“Çahargah”ın
Sabiri
Ötən illərin
mahnıları
Onu
özündən daha əvvəl səsi tanıtdı. Hər kəs onu qeyri-adi
səsində, fərqli avazında, şaqraq
zəngulələrində sevdi, saydı.
Sadəliyi, xoş xasiyyəti, xalq dilində danışıq-oxusu ilə sənətkar
məqamına və ən sonda «Çahargah» zirvəsinə yetişdi.
Bir muğam, bir ifası ilə milli musiqi xəzinəmizdə Sabir
Mirzəyev adlı sənət adı, ünvanı, istinad yeri yaratdı. Sənətkar
kimi fani dünyada qazancı da bu oldu. Xoşbəxt o sənətkardır ki, onun ən böyük sərvəti
məhz səsi, sənəti, xalq sevgisidir.
Ömrün şən çağları
vardı
Tanınmış xanəndə, Əməkdar artist Sabir Mirzəyev. Amma bütün bunlardan əvvəl o, el-obada, doğma xalqının arasında təkrarsız səsli Sabir, böyük el sənətkarı Nüsrətin oğlu Sabir kimi tanındı, sevildi, yaşadı, yaratdı.
O, 1942-ci il noyabrın 14-də Cəlilabad rayonunda, tanınmış xanəndə Nüsrət Mirzəyevin ailəsində dünyaya göz açıb. Atası cənub bölgəsinin məşhur xanəndəsi olsa da, Bakıya gəlməmiş, sənət həyatını əyalətdə davam etdirmişdi. Oğlu Sabirin oxumasına, bülbül cəh-cəhini xatırladan səsinə isə o, 6-cı sinifdə oxuyarkən diqqət yetirmişdi. "Xanəndə olmaq istəsə, əziyyət çəkib özü öyrənəcək, gözünün qabağında bu boyda müəllim var..."- demişdi. Uşaqlıq illərinə qayıdarkən bu məqamları xüsusi təbəssümlə xatırlayan sənətkarla müsahibələrimin birində onun həyat məqamları üzərində daha çox dayandım. Keçmiş günlərinə qaytarmaq istədim onu.
- Cəlilabadın Bayxanlı kəndində doğulmuşam. Atam da o kənddə doğulub. Amma babalarım Cənubi Azərbaycanın Qaradağ vilayətindəndir. O yerlərin hamısını öz gözümlə gördüm və anladım ki, şimalda Qarabağ, cənubda Qaradağ muğam beşiyi, musiqi məbədidir. Elə kəndimiz də Cənubi Azərbaycanla sərhəddə, dağlıq ərazidə yerləşir. Mən o kənddə böyüdüm, bir müddət sonra rayon mərkəzinə, Cəlilabada köçdük. Atam o vaxtlar el sənətkarı kimi çox tanınırdı. O vaxt kim toya çox gedərdisə, onu daha çox sevərdilər. Atam da Cəlilabaddan Salyana, Lənkəranadək hər yerdə sevilər, məclislərə dəvət olunardı. İnanın ki, heç boş günü olmazdı. Xalq onu o qədər çox sevirdi. Təbii ki, belə bir sənətkarın ocağında dünyaya gəlmək bizi də musiqi, muğam vurğunu etdi. Kiçik qardaşım Habillə mən uşaq vaxtlarımızdan oxumağa başladıq. Evdə özümüz üçün zümzümə edərdik. Atam bizə qulaq asanda «Habildən oxuyan olacaq, sən heç. Çünki utancaqsan, bir az da dayılarına çəkibsən», - deyərdi. Amma mən bilirdim ki, səsim var, düzdür, atamın dediyi kimi, utancaq idim, mahnı oxuyanda təkliyə çəkilərdim. Təbim gələndə kəndin kənarındakı dağa qalxar və ürəyimdən gəldiyi kimi oxuyardım.
