygünü, Xocalıda şəhid olan balaları unutmayaq ki, ermənilər də bunu bilsin və onların qanının yerdə qalmayacağını anlasın”.

 

 

   Mədəniyyət.- 2012.- 20 iyul.- S. 6.