Mədəniyyət
sahəsində əlaqələrimizin geniş
potensialı var
“Azərbaycan və Almaniya
sənətçiləri arasında müntəzəm mədəni
mübadilə çox vacibdir.
Biz səfirlik olaraq buna təşəbbüs göstərir və
bu addımları dəstəkləyirik”
Müsahibimiz Almaniyanın Azərbaycandakı səfiri
Herbert Kvelledir
- Cənab
səfir, bu il Azərbaycanla Almaniya arasında diplomatik əlaqələrin
qurulmasının 20 ili tamam olur. Ölkələrimiz
arasında qarşılıqlı əlaqələri necə
dəyərləndirirsiniz?
- Azərbaycanla Almaniya arasında ənənəvi
olaraq yaxın və etibarlı əlaqələr mövcud
olub. Xalqlarımız arasında dostpərvər münasibətlərin
iki əsrə yaxın tarixi var. 1819-cu ildə buraya gələn
almanlar Helenendorf qəsəbəsinin (indiki Göygöl şəhəri)
və Azərbaycanın qərbində digər
yaşayış məskənlərinin əsasını
qoyublar. Almaniya Azərbaycanın müstəqilliyini tanıyan
ilk dövlətlərdən biri olub. Ötən 20 ildə iki
ölkə arasında münasibətlər müxtəlif sahələrdə
inkişaf edib. Almaniyanın GTZ təşkilatı uzun illərdir
ki, Azərbaycanla texniki əməkdaşlıq sahəsində
müxtəlif layihələr həyata keçirir. Bu əməkdaşlıq
Azərbaycanda yüksək qiymətləndirilir. Maliyyə əməkdaşlığı
sahəsində Almaniya Kreditanştalt für Videraufbau (KFV)
bankının timsalında Azərbaycanın əhəmiyyətli
tərəfdaşıdır. Azərbaycanlılar alman məhsullarını
sevirlər. Alman enerji şirkətləri olan RWE və E.ON Cənubi
Qafqaz Dəhlizinin əhəmiyyətli neft layihələrində- Nabucco və TAP-da iştirak edir. Azərbaycan
artıq Almaniyanın mühüm neft təchizatçısıdır
və yaxın gələcəkdə qaz təchizatının
diversifikasiyasına da yardım edəcək.
- İki ölkə arasında mədəniyyət
sahəsində əlaqələrin səviyyəsi necə,
qaneedicidirmi? Bu xüsusda qarşılıqlı mədəniyyət
həftələri əməkdaşlığa nə dərəcədə
təsir edir?
- Digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əlaqələrimizin böyük potensialı var. 2008-ci ildə Almaniyada Azərbaycan Mədəniyyəti Günləri yüksək səviyyədə keçirildi. Eyni zamanda, səfirlik olaraq 2009-2010-cu illərdə Azərbaycanda “Almaniya həftələri" şəklində 50-dən çox tədbir keçirdik. Böyük təşkilatçılıq və maliyyə resursları onların icrası üçün vacibdir. Belə ölçüdə proqramlar tez-tez icra oluna bilməz. Mədəniyyət həftələri digər tərəfdaş ölkənin mədəniyyətini daha yaxşı başa düşməyə, öyrənməyə kömək edir, real maraq yaradır. 2019-cu il üçün maraqlı bir şey planlaşdırmalıyıq. Bu baxımdan Azərbaycan və Almaniya sənətçiləri arasında müntəzəm mədəni mübadilə çox vacibdir. Biz səfirlik olaraq buna təşəbbüs göstərir və bu addımları dəstəkləyirik. Azərbaycanın bir çox musiqiçi, rəssam və mədəniyyət xadimləri Almaniyada çalışır, hətta orada daimi yaşayırlar. Ən yaxşı misal kimi Berlin-Bakı qalereyasının fəaliyyətini, yaxud hazırda Almaniyada yaşayan tanınmış caz ifaçısı Əzizə Mustafazadənin adını qeyd etmək olar. Almaniyada Alim Qasımov və Sevda Ələkbərzadə kimi tanınmış müğənnilərin ifaları lentə yazılıb. Bu il biz beşinci dəfə «Almaniya azərbaycanlıların gözləri ilə» adlı açıq rəsm müsabiqəsini keçirdik. Müsabiqəyə 60-dan çox əsər təqdim olunmuşdu. Öz sponsorlarımıza minnətdarıq ki, biz üç ən yaxşı incəsənət əsərinin müəllifini Almaniyaya 3 həftəlik səfərə dəvət edə bildik.
