V
Qəbələ Beynəlxalq Musiqi
Festivalı başlandı
Festival Heydər
Əliyev Fondunun təşəbbüsü
və rəhbərliyi ilə keçirilir
İyulun 24-də Qəbələdə növbəti musiqi bayramına - Heydər Əliyev Fondunun təşəbbüsü və rəhbərliyi
ilə keçirilən IV Qəbələ Beynəlxalq Musiqi Festivalına start verilib.
Fondun musiqi sənəti sahəsində möhtəşəm beynəlxalq layihələrindən olan Qəbələ festivalı 2009-cu ildən ənənəvi olaraq təşkil edilir. Bir çox nüfuzlu sənətkarların, tanınmış musiqi kollektivlərinin iştirak etdiyi festival Azərbaycan və dünya musiqisi incilərinin səsləndiyi, musiqi görüşlərinin, müxtəlif tədbirlərin keçirildiyi sənət bayramıdır. Mədəniyyət və Turizm Nazirliyi festivala təşkilati dəstək verir.
Festival iştirakçılarına təqdim olunan bukletdə Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın salamlama nitqi yer alıb. Salamlama nitqində deyilir: “Qədim zamanlardan tolerantlıq ənənələrinin qorunub saxlandığı müxtəlif xalq və dinlərin nümayəndələrinin əsrlər boyu sülh içində yaşadığı, mədəniyyət və sivilizasiyalararası dialoqun təbliği və inkişafına daim öz töhfəsini verən Azərbaycan son illər musiqi və incəsənət festivallarının, konfrans və sərgilərin keçirildiyi məkan kimi tanınır. Fərəhləndirici haldır ki, müxtəlif mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə səbəb olan bu tədbirlər ildən-ilə daha böyük vüsət alır.
Cəmi
bir neçə ay bundan əvvəl ölkəmiz Avropanın ən
mötəbər yarışması olan
“Eurovision-2012” mahnı müsabiqəsinə ev
sahibliyi etdi və bu dəfə milliyyətindən, dinindən və
siyasi baxışlarından asılı olmayaraq, Bakıya toplaşan
bütün insanları musiqi
birləşdirdi. 2009-cu ildə Azərbaycanın gözəl
guşələrindən biri olan Qəbələdə Beynəlxalq Musiqi Festivalının keçirilməsi ilə
milli musiqi mədəniyyəti
tarixində yeni ənənənin təməli
qoyuldu. Beynəlxalq mədəni
əlaqələrin genişləndirilməsi, zəngin musiqi mədəniyyətimizin dünya
ictimaiyyətinə çatdırılması, xalqlar arasında qarşılıqlı anlaşma və dostluğun
möhkəmləndirilməsi işinə xidmət edən bu festival gözəl bir ənənəyə çevrilərək,
öz
beynəlxalq nüfuzunu ildən-ilə
artırır. İnanıram ki, hər il olduğu kimi, bir çox
dünya şöhrətli musiqi xadimlərinin iştirakı ilə
keçirilən builki festival
da unudulmaz musiqi bayramına çevriləcək və musiqi mədəniyyəti tariximizdə mənalı
səhifələrdən biri kimi qalacaq”.
* * *
Festivalın ilk günü dünya şöhrətli Azərbaycan müğənnisi və bəstəkarı, SSRİ Xalq artisti Müslüm Maqomayevin 70 illik yubileyi qeyd olunub. Mərasim böyük musiqiçinin məşhur “Azərbaycan” mahnısı ilə açılıb.
Yubiley tədbirində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev, millət vəkili Fəttah Heydərov, M.Maqomayevin həyat yoldaşı, SSRİ Xalq artisti Tamara Sinyavskaya, xalq artistləri Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə, tanınmış violonçel ifaçısı Dmitri Yablonski, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Tədbirdə
çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev Müslüm Maqomayevin zəngin
yaradıcılığından söz
açıb: “Bu gün
hər birimiz Müslüm
Maqomayev işığına
toplaşmışıq. Müslüm Maqomayev musiqisi daima hər bir kəsi öz ətrafına toplayıb, istənilən
insanı valeh edib və
yüksəkliyi ilə hər bir kəsi
sehrə salıb. Musiqi insanları daima yaxşılığa doğru
çağırır, birləşdirir, dostluğu
tərənnüm edir. Belə festivallara hər zaman ehtiyac var
və bu vacib faktordur”.
