Qəbələdə
ədəbi-bədii gecə keçirilib
Qəbələdə Azərbaycan
milli dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin
200 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə
keçirilib. Prezident İlham Əliyevin “Mirzə Fətəli
Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında”
2010-cu il 13 aprel tarixli sərəncamına uyğun olaraq Qəbələ
Mərkəzi Rayon Kitabxanasında keçirilən tədbirdə
rayon mədəniyyət və turizm, gənclər və
idman, təhsil şöbələrinin əməkdaşları,
kitabxana işçiləri, ziyalılar, müəllimlər
və fəal oxucular iştirak ediblər.
Tədbirdə görkəmli ədib,
mütəfəkkir, milli dramaturgiyamızın banisi
M.F.Axundzadənin yaradıcılığından, kəşməkəşli
həyat yolundan geniş söz açılıb.
Yazıçı-dramaturqun Azərbaycan ədəbiyyatında
azad düşüncənin ifadəçisinə
çevrildiyi, ətrafındakı zülməti, cəhaləti,
nadanlığı ifşa edərək xalqa işıq,
maarifçilik yolunu göstərdiyi vurğulanıb. Belə
tədbirlərin gənclər üçün əhəmiyyəti,
gənc nəslin öz klassiklərini tanımalarında bir
vasitə olduğu nəzərə çatdırılıb.
Axundzadənin fəlsəfi və maarifçilik
düşüncələrini bu gün üçün də
aktual hesab edən tədbir iştirakçıları onun Azərbaycan
ədəbiyyatı tarixində silinməz izlər
buraxdığını söyləyiblər.
Tədbirin bədii hissəsində
dramaturqun “Hekayəti-mərdi-xəsis” komediyası əsasında
çəkilmiş “Hacı Qara” filmi nümayiş etdirilib.
Mədəniyyət.-
2012.- 20 iyul.- S. 5.