- Eşitdiyimizə görə,
özünüz də incəsənətə yaxın adam
kimi mədəniyyət tədbirlərində bilavasitə
iştirak edirsiniz.
- Həvəskar musiqiçi, bəstəkar
və yazıçı kimi mən Bakının musiqi səhnəsində
fəal iştirak etməyi xoşlayıram. 2011-ci ilin noyabrında əla akustikası olan Beynəlxalq Muğam Mərkəzində
xeyriyyə konserti təşkil etdim. Rain və Ramin Sultanovlar, Ruslan Hüseynov və Elçin Şirinov kimi tanınmış, peşəkar Azərbaycan
musiqiçiləri mənim mahnılarımı ifa etdilər. Buna görə
özümü çox
xoşbəxt hiss etdim.
Biz “Kapellhaus"
Alman-Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətini
dəstəkləyirik. Əldə olunan vəsaitin
bir hissəsi иля “Kapellhaus" Alman-Azərbaycan Mədəniyyət
Mərkəzinə dəstək veririk. “Kapellhaus" gənc Azərbaycan musiqiçilərinin
ilk konsert təcrübələrini
nümayiş etdirmək üçün
toplaşdığı məkana çevrilib.
- Necə
düşünürsünüz, ölkələrimiz
arasında mədəni əlaqələri inkişaf etdirmək
üçün daha nələr etmək lazımdır?
- Qeyd etdiyim kimi, ikitərəfli əlaqələrimizin
böyük potensialı var. Eyni zamanda, həlli gərəkən bir sıra məsələlər də mövcuddur. Məsələn, fərdi hallarda bir müəllim kimi alman dilini
tədris etmək üçün Azərbaycana
səfər edən alman mütəxəssislərin
qeydiyyat prosesində çətinliklər
var. Buna görə
"Geniş mədəniyyət" (“Kulturweit”) proqramının könüllüləri
Azərbaycana gələ bilmirlər. Almaniya
ilə Azərbaycan arasında mədəni əməkdaşlıq
üzrə saziş hələ 1995-ci ildə
imzalansa da, indiyədək
ratifikasiya olunmayıb. İndiyədək
bu saziş şərti
tətbiq edilir. Bu məsələnin
həlli mədəni sahədə əlaqələrin
inkişafına da əlavə zəmin
yaratmış olar.
- Almaniyanın Bakıdakı səfirliyi
olaraq mədəni əməkdaşlıqda hansı prioritetləriniz
var?
- Hər bir layihənin həyata
keçirilməsi müvafiq təşkilatçılıq və
maliyyə resursları tələb edir. Lakin
mən inanıram ki, biz
hətta məhdud kadr resursları və
maliyyə imkanları ilə də Azərbaycanla mədəni
əməkdaşlığa töhfə verə bilərik. Məsələn,
rəssamlar və mədəniyyət xadimləri, DAAD (Almaniya Akademik Mübadilə
Xidməti) məzunlarını və bu təşkilatın
mədəni əlaqələrimizdə körpü
rolunu oynayan təqaüdçülərini
göstərmək olar. Bu
baxımdan səfirliyin mədəni sahədə fəaliyyəti
burda təmsil olunan
vasitəçi təşkilatlar, xüsusilə Göte İnstitutu və
DAAD tərəfindən dəstəklənir.