İlk uğur
Beləcə, aylar, illər keçir. Dağ döşündə, sakit yamaclarda “ilk konsertini verən” gənc Sabir utancaqlığını bir kənara atıb sənətinin ardınca getmək qərarına gəlir. Və bu məqsədlə müsabiqələrin birində iştirak edir. Bu barədə sənətkarın öz dilindən eşitdiklərimdən: «1957-ci il idi. Cəlilabadda orta məktəbdə oxuyurdum. SSRİ rəhbəri Xuruşşovun respublikamıza gəlişi münasibətilə «Çiçəklənən Azərbaycan» adlı festival keçirilirdi. Məni də məktəbdən o festivala yazdılar. Həmin yarışmada birinci yeri tutdum. Oxuduğum «Şahnaz» muğamı münsiflər tərəfindən çox bəyənildi».
Seyid Şuşinski ilə tanışlıq
Qalibiyyətindən həvəslənən gənc Bakıda böyük sənətkar, çox sevdiyi xanəndə Seyid Şuşinski ilə də görüşmək qərarına gəlir. Xatirələrdən daha bir məqam: «Müsabiqədə tar ifa edən gənclərdən biri məni Basin (indiki Füzuli) küçəsi, 58 ünvanına gətirdi. Seyidi görən kimi sevincimdən bilmədim nə edəm. O, məni dinlədi və bəyəndi: «Get, 17 yaşından sonra gələrsən, görək o vaxta səsin dəyişəcək, ya yox»,- dedi. Və mən rayona qayıtdım».
İlk qələbəsinin sevinci ilə rayona qayıdan 15 yaşlı Sabiri artıq hamı tanıyırdı. Bu qələbəsi sənətkar atasını həm təəccübləndirdi, həm də sevindirdi. 16-17 yaşına çatanda onu artıq nəinki Cəlilabadda, bütün cənub bölgəsində istedadlı xanəndə kimi tanıyırdılar. Günlərin birində Cəlilabadda toyda olan məşhur tarzən Bəhram Mansurov onun səsinə qulaq asıb bəyənir və ona mütləq Bakıya gedib muğam təhsili almağı tövsiyə edir. Atası isə onun Bakıya gəlməsinə etiraz edərək elə rayonda qalıb məclislərdə oxumağı məsləhət görür. Lakin böyük səhnələr və peşəkar təhsil onu Bakıya səsləyirdi.
O, arzularının ardınca gəlir
17 yaşında Bakıya gələn Sabir sənədlərini Asəf Zeynallı adına Musiqi Texnikumuna verir və qabiliyyət imtahanından «5» qiymət alaraq tələbə adını qazanır. Rayona qayıdan Sabir texnikuma qəbul olunmasını hamıdan gizlədir. Səbəb isə təbii ki, atası Nüsrət kişinin «Nə var e Bakıda, hazır oxuyansan, qal burda, məclislər səni gözləyir» deməsi olur. Buna görə də hələ ki, bu şad xəbəri atasından və hər kəsdən gizli saxlayır. Avqustun sonlarında atası ilə toy məclisində iştirak etmək üçün Bakıya gələn Sabir daha rayona qayıtmır.
Sənətkarı yenidən o günlərə apardım: «İndiki kimi yadımdadı. Avqustun 26-si idi, cəlilabadlı bir gəncin toyu münasibətilə Bakıya gəlmişdik. Məclis bitdi, qayıdanda Beşmərtəbə deyilən ərazidə maşını saxlatdırıb düşdüm. Təəccüblə mənə baxan atama «Mən Musiqi Texnikumuna qəbul olunmuşam. Siz gedin, mən qalıb dərslər başlayana qədər özümə kirayə ev axtaracam»,- dedim. Və beləcə, təhsilə başladım. Xoşbəxtlikdən sənət müəllimim Seyid Şuşinski oldu. Muğamımızın ağa sənətkarı ilə texnikumda dərslərdən doymaz, evinə də gedər və ondan daha çox şey öyrənməyə çalışardım. Ona görə də birinci kursda oxumağıma baxmayaraq, yuxarı kursların muğamlarını da bilirdim. Beləcə, Seyid, Xan əmi, Zülfü Adıgözəlov kimi sənətkarlardan muğamın sirlərini öyrəndim».
