Mədəniyyət və turizm naziri tanınmış müğənni və bəstəkar Sami Yusiflə görüşüb

 

   "Küçələrə su səpmişəm" Azərbaycan xalq mahnısı ingilis dilində səslənəcək

  

   İyulun 20-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dünya şöhrətli Azərbaycan əsilli müğənni və bəstəkar Sami Yusiflə görüşüb.

  

   Sami Yusif Bakıya səfərinin əsas məqsədini açıqlayaraq bildirib ki, "Küçələrə su səpmişəm" Azərbaycan xalq mahnısını ingilis dilində ifa etmək və mahnıya klip çəkdirmək niyyətindədir.

   Ölkəmizin mədəniyyət, təbiət və tarixi abidələrinə heyran olduğunu deyən qonaq müasirliktarixiliyi bir arada birləşdirən Azərbaycanın dünyada, Avropada, Amerikada daha geniş tanıdılmasına töhfə vermək istədiyini vurğulayıb.

   Müğənninin layihəsini bəyəndiyini bildirən nazir Əbülfəs Qarayev Sami Yusifin dünya miqyasında aktiv musiqi fəaliyyətini xüsusi qeyd edərək, onun Azərbaycanla bağlı əməkdaşlığının gələcəkdə davamlı olacağına ümid etdiyini deyib. Qeyd edilib ki, çəkiləcək klip Azərbaycanın görməli yerlərini əks etdirməklə ölkəmizin turizm imkanlarının təbliğinə də xidmət etmiş olacaq.

   "Küçələrə su səpmişəm" mahnısını artıq ingilis dilinə tərcümə etdiyiniilkin versiyanı hazırladığını nəzərə çatdıran müğənni mahnının bir bəndini Azərbaycan dilində oxuyacağını bildirib.

   Mahnıya çəkiləcək klipdə Azərbaycanın təbiəti, tarixi məkanları əksini tapacaq. Klipin müştərək çəkilməsi nəzərdə tutulur.

   Görüşdə mahnının yazılması və klipin çəkilməsi ilə bağlı texniki məqamlar da müzakirə olunub.

   Nazir ad günü münasibətilə Sami Yusifi təbrik edərək, ona gələcək işlərində uğurlar arzulayıb və Azərbaycanla bağlı maraqlı layihələrə imza atacağına ümid etdiyini vurğulayıb.

   Qeyd edək ki, Britaniyada yaşayan Sami Yusif bir qədər əvvəl mətbuata verdiyi açıqlamada “Salam” adlı yeni albom hazırladığını və "Küçələrə su səpmişəm" mahnısını da alboma daxil edəcəyini bildirib.

 

 

  Mədəniyyət.- 2012.- 25 iyul.- S.3.