- XIX əsrin əvvəllərində
almanların Azərbaycanda məskən salmasından söz
açdınız. Bu tarixi izlərin qorunub
saxlanılması barədə nə deyə bilərsiniz?
- Mən 5 dəfə
Göygöldə olmuşam. Sonuncu dəfə öz
xanımımla iyunun sonlarında oraya xüsusi turist səyahəti etdim. Tarixi məkanda aparılan bərpa işlərindən
çox təsirləndim. Eyni
pozitiv inkişafı Şəmkirdəki alman kilsəsində də görmək olar. Bu işlər Azərbaycan
dövlətinin mədəni irsə nə dərəcədə
diqqətli olmasını göstərir. Alman
ekspertlərinin abidələrin qorunması və bərpası
ilə bağlı buraya səfərləri
də bu işə müəyyən
töhfə verir.
- Gəlin, bir qədər geri qayıdaq. Azərbaycana
səfir təyin olunmağınızı necə
qarşıladınız? Buraya gələnə qədər
ölkəmiz haqqında
nələri bilirdiniz?
- Bu, mənim üçün xoş bir sürpriz oldu. Çünki Bakı mənim
səfirlikdə çalışmaq
üçün müraciət
etdiyim yerlərdən
biri idi. Bakıya gələnə qədər
Londondakı alman səfirliyinin iqtisadiyyat şöbəsinin rəhbəri
idim. Londonda Avropa Azərbaycan
Cəmiyyətinin fəaliyyəti
ilə tanışlıq,
həmkarlarımızın tövsiyələri və
muğam-caz musiqiniz məndə Azərbaycana böyük maraq yaratdı. Buraya gələnədək heç vaxt Qafqaza səfər etməmişdim. Bunu bilirdim
ki, başqa sovet respublikaları kimi mürəkkəb dəyişiklik içərisində
olan bir ölkəyə gələcəyəm.
Həmçinin onu da bilirdim ki, bu
dəyişiklik böyük
neft-qaz yataqlarının
istismarı sayəsində,
xüsusilə dinamik şəkildə gerçəkləşir.
- Yəqin burada olduğunuz müddət sizə azərbaycanlılar və
almanlar arasında oxşar və fərqli xüsusiyyətləri
müşahidə etməyə
də imkan verib. Bu xüsusda
hansı təəssüratlarınız
var?
- Bu sualı cavablandırmaq diplomat üçün
çətindir. Buna baxmayaraq, sualdan qaçmayacağam. Azərbaycan tarixən
müxtəlif mədəniyyətlərin
kəsişməsində yerləşib.
Bu, xalqınızın mentalitetində də öz izlərini qoyub. Mən azərbaycanlıları qonaqpərvər, tolerant xalq
kimi xarakterizə edərdim. Bu tolerantlıq, xüsusilə
özünü dində
göstərir. Bu mənada Azərbaycan regionda nümunədir.
Mən və xanımım Azərbaycan kişilərində
xüsusi bir müşahidə də aparmışıq. Onlar məclislərdə,
toylarda, başqa musiqili mərasimlərdə
rəqs etməyi sevirlər. Almanlarda hər bir işdə təşkilatçılıq,
dəqiqlik mühüm
xüsusiyyətdir. Burada çox
şey son dəqiqələrdə
təşkil olunur və çox tez improvizə edilir. Almanlara nisbətən azərbaycanlı
sürücülər daha
çox səbirsiz və hövsələsizdilər.
- Mədəni
tədbirlərə, teatra,
opera tamaşalarına, konsertlərə
getməyə vaxt tapırsınızmı?
- Mən müntəzəm olaraq hər cür mədəni tədbirlərdə
iştirak edirəm. Muğam elementlərinin caz ilə sintezini xüsusilə sevirəm.
