Nizami
və kino
Nizami
Gəncəvi - 870
Bacarsan hamının
yükünü sən çək,
İnsana ən
böyük şərəfdir əmək.
Sən də əldən
düşüb yorulsan əgər,
Sənin də
yükünü bütün el çəkər.
Dahi Azərbaycan
şairi və mütəfəkkiri Nizami Gəncəvinin doqquz
əsr bundan əvvəl yazdığı bu qiymətli sətirlər
bütün zamanlarda müasir səslənmiş, bu gün də
müasir səslənməkdədir. Çünki
söz ustadı Nizami bütün əsərlərini
xalqın zəngin yaradıcılıq xəzinəsinə,
onun mədəni sərvətlərinə arxalanaraq
yaratmış, gələcək nəsillər
üçün yadigar qoymuşdur.
Dünya ədəbiyyatı
və mədəniyyəti xəzinəsinə çox qiymətli
töhfələr vermiş N.Gəncəvi söz sənətinin
sönməz günəşidir. Onun
yaradıcılığı xalqımızın mənəvi
həyatının əvəzolunmaz bədii nailiyyəti kimi
qədim Azərbaycan ədəbiyyatı və mədəniyyəti
tarixinin ən parlaq səhifələrini təşkil edir.
Təsadüfi deyil ki, Nizami irsi ədəbiyyat
və incəsənət xadimlərinin bir çox nəsillərini
ruhlandırmış və onlar şairin həyat və
yaradıcılığına dair bir sıra məşhur əsərlər
yaratmışlar. Fırça və
tişə ustalarının, bəstəkarların, şair və
yazıçıların ən yaxşı əsərlərində
Nizami mövzusunun məharətlə işlənməsi buna
sübutdur.
1941-ci ildə Sovet
İttifaqı böyük şair Nizami Gəncəvinin anadan
olmasının 800 illik yubileyinə geniş hazırlıq
gördüyü vaxt sənədli kino ustaları da dahi
söz ustasına film həsr etməyi qərara
almışdılar. Lakin faşist
Almaniyasının Sovet İttifaqına qəfil hücumu
yubileyin müvafiq səviyyədə keçirilməsinə
imkan vermədi. Bununla belə 1941-ci ildə
mühasirədə olan Leninqradda (indiki Sankt-Peterburq), çətinliklə
də olsa, yubiley qeyd edildi. Respublikamızda
isə dahi şairin yubileyi milli poeziya bayramı kimi
keçirildi. Yubiley şənlikləri Ə.Ələkbərov
və Ə.Minskinin ssenarisi üzrə rejissor A.Naroditskinin
çəkdiyi “Nizami” (1941, operator Ə.Ələkbərov)
kinooçerkində öz əksini tapmışdır. Filmin bəstəkarı Rauf Hacıyevdir.
Film əsasən
şairin həyat və yaradıcılığına həsr
olunmuş yubiley gecəsindən, həmin günlərdə
keçirilən ədəbi gecələrdən, ədəbiyyat
və incəsənət xadimlərinin Nizami əsərləri
üzərində işləmələrindən və digər
tədbirlərdən danışır.
Bundan sonra kino
işçiləri böyük mütəfəkkirin
yubileyinin ümumittifaq səviyyəsində geniş qeyd
olunduğu 1947-ci ildə “Xalq şairi” sənədli
oçerkini yaratdılar. Filmin ssenari
müəllifi və rejissoru Ş.Şeyxov, operatorları
M.Mustafayev, S.Bədəlovdur. Tarixi-bioqrafik
kinooçerk dahi Azərbaycan şairi Nizami Gəncəviyə
həsr olunmuş, burada şairin yubileyi ilə bağlı
mühüm tədbirlər lentə alınmışdır.
Filmdə dahi şairin 800 illik
yubileyinin yenidən qeyd edildiyi günlər, Moskvada
keçirilən təntənəli yığıncaq,
qonaqların Bakı vağzalında qarşılanması,
Nizami adına muzeyin açılışı haqqında
söhbət gedir. Yaradıcı qrup şairin
yaşayıb-yaratdığı dövrü
canlandırmağa, Nizaminin həyat və fəaliyyətinin əsas
mərhələlərini açmağa
çalışmışdır. Filmin mətnini
aktyor Əli Zeynalov oxumuşdur.
Qocaman kinorejissor
M.Mikayılov da Nizami dühasından ruhlanaraq, 1958-ci ildə
yazıçı Ə.Muğanlının ssenarisi əsasında
“Nizami” sənədli filmini yaratmışdır.
Film Nizami Gəncəvinin
həyat və yaradıcılığının
ayrı-ayrı mərhələlərini ekranda
canlandırır. Filmdə belə bir fikir
təsdiq olunur ki, şairin yaradıcılığı
xalqımızın mənəvi həyatının əvəzolunmaz
bədii nailiyyəti, qədim Azərbaycan ədəbiyyatı
və mədəniyyəti tarixinin ən parlaq səhifələridir.