Müslüm Maqomayevin Azərbaycan
musiqisinin dünyada tanınmasına böyük
töhfələr verdiyini
vurğulayan nazir “O, illər, əsrlər keçsə də, heç bir zaman unudulmayacaq. Bu gün Müslüm
Maqomayevin musiqisi bütün dünyanı
riqqətə gətirir
və hamı bu möhtəşəmliyi
doymadan dinləyir”, - bildirib.
* * *
Sonra Müslüm Maqomayevin
70 illik yubileyinə həsr olunmuş konsert proqramı təqdim olunub. Konsert məşhur rus bəstəkarı Sergey Raxmaninovun
“Qəm etmə” və “Vokaliz” əsərləri ilə başlanıb. R.Ştrausun
“Serenada”, İ.Bramsın
“Yasəmən çiçəklənəndə”,
R.Şumanın “Fantaziştük”,
Ü.Hacıbəylinin “Sevgili
canan”, T.Quliyevin “Sənə də qalmaz”, M.Əhmədova və V.Mustafazadənin “Düşüncə”, T.Quliyevin
“Qəmli mahnı”, S.Rüstəmovun “İntizar”,
F.Bədəlbəylinin “Şuşa”,
Q.Qarayevin və C.Hacıyevin “Vətən”
operasından Mərdanın
ariyası, F.Çiaranın
“Espanyola”, V.di Paolonun, S.Taccani və M.Panzerinin “Come
Prima”, M.Maqomayevin “Odlar
yurdu” əsərləri
səsləndirilib.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru,
Xalq artisti, festivalın bədii rəhbəri Fərhad Bədəlbəylinin (piano), ABŞ və Rusiyanın dünya şöhrətli
məşhur violonçel
ifaçısı, “Yeni
Rusiya” Dövlət Simfonik Orkestrinin dirijoru, festivalın bədii rəhbəri Dmirti Yablonskinin, Azərbaycan Dövlət
Opera və Balet Teatrının solisti Fəridə Məmmədovanın
(soprano), Xalq artisti Murad Adıgözəlzadənin
(piano), Opera və Balet
Teatrının solisti,
Xalq artisti Əvəz Abdullayevin (bariton), Opera və Balet Teatrının və Ş.Məmmədova
adına Opera Studiyasının
solisti Səbinə Əsədovanın (messo-soprano),
teatrın solisti, Əməkdar artist Gülnaz
İsmayılovanın (soprano) iştirakı ilə səslənən musiqi nömrələri sürəkli
alqışlarla qarşılanıb.
* * *
İyulun 25-də festivalın rəsmi açılışı
keçiriləcək. Açılış konsertində
Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor Rauf Abdullayev) və Azərbaycan Dövlət Xor Kapellası çıxış
edəcək.
Avqustun 5-dək davam edəcək
musiqi bayramında Azərbaycandan və xarici ölkələrdən
görkəmli musiqiçilər,
bədii kollektivlər,
solistlər, dirijorlar iştirak edəcəklər.
Festivala Böyük Britaniya, Rusiya, ABŞ, İtaliya, Sloveniya, İsveçrə, Fransa,
Polşadan dünya şöhrətli dirijorlar,
musiqiçilər və
kollektivlərin - Kral Filarmonik Orkestri (Royal
Philharmonic Orchestra), Yuri Başmet və "Moskva solistləri" kamera orkestri, "Tartini" kvarteti, Şarl Dütua, Boris Berezovski,
Sergey Krılov, Dmitri Yablonski,
Klaudio Vandelli, Qriqori Kovalevski, Françeska Patane, Marco Kinqari, Andrey Yaroşinski, Aleksandr Çaykovski, Michal Nesteroviç,
Lisa de la Salle, Moyka Zlobko
və başqalarının
iştirakı gözlənilir.
Mədəniyyət.-
2012.- 25 iyul.- S. 2.