Bakıdakı klassik konsertlər
və operalar öz yüksək keyfiyyəti ilə gözəldir. Lakin düşünürəm
ki, teatr və konsertə gələn bəzi adamlar artistlərin oyununa daha çox
hörmət göstərə
bilərlər. Məsələn, ariya oxunanda və ya orkestr
ifa edən zaman insanların söhbəti və ya mobil telefonların
zəngi mənim üçün qəbuledilməz
haldır.
- Ölkələrimiz
arasında turizm əlaqələri ilə
bağlı nə deyə bilərsiniz?
- Ümumiyyətlə,
burada da böyük inkişaf potensialını görürəm.
Ölkələrimiz arasında birbaşa
və dolayı aviareyslər var ki, bu da
gözəl səyahət
əlaqələrinə imkan
yaradır. Hazırda Azərbaycana
gələn almanlardan
daha çox azərbaycanlılar Almaniyaya
səfər edir.
Azərbaycan təkcə hotel infrastrukturunun inkişafına
investisiya qoymur, həmçinin xidmət sektorunda peşəkarlığın
artırılmasına, kadr
hazırlığına da
böyük önəm
verir. Azərbaycan Turizm İnstitutunun
bu xüsusda fəaliyyətini ayrıca
qeyd etmək istərdim. İnstitut Almaniyanın Yade
Universiteti ilə sıx əməkdaşlıq
edir. Almaniyanın da təklif
etdiyi peşəkar təlimin birləşməsi
ilə ATİ-nin fəaliyyəti inkişaf
edən turizm sənayesində yaxın gələcəkdə yaxşı
nəticələr verəcək.
- Azərbaycanda
olduğunuz müddətdə
regionlara, tarixi yerlərə səfər
etmək imkanınız
olubmu?
- Xanımımla
bu günlərdə Gəncə, Şəki və Qəbələdə
olduq. Göygöl və Şəmkirə
səfərlər etmişik.
Biz həmçinin vaxtilə İkinci Dünya müharibəsindən
sonra alman əsirlərinin saxlanıldığı
ən böyük düşərgənin yerləşdiyi
Mingəçevirdə də
olduq. Orada 700-ə yaxın qəbir var. Mən şəhər rəhbərliyinə
məzarlığın yaxşı
vəziyyətdə saxlanılmasına
görə təşəkkür
etdim. Bu yaxınlarda Şəkidə
olarkən Kiş kəndində gözəl
bərpa edilmiş alban kilsəsinə də baş çəkdik. Sonra Zaqatalada
olduq. Qəbələdən Bakıya geri
dönərkən Lahıca
baş çəkdik.
Qubadan Xınalığa getmək
də bizim üçün çox maraqlı səyahət oldu. Sentyabrda 17 yaşlı qadınlar
arasında U-17 futbol üzrə dünya çempionatı ilə əlaqədar olaraq Lənkərana getmək və sentyabrın 30-da Uruqvay və Almaniya arasında keçiriləcək oyunu
izləmək planım
var. Bu, bizə Azərbaycanın
cənubunu görməyə
imkan verəcək.
- Milli mətbəximiz haqqında
fikirləriniz maraqlı
olardı...
- Azərbaycanın
milli mətbəxini ənənəvi hesab edirəm. Bu mətbəx
əsasən təzə
emal olunan yerli ət, balıq, tərəvəz
və meyvə məhsullarına əsaslanır.
Mən çəhrayı rəngə
çalan qızartma ətə üstünlük
verirəm. İncə bişirilmiş
dolma və plov mənim üçün ləziz yeməklərdir. Qəlyanaltılarınız da çoxçeşidlidir.
Mürəkkəb hazırlanmış
souslara və yeməklərin dadını
dəyişən ədviyyatlara
mətbəxdə az rast gəlinir.
Onlara daha çox alman və fransız
mətbəxində rast
gələ bilərsiniz.
Mehparə Sultanova
Mədəniyyət.- 2012.-
25 iyul.- S. 5.