Filmə musiqini bəstəkar Z.Bağırov
yazmışdır.
...Gözəl mənzərə
planlarının biri digərini əvəz edir. Kəpəz dağının zirvəsi qarla
örtülmüşdür. Dağın
altından çay axır. Qarşımızda Gəncənin
gözəl mənzərəsi, Nizami abidəsi, yaşıl
küçələr, çarhovuz, fontan canlanır...
Diktor deyir: “Əziz dostlar, mən
sizi vətənimizin gözəl guşələrindən
birinə səyahətə çağırıram. Uşaq yaşlarından mən Nizami və Gəncəni
bir-birindən ayrı təsəvvür edə bilməmişəm.
Həmişə düşünmüşəm
ki, əgər Nizami dünya mədəniyyəti zirvəsində
sönməyən ulduzdursa, qədim Gəncə mənim
doğma, əziz şəhərimdir. Bu
şəhər xalqımızın ölməz qəhrəmanlıq
ənənələrini qoruyub əsrlərdən əsrlərə
ötürür. Dostlar, dünya
tarixçiləri Gəncəni çinarlar səltənəti
adlandırırlar. Gəlin, əbədi gənc
olan şəhərimizin keçmişinə nəzər
salaq, bugünkü günü ilə tanış olaq və
onun parlaq gələcəyini təsəvvür edək”.
Bu sətirlər
yazıçı-jurnalist N.Babayevin ssenarisi üzrə
rejissor-operator S.Bədəlovun lentə aldığı
“Nizami yurdu” sənədli (1968) filmində səslənir.
Sonrakı kadrlarda tamaşaçılar qarşısında Gəncə
şəhəri ilə bağlı müxtəlif tarixi və
müasir abidələr, Nizami məqbərəsi, yeni
mehmanxana, F.Əmirov və Q.Hüseynli kimi tanınmış
bəstəkarlar yetişdirmiş musiqi məktəbi,
xalça kombinatı, hətta stadionda futbol oyunu, Hacıkəndə
səyahət, gül yığımı və s.
nümayiş etdirilir, Nizami yurdunda aparılan quruculuq işlərindən
məhəbbətlə söhbət açılır.
1976-cı ildə Azərbaycan
Maarif Nazirliyinin sifarişi ilə “Nizami Gəncəvi” tədris
filmi çəkilmişdir. Filmi rejissor
E.Qasımov jurnalist T.Əhmədovun ssenarisi üzrə lentə
almışdır. Filmin operatoru Sərdar
Vəliyevdir.
Film yuxarı sinif şagirdlərinə
bədii söz ustasının həyat və
yaradıcılığı ilə yaxından tanış
olmağa, Nizami irsinin Yaxın və Orta Şərq
xalqlarının ədəbiyyatına təsirini öyrənməyə
kömək edir.
Mütəfəkkir
şair Nizami Gəncəvinin anadan olmasının 840 illiyi
1981-ci ildə təkcə respublikamızda deyil, Sovet
İttifaqının hər yerində təntənəli
şəkildə qeyd edilmiş, poeziyanın, beynəlmiləlçiliyin
gözəl bayramına çevrilmişdir. Bu mədəniyyət bayramı kinosalnamədə
öz əksini tapmışdır. Bir il
sonra rejissor T.Mütəllimov Q.Xəlilovun ssenarisi əsasında
“Poeziya bayramı” sənədli filmini (operatorlar T.Sultanov, K.Məmmədov,
Y.Abramov, F.Qasımov) çəkmişdir. 80-dən
çox xalqı və milləti təmsil edən sovet şairləri
Sovet İttifaqının hər yerindən Azərbaycana
poeziya bayramına qonaq gəlmişdilər. Film məhz həmin görüşlər
haqqında tamaşaçılara məlumat verir.
Budur, poeziya elçiləri
respublikamızın paytaxtını gəzdikcə Nizami və
Füzulinin, Sabir və Müşfiqin abidələri
önündə dayanır, sanki onlara hesabat verir,
sözün, şeirin yüksək mənasını bir daha
nümayiş etdirirlər. Qədim Gəncənin
sənət məbədgahı - Şıx düzündə
Nizaminin məqbərəsi önündəki
görüşü əks etdirən kadrlar da yaddaqalandır.
