SABIT proqramı üzrə Bakıda marketinq seminarı keçirilib
İyulun
19-da Bakıda Amerika İşgüzar Təcrübələr
Proqramının (SABIT) təşkilatçılığı
ilə «Müasir marketinqin təcrübi aspektləri» mövzusunda
seminar keçirildi. Müasir
marketinq, brendinq, marketinq seqmentasiyası, biznes-analizdə marketinqin rolu mövzularının müzakirə olunduğu seminara 25 iştirakçı
qatılmışdı.
Tədbirin açılışında çıxış
edən USAİD-in (Birləşmiş
Ştatların Beynəlxalq
İnkişaf Agentliyi)
Azərbaycandakı nümayəndəliyinin
rəhbəri Maykl Qrin seminarın ölkəmizdə iqtisadi
islahatlara dəstək
məqsədilə təşkil
olunduğunu dedi. Onun sözlərinə görə, USAİD Azərbaycanın
Dünya Ticarət Təşkilatına üzvlüyü
ilə əlaqədar
islahatların keçirilməsi
üçün 24 nazirlik
və dövlət qurumu ilə aktiv əməkdaşlıq
edir: “SABIT Azərbaycan
iştirakçıları üçün bu il üç proqram təşkil edib. Bu proqramların
mövzuları sırasında
şərab məhsullarının
marketinq və təşviqi, turizm və həmçinin əqli mülkiyyət hüquqlarının kommersiyalaşdırılması
məsələləri var”.
Qonaq Azərbaycan Prezidentinin
intellektual mülkiyyət
hüquqlarının təminatı
haqqında qanunun tətbiqinə dair fərmanını da yüksək qiymətləndirdiyini
qeyd etdi.
Seminar həm məruzə, həm də Kiyev Biznes
Məktəbinin dekanı,
Ukrayna Menecmentin, Təhsilin və Biznesin İnkişafı Assosiasiyasının üzvü
Mixail Krikunovun yönləndirdiyi müzakirə
formatında davam etdirildi.
Seminarın iştirakçısı olan
«Millennium Tourism & Congress DMC»nin direktoru Ruslan Quliyev qəzetimizə açıqlamasında bildirdi
ki, SABIT proqramı
ABŞ Konqresi tərəfindən
maliyyələşdirilir və
Avropa, Mərkəzi Asiya ölkələrinə
bazar iqtisadiyyatına keçiddə texniki yardım göstərilməsini
nəzərdə tutur.
Bu proqramın əsasən iki məqsədi var. Birincisi,
bu proqram Avrasiya materiki ölkələrində Birləşmiş
Ştatların mütəxəssisləri
tərəfindən hazırlanmış
yeni texnologiyaların köməyi ilə qeyri-adi turizm növlərinin inkişafına
yardım etmək üçün həyata
keçirilir. Digər tərəfdən,
Amerikada fəaliyyət
göstərən turizm
şirkətləri SABIT proqramının
köməyi ilə bu regionun ölkələrində
bazar iqtisadiyyatının
bərqərar olmasında
yaxından iştirak edirlər.
Qeyd edək ki, bu
ilin fevralında Azərbaycan, Gürcüstan,
Qazaxıstan, Qırğızıstan,
Moldova, Tacikistan, Ukrayna
və Özbəkistanın
turizm şirkətlərinin
təmsilçiləri SABIT proqramı çərçivəsində
təşkil olunmuş
«Hücrə turizmi» treninqlərində iştirak
ediblər. Bir ay davam edən treninqlərdə ölkəmizi
«Millennium Tourism & Congress DMC»nin
direktoru Ruslan Quliyev və «Viktoriy Tour» turizm şirkətinin rəhbəri
Vüsal Hacıyev təmsil ediblər.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2012.- 20 iyul.- S. 4.