İlk lent yazısının sevinci və...
Gənc xanəndənin sorağı
tezliklə aləmə
yayılır. Gözəl tarzənimiz
Hacı Məmmədov
da Sabirin sorağını duyur və onun səsini
lentə köçürmək
qərarına gəlir.
1961-ci ildə xanəndənin ifasında
«Mirzə Hüseyn» segahı lentə köçürülür. Sabir Mirzəyev o günləri belə xatırlayırdı: “Doğrudan
da ifa çox
gözəl alındı,
radioda tez-tez səsləndirilməyə başladı.
Lakin təxminən 6 aydan sonra yenidən o yazını səsləndirmək
istədikdə itdiyini
dedilər. Düzü,
o vaxt çox pis oldum, ətrafa
soraq saldım ki, bəlkə bu lent yazısı kimdəsə var. Lakin fonddan yoxa çıxan
yazı tapılmadı”.
Filarmoniya səhnəsində ilk çıxış
1961-ci ildə, 2-ci kursda oxuyarkən Azərbaycan Dövlət Filarmoniyası
səhnəsində çıxış
edən Sabirin ifası televiziya ilə də yayımlanır. İlk konsert
və ilk televiziya çıxışı gənc
müğənnini daha
da həvəsləndirir.
Bir müddət rayona qayıdıb orada mədəniyyət evində
bədii rəhbər
kimi fəaliyyət göstərən S.Mirzəyev
ailə həyatı qurduqdan sonra yenidən Bakıya qayıdır. «Əslində rayonda da yaxşı işləyirdim, daim toy məclislərində olurdum.
Amma bütün bunlar məni xoşbəxt etmirdi. Daim Bakıya, böyük səhnəyə can atırdım.
Sənətkar dostlarımı televiziya
ekranından görəndə
mən də həvəslənirdim. Beləcə, anladım ki, mən rayonda qala bilmərəm. Yenidən və bu dəfə
həmişəlik Bakıya
qayıtdım».
Bu qayıdışla
məqsədlərinə doğru
addımlamağa başlayan
xanəndə artıq
televiziya ekranlarında,
konsertlərdə tez-tez
görünürdü. 1965-ci ildə Baba Salahovun ansamblının müşayiəti
ilə lentə köçürülən «Bəstə
Nigar» və «Nisar» təsnifləri ilə xanəndə sənətdə, muğam
ifaçılığında möhürünü vurur.
Artıq
hər kəs onu «Bəstə Nigar» Sabir kimi
tanımağa başlayır.
İpə-sapa yatmayan səs və sənətkar
Onun səsi kimi
xarakterinin də ipə-sapa yatmadığını
deyirdilər. Elə buna
görə də haqqında müəyyən
fikirlər də dolaşır, onun əhval adamı olduğu, istəməsə
hər hansı konsertə, səs yazılışına, televiziya
verilişinə getmədiyi
barədə tez-tez danışırdılar. Mərhum sənətkar bu fikrə də
özünəməxsus təbəssümlə
cavab verərək belə deyirdi: «Qədirin «Sona bülbüllər»i kimi, mənim də «Bəstə Nigar» və «Çahargah»ım
tam başqa, o zaman qəbul olunmuş ifaçılıq məktəbindən
fərqli idi. Bəlkə ona görə belə düşünürlər.
Bu yeni ifa
tərzi xalq tərəfindən də
çox böyük məhəbbətlə qəbul
olundu və beləcə, bizim ifamızla yanaşı, şəxsiyyətimiz, xarakterik
keyfiyyətlərimiz də
söhbət mövzusu
oldu. Əslində, bu, mənim
çox xoşuma gəlir».
«Çahargah»la sənət
zirvəsində
Onu bir sənətkar
kimi sənətin zirvəsinə yetirən məhz «Çahargah» muğamı oldu.