Tanınmış
yazıçı, kinodramaturq İ.Hüseynov Azərbaycan
xalqının coşqun ilhamlı nəğməkarı
haqqında “Nizami” adlı kinossenarini yazıb, C.Cabbarlı
adına “Azərbaycanfilm” kinostudiyasına təhvil verəndə
nəinki kino işçiləri, həm də minlərlə
kino tamaşaçıları arasında böyük
marağa səbəb oldu. Çünki dahi
şairin həyatı haqqında məlumat çox
olmadığına görə, filmin necə
alınacağı, kino işçilərinin Nizami barədə
yeni söz deyə bilib-bilməyəcəkləri
hamını düşündürürdü. Bu çətin və məsuliyyətli filmə
quruluş verməyi rejissor E.Quliyev öhdəsinə götürdü
və eyniadlı tarixi-bioqrafik janrda kinoroman yaratdı. Filmdə baş rolda SSRİ Xalq artisti, məşhur
müğənni və bəstəkar Müslüm Maqomayev
çıxış etdi.
Müəlliflər
bu film-pritçada ilk növbədə şair Nizaminin
dolğun obrazını yaratmağa
çalışmış, o uzaq illərdə Azərbaycan
xalqının siyasi və sosial həyatının
ab-havasını, insan münasibətlərinin mürəkkəb
dünyasını canlandırmağa səy göstərmişlər.
Bəşəri-fəlsəfi ümumiləşdirmə
yolu ilə gedən film insanın tarixdə rolu, onun xalq
qarşısında borcu haqqında düşüncələridir.
Nizaminin mənəvi idealı ilə reallıq
arasındakı uyğunsuzluq şairin insana və ədalətə
inamını qıra bilməmişdir.
Vətənpərvərlik,
öz torpağına, xalqına məhəbbət, qadına
hörmət, tərəqqiyə, sülhə meyl,
poeziyanın qüdrətli gücü - Nizami əsərlərinin
bu motivlərindən müəlliflər bütünlüklə
istifadə edərək, orijinal və müasir təfsirli, dərin
fikirli, miqyaslı əsər yaratmışlar.
Nizami Gəncəvi
elə şəxsiyyətdir ki, o, nəinki Azərbaycan, həm
də dünya mədəniyyətində böyük yer
tutur. Müəlliflər filmdə
şairin həyatının müəyyən bir
dövrünü canlandırmış, lakin bu zaman kəsiyində
Nizami yaradıcılığının əsas bədii və
fəlsəfi motivlərini yerləşdirmişlər. Burada xronologiya əsas götürülməmişdir.
Çünki Nizami bir sənətkar kimi daha
maraqlıdır. Filmdə də söhbət
onun yaradıcılığından gedir.
“Azərbaycanfilm” və
“Mosfilm” kinostudiyalarının birgə istehsalı olan
ikiseriyalı “Nizami” bədii filmi 1983-cü ildə Leninqradda
(Sankt-Peterburq) keçirilən XVI Ümumittifaq
kinofestivalında uğur qazanmış, Nizaminin humanist
pafosunun ekran təcəssümünə görə rejissor
E.Quliyevə mükafat verilmişdi. 1984-cü ildə
Daşkənddə Asiya, Afrika və Latın Amerikası
ölkələrinin beynəlxalq kinofestivalında film Özbəkistan
Yazıçılar İttifaqının və Nazirlər
Sovetinin diplomları ilə təltif olunmuşdu.
Filmin operatoru Arif Nərimanbəyov,
rəssamı Mayis Ağabəyov, bəstəkarı Qara
Qarayevdir. Rollarda H.Ömərova, H.Turabov, Ə.Abbasov,
Ş.Ələkbərov, H.Xanızadə, Ə.Səmədov
və başqaları çəkilmişlər.
Azərbaycan
animatorları da Nizami poeziyasının hikmətamiz misralarından
ruhlanaraq, dahi şairin əsərlərinin motivləri əsasında
“Fitnə” (1970, rejissor A.Axundov), “Şah və xidmətçi”
(1976, rejissor N.Məmmədov), “Xeyir və şər” (1980,
rejissor N.Məmmədov) filmlərini yaratmışlar. Bu gün nəinki uşaqlar, hətta böyük
yaşlı tamaşaçılar da tərbiyəvi əhəmiyyətə
malik həmin animasiya filmlərinə maraqla baxırlar.
Bütün bu görülən
işlərə baxmayaraq, Azərbaycan
kinematoqrafçıları dahi şairin həyat və
yaradıcılığına az müraciət
etmişlər. Bu baxımdan kino işçilərimiz
böyük Nizamiyə borcludurlar. Sənətkarlarımız
bütün dövrlərin mütəfəkkir şairi və
filosofu Nizami Gəncəvinin yaradıcılığına
bundan sonra da dönə-dönə müraciət etməli,
onun həyat və yaradıcılığından ilhamlanaraq
dəyərli sənət əsərləri
yaratmalıdırlar.
Aydın Kazımzadə,
Əməkdar
incəsənət xadimi
Mədəniyyət.-
2012.- 25 iyul.- S. 10.