“Ramazan dalğası”
Müqəddəs
ayın fəzilətinə, yüksək dəyərlərinə
həsr olunmuş film
təqdim edildi
İyulun 18-də Gənc Tamaşaçılar Teatrında on bir ayın sultanı,
müqəddəs Ramazan ayının
başlanması münasibətilə “Ramazan
dalğası” adlı elmi-kütləvi filmin
təqdimatı oldu.
“Aydınlığa doğru” milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyinin təşəbbüsü və layihəsi əsasında çəkilmiş filmin təqdimatında mədəniyyət və elm xadimləri, xarici ölkələrin diplomatları, ictimaiyyətin nümayəndələri iştirak etdilər. Filmin ideya müəllifi və layihənin rəhbəri “Aydınlığa doğru” İctimai Birliyinin sədri Solmaz Əmirli, ssenari müəllifi sənətşünas Aydın Talıbzadə, rejissoru Elçin Musaoğludur.
Təqdimatdan əvvəl iştirakçılar ictimai birliyin teatrın foyesində təşkil etdiyi “Tanış və sirli Ramazanı kəşf et!” adlı sərgi ilə tanış oldular. Sərginin təşkilində məqsəd Ramazan ayının mahiyyəti, sirləri barədə iştirakçılara məlumat vermək, müqəddəs ayın hikməti, sağlamlığa xidməti ilə yanaşı, sosioloji, psixoloji, əxlaqi dəyərlərini təbliğ etməkdir.
Bu arada biz də filmin yaradıcı qrupu ilə görüşüb təəssüratlarını bizimlə bölüşmələrini xahiş etdik.
“Aydınlığa doğru” milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyinin sədri Solmaz Əmirli:
- Təşkilatımız beş ildir ki, fəaliyyət göstərir. Bu müddətdə bir çox layihələrimiz olub. Fəaliyyətimizin ilk ilində milli toy mədəniyyətimizi bərpa etmək məqsədilə böyük bir layihə həyata keçirdik. Etnoqrafların, mütəxəssislərin iştirakı ilə cəmiyyətə bir toy nümunəsi təqdim etdik. Sonrakı illərdə də milli-mənəvi dəyərlərimizin təbliğində uğurlu layihələr həyata keçirmişik. Mübarək Ramazan ayı ərəfəsində isə çəkilişinə çoxdan başladığımız və böyük istəklə gerçəkləşməsini arzuladığımız film ərsəyə gəldi.
Ramazan
ayının mahiyyəti, dəyəri çox
böyükdür. Bütün səmavi kitablar Ramazan ayında nazil olub. İbrahim peyğəmbərin
(ə.s.) “Səhifələr”i
Ramazanın ilk gecəsi
nazil olub, “Tövrat” Ramazan ayında Musa peyğəmbərə
(ə.s.) göndərilib,
“İncil” İsa peyğəmbərə (ə.s.),
“Zəbur” Davud peyğəmbərə (ə.s.)
bu ayda nazil
edilib. Nəhayət, müqəddəs “Qurani-Kərim” Məhəmməd
peyğəmbər (s.a.s.)
vasitəsilə bəşəriyyətə
bu ayda göndərilib.
Bu ayın insanın
mənəviyyatına, varlığına
təsiri barədə
ictimaiyyətə daha
geniş və əhatəli məlumat verməyi özümüzə
borc bildik. Ramazan ayı, oruc ibadəti haqqında insanlara mümkün qədər elmi dəlillərə söykənmiş
faktlar təqdim etmək istədik. Bunun üçün müxtəlif
mənbələrə müraciət
etdik. Bu işdə ziyalılar, mütəxəssislər öz
köməklərini bizdən
əsirgəmədilər.
Bütün səmavi dinlər
bir mənbədən
qidalanır. Dövr, zaman
dinlərin üzərinə
öz möhürünü
vurur. Amma kökdə eyni
dəyərlərdir.
Filmi Azərbaycan, Rusiya, Türkiyə və Misirdə çəkdik. Müxtəlif dinin daşıyıcılarının, din və elm xadimlərinin müqəddəs Ramazan ayı, orucluq barədə dəyərli
fikirlərini bir filmdə cəmlədik. 55 dəqiqəlik film Azərbaycanda Ramazanın mahiyyəti barədə
ilk filmdir. Mümkün qədər çalışmışıq
ki, kodların, işarələrin dili ilə mətləbləri
tamaşaçılara çatdıraq.
Allah-Təalanın lütfüdür ki, bu istəyi mənim qəlbimə saldı və istədim ki, bu dəyərləri ətrafımdakı insanlarla
bölüşüm. Belə güman edirəm ki, o gün gəlib çatdı.
Filmin ssenari müəllifi Aydın Talıbzadə:
- Filmin əsas ideyası o deyil ki, insanları
Ramazanda oruc tutmağa dəvət edək. Filmin əsas ideyası,
məramı ondan ibarətdir ki, Ramazan ayı təkcə oruc tutmaq ayı deyil, bu, sonsuz,
hüdudsuz mərhəmət,
məsuliyyət, səmimiyyət,
sevinci insanlarla bölüşmək ayıdır.
Biz bu filmi
düşünərkən Ramazanı dalğa kimi düşündük.
Orucluq bir aydır, amma Ramazanın mənəvi dəyərləri
sonsuzdur. Bu fikri, bu duyğuları,
bu yaşantını
dünyaya dalğa-dalğa
yayıb, paylaşmaq lazımdır. Bu filmin ideyası da məhz bu
fikri insanlara çatdırmaqdan ibarətdir.
Rejissor Elçin Musaoğlu:
- Biz bu filmin hazırlığına
üç il
əvvəl başlamışıq.
Film bir neçə
xarici ölkədə
çəkilib. İstədik ki, filmdə bir neçə ölkədə insanların
Ramazan ayında yaşantılarını, həyat
tərzini tamaşaçılara
təqdim edək.
Eyni zamanda Ramazanın mahiyyəti, elmi tərəfləri barədə
insanlara daha ətraflı məlumat verək. Filmdə tanınmış elm, din xadimləri çıxış
etdilər. İnsan da
bir dalğadır.
Biz insan olaraq
özümüzü tanımalıyıq.
Filmdə bizi narahat edən suallara: biz haradan gəlmişik, niyə gəlmişik və hansı missiyanı yerinə yetirməliyik suallarına cavab axtarılır.
Ekran əsərinin nümayişindən
əvvəl Solmaz Əmirli, Aydın Talıbzadə və Elçin Musaoğlu ürək sözlərini
iştirakçılarla bölüşdülər.
Sonra film
təqdim olundu. “Ramazan dalğası”
Allahın böyüklüyü,
Ramazan ayının müqəddəsliyi, əvəzsizliyi
və paklığı
barədə insanlara müsbət dalğalar ötürdü. Film həm də xeyirxahlıq, mərhəmət,
bərabərlik dalğası
kimi yadda qaldı. Sonda Solmaz Əmirli
təqdimata gələn
hər kəsə öz təşəkkürünü
bildirdi və iştirakçılara “Ramazan
dalğası” filminin
diskləri hədiyyə
olundu.
Təranə Vahid
Mədəniyyət.- 2012.- 20 iyul.-
S. 4.