Nə idi bu ifadakı sirr, nə idi səsin
bu əsrarəngiz muğama hopan ilahi məqamı?! Yəqin mənim kimi əksər jurnalistlər
ona bu barədə
sual vermişdilər.
Bu sualın cavabında
sənətkar «Qoy olduğu kimi yenidən danışım»
dedi və sözə başlardı:
«Bir neçə sənət dostumla bir məclisdə əyləşmişdik. Orada Adil
Bəbirovun Xalq artisti Rübabə Muradovanın ifasında mahnıları lentə yazdığını dedilər.
Yığışıb studiyaya getdik.
Ansamblın və səsyazma avadanlıqlarının
işə salınmasına
baxmayaraq, Rübabə
xanımın o məqamda
səsinin yerində olmaması üzündən
lent yazılışı alınmadı.
Və birdən-birə Adil müəllim məndən
səsimin yerində olub-olmadığını soruşdu.
Məndən müsbət
cavab aldıqdan sonra «4 saat vaxtımız
var. Gəl, sənin səsini yazaq»,- dedi. Təbii
ki, o vaxtkı bədii şura və lent yazılışının
icazəli olması faktını xatırlatdım.
Adil müəllim «heç nə olmaz, lent yaxşı olsa, heç kim etiraz
eləməz, gəl,
səsini yazaq», dedikdə mən razılaşdım. 20 dəqiqəlik məşqdən
sonra «Çahargah», «Dəşti» və «Aşiqəm»i oxudum.
Bir dəfə də fasilə etmədən, qüsursuz-filansız
bir lent yazısı alındı. Yazı həmin həftə
televiziya və radioda səsləndirildi.
Beləcə, Sabir Mirzəyev
«Çahargah» Sabir oldu. Əslində 1965-ci ildən, yəni
bu lentin yazılışından öncə
«Çahargah»ı Seyid
üçün oxumuşdum.
O, qulaq asdıqdan sonra «Bu ifan tor atacaq»,- demişdi.
Amma mən təbii ki, o vaxtlar bu
sözün fərqinə
varmamışdım».
Sənətkarın oxuduğu "Çahargah"
və "Rast" muğamları bu gün televiziya və radionun “qızıl fond”unda saxlanılır. Onun
təkrarsız səsindən
yadigar qalan muğamlarla yanaşı,
"Qarabağın maralı",
"Şuşanın dağları",
"Nazlana-nazlana", "Gülə-gülə", "Aşiqəm" kimi xalq mahnıları da sevə-sevə dinlənilir.
Ömür kitabının
son səhifəsi
Dünyaya gəlişimizdə nağıl-noğullu, qayğısız
uşaqlığımızın rəngli kitabları ilə aldanıb, sonra elm, təhsil arxasınca yüyürüb
sonsuz aləmə dalırıq. Hamımızın bir ömür kitabının yazıldığını
və nə vaxtsa onun kimlərsə
tərəfindən oxuna
biləcəyini unudaraq
yaşayırıq bu
həyatı. Əməllərimiz köçür bu kitabın hər vərəqinə, hər
səhifəsinə. Nəhayət, həyat kitabımızın
son səhifəsinə yetişirik.
Sabir Mirzəyevin ömür kitabının da beləcə, son səhifəsi
yazıldı və oxundu. Ağır ürək-damar xəstəliyindən
əziyyət çəkən
sənətkar 2011-ci ilin
iyulunda, ömrün
69-cu yayında həyata
vida etdi. Ömrün
son səhifəsinin son misraları
dədə-baba yurdunda,
Cənubi Azərbaycanın
Təbriz şəhərində
yazıldı. Səs, sənət
yazısı isə əbədi olaraq onun ününün yetə bildiyi ənginliklərdə, məhəbbətinin
kök saldığı
qəlblərdə qaldı.
Həmidə Nizamiqızı
Mədəniyyət.-
2012.- 25 iyul.- S. 13.